İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaksindən yayınan yeni ştam gəlir” iddiası - nə etməli?

894 03.10.2023 14:35 Yaşam A A

Mərdan Əliyev: “Peyvəndin modifikasiya olunmasına ehtiyac var”

COVİD-19-un yeni və daha yoluxucu ştamı meydana çıxıb. Bu “Pirola” adlanır. Yeni ştamdan danışan türkiyəli məşhur həkim-infeksionist, yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi Ümit Savaşçı xəbərdarlıq edib ki, “Pirola” vaksindən yayına bilər.

O, “Pirola”nın hazırda dünyada “eris” variantı qədər olmasa da, sürətlə yayıldığını söyləyib.

“Laboratoriya araşdırmaları virusun peyvənddən yayına biləcəyini göstərən simptomlar tapıb. Orqanizm onu fərqli bir virus kimi qəbul edə bilər”, - deyə mütəxəssis bildirib.

Bu səbəbdən həkim ehtiyat tədbirlərinə riayət etməyi və vaxtında mütəxəssisə müraciət etməyi məsləhət görüb.

Öz növbəsində amerikalı ekspert Georges Benjamin deyib ki, yeni ştam daha da yoluxucu olmasına baxmayaraq, öldürücü deyil: “Amma əsas problem odur ki, mövcud peyvəndlər daha az təsirlidir. Çünki virus hər dəfə mutasiyaya uğrayır. Bu isə vaksinlərin effektliyini azaldır”.

Məlumata görə, yeni ştamın özünəməxsus simptomu hələ ki aşkarlanmayıb. Bununla belə, “Pirola”ya yoluxanlarda ümumi əlamətlər - şiddətli ürəkbulanma, öskürək, boğazağrısı, burun axması, asqırma, yorğunluq, başağrısı, əzələ ağrıları və iybilmənin itməsi müşahidə olunur.

İnfeksoinist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a dedi ki, yeni ştamlar meydana çıxdıqca peyvənddən yayınma ehtimalı da çoxalır:  “Amma biz təbii şəkildə yoluxub sağalandan sonra isə əmələ gələn immunitet daha qoruyucu olur, hətta yeni ştamlara qarşı da. Bizdə də əhalinin əksər hissəsi xəstəliyə təbii şəkildə immunitet qazanıb. Peyvənd olunanlar da virusa yoluxub sağalıblar. Buna görə düşünürəm ki, bizdə problem olmaz. Əhalinin əksər hissəsində təbii immunitet var. Bu da daha qoruyucu sayılır. Çünki immunitet təbii şəkildə baş verib və təbii şəkildə baş verən immunitet koronavirusa qarşı daha qoruyucudur. Bu koronavirusun bütün ştamlarına qarşı da yenə eyni dərəcədə olmasa da, yeni ştamlara qarşı da  qoruyuculuq əldə edir. Biz müşahidə etdiyimizə görə yeni ştamlar meydana çıxdıqca onların virulent və patogenliyində azalma baş verir. Son çıxan ştamın hələ ki xüsusiyyəti öyrənilməyib. Amma ehtimal olunur ki, bunun da virulent və patogenliyi digərlərinə baxanda daha aşağı olsun. Ona görə fikrimcə, narahatlığa əsas yoxdur. Peyvənd hazırlananda artıq yeni vaksinlər yeni ştamları da əhatə etməlidir. "Eris"ə qarşı peyvənd sentyabrın sonlarında artıq hazır olmalı idi. Artıq yeni ştam çıxıbsa, demək ki, o peyvəndin də modifikasiya olunmasına ehtiyac var. Bundan sonra daha yeni peyvəndin vurulması daha məqsədəuyğun olacaq".      

merdan eliyev.jpg (118 KB)

Mərdan Əliyev 

Yeri gəlmişkən, son günlər uşaqlar arasında  yüksək hərarət, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi əlamətlərlə müşayiət olunan xəstəlik geniş yayılıb. Bəzi həkimlər bildirir ki, valideynlər uşaqlarını son anda, bədən suyunun quruduğu, uşağın tamamilə halsız vəziyyətə düşdüyü zaman gətirirlər. Bu xəstəliyin yeni virus olduğunu ehtimal edənlər də var. Mütəxəssislər isə hesab edir ki, ümumilikdə hər il payız mövsümündə kəskin respirator virus infeksiyalarına yoluxma dinamikasında müəyyən qədər artım olur. Mövsümi xəstəlik olaraq qiymətləndirilir. Qeyd olunur ki, qızdırma, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi hallar davamlı olacağı təqdirdə mütləq həkimə müraciət etmək lazımdır.

Bu arada, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkhove bildirib ki, EG.5 koronavirus variantının dünya üzrə yayılması COVİD-19 xəstəliyinin daha ağır gedişatına səbəb olmayıb. Çexiyada 4,7 milyard kron (təxminən 200 milyon avro) dəyərində olan 12 milyon dozadan çox koronavirus peyvəndinin müddəti bitdiyi üçün məhv edilib. Məhv edilmiş dərmanlar respublikanın pandemiya zamanı aldığı 35 milyon doza peyvəndin təxminən üçdə birini təşkil edir.

Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib ki, Rusiyada koronavirusa yoluxma hallarının artması müşahidə olunur. Şöbə müdirinin sözlərinə görə, risk qrupuna daxil olan insanlar mümkün fəsadlarını nəzərə almalıdırlar. Tənəffüs yolu xəstəliklərinin necə dövr etdiyi də nəzərə alınmalıdır. Səhiyyə Nazirliyi mövcud vəziyyəti izləyir", - deyə o əlavə edib.

Moskva vilayətinin Səhiyyə Nazirliyinin müstəqil pediatr-allerqoloq-immunoloqu Andrey Prodeus bildirib ki, BA.2.86 və ya “Pirola” koronavirusunun “Omikron” ştamı, artan yoluxuculuğuna görə virusun dövriyyədə olan digər ştamlarını sıxışdıra bilər. Mütəxəssis əlavə edib ki, Pirolanın yayıldığı ölkələrin məlumatları göstərir ki, bu virusa yoluxanda xəstəliyin şiddəti və ölüm halları artmır.

Rospotrebnadzorun rəhbəri Anna Popova isə deyib ki, ölkədə COVİD-19 virusunun yayılması ilə əlaqədar total maska rejiminin tətbiqi üçün heç bir əsas yoxdur. O qeyd edib ki, “peşəkar qruplar arasında” maska rejiminin tətbiqi üçün səbəblər ortaya çıxır. Bu, ilk növbədə tibbi-sosial müəssisələrin işçilərinə aiddir.

Qeyd edək ki, Azərbaycanda koronavirusla əlaqədar tətbiq edilən xüsusi karantin rejimini daha üç ay - 2024-cü il yanvarın 2-dək uzadılıb. Hazırda ölkədə karantin məhdudiyyəti demək olar ki, yoxdur. Yalnız respublikanın quru sərhədləri keçid üçün bağlı qalır.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR