İnsanlara hürriyət, millətlərə istiqlal!

Uzun olmayan ömrün son vergisi

5683 04.11.2022 11:20 Yaşam A A

Bir zamanlar ölkənin ən məşhur məmurlarından, ən varlı oliqarxlarından olan, 17 il ərzində vergilər naziri postunu tutan Fazil Məmmədovun vəfat etməsi barədə xəbər çox adam üçün gözlənilməz olmadı. Heç kim demədi ki, “baa, cavan idi, buna nə oldu”.

Onun səhhətində problem olduğu çoxdan bəlliydi. Hələ nazir postunda olduğu zaman, 40+ yaşındaykən Fazil Məmmədov yaşıdlarından xeyli yaşlı görünürdü. Fizionomiyasına baxanda düşünmək olmazdı ki, o, 1964-cü il təvəllüdlüdür. Görünür, bu, onun yaşam tərziylə, daima oturaq işlərdə çalışmasıyla və fizioloji mənada iştahı ilə bağlıydı. Sabiq nazir, necə deyərlər, artıq çəkiyə malik idi və bu, onun səhhətinə mənfi təsir göstərirdi.

Yenə də Fazil Məmmədov, yenə də xəstəlik... » "Dünya" informasiya agentliyi

Bir ara onun ciddi pəhrizə oturduğu barədə informasiyalar yayıldı. Ancaq yəqin ki, bu, məcburiyyət üzündən idi və belə anlaşılırdı ki, artıq gecdir, qiymətli vaxtlar itirilib.

İctimaiyyət arasında Fazil Məmmədovun reputasiyası birmənalı olaraq mənfiydi. Vergi sistemindəki bütün neqativ hallar, əyər-əskiklikər – hamısı onun adına yazılırdı. Bu, təsadüfi deyildi. Məhz bu şəxs bütöv bir pultoplama mexanizminə rəhbərlik edirdi, dövlət büdcəsinin formalaşmasını, xəzinənin maliyyə vəsaiti ilə dolmasını təmin edən 3-5 adamdan biriydi.

Vergü məmurlarının yerlərdə xırda sahibkarlarla davranışlarındakı mənfi halların, demək olar ki, hamısı nazirin adıyla bağlanırdı. Söz yox ki, xırda məmurlar bir çox hallarda öz varidatlarını artırmaq məqsədilə tamahkarlıq, insafsızlıq, əliəyrilikdilər edir və bunları edərkən nazirin adından yararlanırdılar. Ancaq o da aydın idi ki, toplanan vəsaitlərin bir çoxu dövlət büdcəsi ilə yanaşı, nazirlik rəhbərlərinin şəxsi büdcəsinə də gedir.

Bu mexanizmin sayəsində o, ölkənin ən varlı adamlarından birinə çevrilmişdi, xidmət, ticarət, iaşə sektorunda gəlirli müəssisələr təsis etmiş (əlbəttə, yaxın adamlarının adına), öz biznes imperiyasını yaratmışdı. O biri tərəfdən də yüksək dövlət vəzifəsinin verdiyi imkanlar hesabına sel kimi axıb gələn pullar nazirin varidatını günbəgün şişirdirdi.

Hamı onu şəmkirli və ya sonradan Şəmkirə gəlmiş ailənin övladı bilirdi. Fazil Məmmədov Şəmkirə doğrudan da gəlməydi, ancaq o, bu varlı-hallı rayona ökənin qərbindən yox, şərqindən – Şamaxıdan gəlmişdi.

777.jpg (31 KB)

Belə çıxır ki, karyerasının əvvəllərində - 1987-1989-cu illərdə Gəncədə bank iqtisadçısı, kassa müdiri vəzifəsində çalışan, sonralar Bakıda ixtisası üzrə bir neçə daha böyük vəzifələri tutan Fazil Məmmədovun siyasət və biznes sahəsindəki uğurları 1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri vəzifəsinə təyinat aldıqdan sonra başlayıb. Onun bu rayonda qazandığı hörmət, pul, nüfuz sonrakı nailiyyətləri üçün tramplin olub. F.Məmmədov 31-32 yaşındaykən - 1995-1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, daha sonra Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

1999-cu il iyun ayının 20-də isə o, Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib. 2000-ci ildə müfəttişlik nazirliyə çevrilib və F.Məmmədov vergilər naziri təyin olunub. 17 il ərzində ölkənin baş vergiyığanı vəzifəsində işləyən Fazil Məmmədovun vəzifəsindən kənarlaşdırılmasının əsas səbəbi, deyəsən, daha çox səhhətindəki problemlə bağlı olub. Yoxsa alkoqola meylini heç cür dəf edə bilməməsi, eləcə də vergi sferasındakı neqativ hallar onun karyerasını baltalaya bilməzdi. Elə olsaydı, vəzifədən çıxandan sonra o, cinayət məsuliyyətinə və ya hansısa ciddi təqib-təzyiqə məruz qalardı.

İndi yəqin ki, vaxtilə onun tabeçiliyində işləyənlər, ondan yaxşılıq görənlər (əl-əlbət belələri var) Fazil Məmmədovu yaxşı insan, bacarıqlı kadr, işgüzar partnyor kimi xarakterizə edirlər. Həmişə belə olur. Hər kəs öz şəxsi münasibətlərini önə çıxarır. Buna “mənə dəyməyən qurd yüz il yaşasın” prinsipi ilə rəy bildirmək deyirlər.

776.jpg (41 KB)

Amma baxaq görək, Fazil Məmmədov nazir olduğu illərdə qoynunda böyüdüyü xalq üçün, hesabına milyonçu olduğu dövlətdən ötrü faydalı olubmu?

Bu sualla minlərlə adama müraciət etsək, yüz faiz olmasa da, 90 faiz mənfi cavab alacağıq.

Bu boyda pulu, vəzifəsi, əlaqələri, hər cür imkanı olan şəxsin nisbətən erkən yaşda həyatını itirməsi bir daha sübut edir ki, insan oğlu dünyanın faniliyini qəbul etməlidir, anlamalıdır ki, başqalarına iztirab çəkdirmək, var-yoxdan çıxarmaq hesabına toplanan varidatın əbədiliyi və xilasediciliyi yoxdur. O, insanı ölümsüz etmir. Hərənin bir can borcu var, onu milyarder də verir, kasıb da. Bu vergidən qaçmaq mümkün deyil.

Xalid Kazımlı

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR