İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST-dən kütləvi peyvənd çağırışı

3706 25.08.2022 10:10 Yaşam A A

Azərbaycanın ehtiyatı nə yerdədir? İnfeksionist: “Hər kəsin vaksin olunması vacib deyil, ancaq...”

“Bütün tibb işçiləri və 60 yaşdan yuxarı insanlar koronavirusa qarşı peyvənd olunmalıdırlar”. Payız ərəfəsində bu çağırışı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus ÜST-nin Afrika üzrə Regional Komitəsinin 72-ci sessiyasında çıxışı zamanı dünya ictimaiyyətinə ünvanlayıb.

ÜST payız-qış aylarında “Omikron” ştamından qorunmaq üçün koronavirusa qarşı peyvənd olunanların sayını artırmağa və ictimai yerlərdə, qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda maska taxmağa, insanların sıx toplaşdığı yerlərdə havalandırmanı təmin eləməyə çağırıb.

Bəs payızda təzədən kütləvi vaksinasiya başlasa, Azərbaycanın kifayət qədər peyvənd ehtiyatı varmı? Əvvəl gətirilən peyvəndlərin yararlılıq müddəti qalırmı? Çünki adətən peyvəndlərin yararlılıq müddəti çox olmur.

Yeri gəlmişkən, son həftələrin statistik məlumatına nəzər saldıqda vaksin olunanların sayının azaldığını görürük. Elə günlər var ki, ümumiyyətlə vaksin olunmayanlar olur. Bu amilin yoluxma sayına, ağırlaşmaların olmasına təsiri olacaqmı?

Bu arada ÜST-ün Avropa Regional Ofisi son vaxtlar yoluxma sayının çoxalması səbəbinə aydınlıq gətirib:  “COVID-19-un yüksək yayılması hazırda ”Omikron" ştamının BA.5 alt növünün daha yoluxucu mutasiyası ilə əlaqələndirilir. Bunu yay turizmi və əvvəllər qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması ilə də izah etmək olar".

Eyni zamanda, ÜST-ün Avropa Ofisi virusdan qorunmanın və peyvəndin, o cümlədən buster dozanın vacibliyini xatırladıb.

Medicina.az - Yoluxma bir ay ərzində pik həddə çatacaq - İnfeksionist

Mərdan Əliyev

Həkim-infeksionist Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları söylədi: “Yaxınlarda Səhiyyə Nazirliyi də maska taxılmasının vacibliyini vurğulayıb. Həqiqətən də maskadan istifadə olduqca  zəruridir. Bu həm marşrut avtobusları, həm xəstəxanalar, həm də böyük ticarət mərkəzlərində tətbiq edilməlidir, hansı yerdə ki əhali sıx olur, həmin yerdə xəstəliyin yoluxma riski çoxdur. Belə olan halda da maska taxmaq vacibdir. Xüsusən xəstəxanalara xəstə şəxslər gedir, biz də ora başqa xəstəliklə bağlı müraciət etmişiksə, qripə, ya da koronavirusa yoluxa bilərik. Ona görə belə yerlər riskli hesab olunur. Maska taxılması vacibdir.

Amma görürük ki, fərdi şəkildə tövsiyə xarakterli müraciət edəndə effekt vermir. Biz həm avtobuslarda və dediyim digər yerlərdə maska taxılmasının şahidi olmuruq. Tək-tək şəxsin maska taxdığını görürük. Amma təbii ki, bu tövsiyə olunubsa, maska kütləvi şəkildə gərək istifadə olunsun. Yay olduğuna görə evlərdə otaqların, idarələrin havalandırılması mütəmadi olaraq edilir. Amma payıza doğru hava soyuq olduğu üçün havalandırma olmayacaq. Bu da yoluxma sayını artıran amildir. Bunu əsasən payız fəslində tövsiyə edərdim. Havanın soyuq olmasının ziyanı yoxdur, amma otağın havasının dəyişdirilməməsinin ziyanı var".

İnfeksionist əlavə edib ki, vaksinasiya prosesi artıq əvvəlki kimi çətin olmayacaq: “Bundan əvvəl vaksinlərin alınmasında problem oldu. Bəzi ölkələr ümumiyyətlə vaksin ala bilmədilər. İndi belə deyil. Yeni ölkələr var ki, vaksin istehsal edir. Əvvəldən vaksin istehsal edən ölkələrin firmaları istehsal gücünü kifayət qədər artırıb. Burada təbii biznes maraqları da var. Dünyada kifayət qədər vaksin var. Vaksinin saxlama müddəti 6 aydır. Azərbaycanda hazırda vaksin ehtiyatı var, vurulur da, ola bilsin ki, sayı azdır. Fikrimcə, istənilən vaxt vaksin ala bilirik, burada problem yoxdur.

O ki qaldı peyvənd olunanların sayına, bəli vaksin olunanların sayı indi azdır. İnsanlarda vaksin olunmağa stimul yoxdur. Əgər dövlət tərəfindən müəyyən qərarlar olsa, yenidən vaksin sertifikatı gündəmə gəlsə, insanlar vaksin vurduracaq. Amma indi hər kəsin vaksin vurdurması vacib deyil. Xüsusən də ötən bir il ərzində kimsə yoluxub, sağalıbsa və yüngül keçiribsə, belə şəxslərin vaksin olunması o qədər də vacib deyil. Amma risk qrupuna daxil olan şəxslər, yaşlılar, şəkər xəstəliyi olanlar, yanaşı ağciyər xəstəliyi olanlar, immun sistemi zəif olan şəxslər, onkoloji xəstələr mütləq  vaksin olunmalıdır".    

Qeyd edək ki, dünyada 602 586 773 nəfərdə koronavirus aşkarlanıb. Virusdan 6 476 461 xəstə ölüb, 577 339 440 nəfər sağalıb. Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (95 537 994), Hindistan (44 368 195 nəfər), Fransa (34 387 612 nəfər), Braziliya (34 311 323 nəfər) və Almaniyadır (31 921 578 nəfər). Sərhəd qonşularımız arasında Rusiyada 19 181 371, Türkiyədə 16 671 848, İranda 7 513 928, Gürcüstanda 1 723 087, Ermənistanda isə 432 274 nəfərdə koronavirus aşkar edilib. Azərbaycanda koronavirusa yoluxan 809 335 nəfərin 9 795-i ölüb, 795 900 xəstə müalicə olunaraq sağalıb.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR