İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqlarımızı, mətbəximizi zəhərləyən qablar - deputatdan SOS

1329 14.10.2023 09:09 Yaşam A A

Ekspertlər deputatın xəbərdarlığını dəstəkləyir: “Bu sahədə nəzarət gücləndirilməlidir”

“Müxtəlif yerlərdə şagirdlər üçün su qabları satılır. Özüm bir neçə mağazada yoxlamışam. Satışda çox keyfiyyətsiz su qabları var”.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Naqif Həmzəyev bildirib.

“Buna ümumiyyətlə nəzarət olunmur. Bir neçəsini aldım, içərisində su saxladım, üç gündən sonra iy verir və ya orada göbələklər əmələ gəlir. Biz diqqətimizi polietilen torbaya yönəltmişik, amma böyük problem olan su qablarının monitorinqi də aparılmalıdır. Ciddi nəzarət mexanizmi qurulmalıdır ki, uşaqlarımızı zəhərləməyək. Əks təqdirdə uşaqlarımız başqa xəstəliklərə yoluxacaq”, - o deyib.

Deputatın bu açıqlaması SOS kimi qiymətləndirilməlidir. Azərbaycanda qida qabları satışında ciddi problemlər var. Bir çox hallarda mətbəxdə istifadə üçün alınan plastik qabların standartının heç də qidaya uyğun olmadığı aşkarlanır. Hətta çörək qablarının da belə standartdan kənar olduğuna rast gəlirik. Həmçinin, mağazalarda satılan plastik qablardakı suları alanda bəzən onların acı daddığını hiss etmişik. Bu, həmin qabın standartdan kənar olmasına dəlalət edir. Uşaqlarımızı, mətbəximizi belə qablardan xilas etmək üçün nə edək? Çünki bu, birbaşa mədəmizə daşınan zəhərdir və müxtəlif ağır xəstəliklərə səbəb olur.

Eyyub Hüseynov koronavirusa yoluxdu - Unikal.az

Eyyub Hüseynov

İstehlakçıların Hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a deputatın fikri ilə razı olduğunu bildirdi: “Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsinə baxsaq, görəcəyik ki, burada söhbət qidanın təhlükəsizliyindən gedir. Bizdə məhsulların keyfiyyəti arxada qalıb. Bu əsasnamədə keyfiyyətlə bağlı bir söz belə yoxdur. Keyfiyyətə nəzarət edə bilən institut da ”yuxulayır". 2021-ci ildə Nazirlər Kabinetinin 343 saylı qərarı da ləğv olundu. Yəni təhlükəsizliyi təmin olunan mallar siyahısı ləğv olundu. Orada bu cür malların təhlükəsizliyinin təmin olunması məsələsi də var idi. Keyfiyyətlə bağlı məsələyə heç bir qurum baxmır. Hökumətin səhv siyasəti, istehlakçıların hüquqlarını qorumaq yox, biznesin inkişafı siyasəti göz qabağındadır. Təsadüfi deyil ki, azərbaycanlılar uzun ömürlülər siyahısında deyilik.  190 ölkə arasında 119-cu yerdəyik. Hətta qida və səhiyyəyə əlçatanlığı az olan ölkələr də bizdən qabaqdadır. Banqladeş, Şri-Lanka kimi kasıb ölkələr bizdən daha uzunömürlüdürlər. Hippokratın “nə yeyiriksə, oyuq” sözünü əsas götürsək, uzunömürlü olmalı idik".

E.Hüseynov iddia edir ki, Azərbaycanda ən dəhşətli məsələlərdən biri zəhərlənmələrin ciddi cəhdlə gizlədilməsidir. E.Hüseynov qeyd edib ki, sitatistika ümumdünya göstəricilərindən 1400 dəfə az göstərilir: “Zəhərlənmədən ölənlərin saı 500 dəfə az göstərilir. Çünki maraqlar var. Eyni orqan həm mala sertifikat verir, həm də təhlükəsizliyinə nəzarət edir. Yəni, təkcə su qabı yox, digər şeylərdə də bu məsələ mövcuddur”.

Ekspert vurğulayıb ki, suyun özündə də böyük problem var: “Allahın möcüzəsi olan suyun hansı hissəsinin təmizlənib-təmizlənmədiyini, hansı qaba doldurulduğunu heç kim deyə, sığortalaya bilməz. Ölkədə bu sahədə ciddi problem var. Bütün bunlar öz əksini Azərbaycanda dərman biznesinin inkişafında tapır. Azərbaycanda aptek şəbəkələri digər ölkələrdən 20 dəfə artıqdır. Bir binanın altında 7 aptek var. Aptek və klinikalarda növbənin çoxluğu, xərçəng xəstəliklərinin artması və s. bütün bunlar kompleks təşkil edir. Hamısı yediyimiz qidadan, içdiyimiz sudan, su qablarının materialından asılıdır. Mən Milli Məclisdə bu haqda radikal fikirlərimi söyləsəm də, ”hamı səninlə razıyıq" deyib heç bir addım atmır. AİB bu məsələdən çox narahatdır, biz təhlükədəyik".

Qida mühəndisi Yusif Həkim də mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, “Qida təhlükəsizliyi haqqında” qanunun 20 və 23-cü maddələri konkret bu məsələni ehtiva edir: “Qanunun 14-cü maddəsi də sırf içməli su (qablaşdırılmış) ilə bağlıdır. Qanunda konkret qida ilə təmas edən materiallar üçün maddələr var. İçməli suyun (qablaşdırılmış) və qida məhsullarının emalı prosesində istifadə olunan suyun təhlükəsizliyinə dair tələblər var. İçməli su (qablaşdırılmış) və qida məhsullarının emalı prosesində istifadə edilən su qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunan tələblərə uyğun olmalıdır. İçməli suyun (qablaşdırılmış) və qida məhsullarının emalı prosesində istifadə edilən suyun qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğuna dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilməlidir. Eyni zamanda, təbii mineral suların (qablaşdırılmış) istehsalı, emalı və dövriyyəsi həmin sular müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 25.1-ci maddəsinə əsasən qeydiyyata alındıqdan sonra yol verilir. Bununla belə, o da faktdır ki, bu sahədə nəzarət çox zəifdir. Bizdə nəinki sularla bağlı,  uşaqlar və qadınlar üçün təhlükə mənbəyi olan digər məhsullar da var. Hazırda demək olar ki, hamımız yalnız qida təhlükəsizliyinə köklənib və ancaq qidalardan danışırıq. Doğrudur ki, qida təhlükəsizliyi ilə bağlı ciddi problemlər var. Lakin bu o demək deyil ki, qeyri-qida sektoru tam sağlamdır. Xüsusilə, qadınların istifadə etdiyi kosmetoloji vasitələrdə və uşaqlar üçün olan oyuncaqlarda təhlükəli kimyəvi birləşmələrdən olan ftalat və parabendən geniş istifadə edilir. Ftalat nədir? Ftalat - bir çox məhsullara yaxşı qoxu vermək üçün istifadə edilən kimyəvi birləşmələrdəndir. Ftalat həmçinin plastikləri daha elastik etmək qabiliyyətinə malikdir. Sabun, şampun, krem, yağ, saç spreyi, dodaq boyaları, plastik oyuncaqlar, havaya ətir verən, eləcə də bir çox kosmetik məhsullar, oyuncaqlar, yuyucu vasitələr və şəxsi təmizlik vasitələrində istifadə olunur”.

McDonald's" azərbaycanlılara haram ət yedizdirir" - qida mühəndisindən  ilginc iddia

Qida mühəndisi onu da əlavə edib ki, bu məhsulların heç birinin tərkib hissəsində “ftalat” sözünü görə bilmərik, çünki ftalatlar hər bir şirkətin reseptinin əsas tərkib hissəsidir, ona görə bunu qanunla da açıqlamaya bilər: “Ftalatlar hormonal fəaliyyəti pozur, doğuş hallarına mənfi təsir göstərir və qaraciyəri zədələyir. Mümkün olduqca daha az ətirli məhsullardan istifadə edin. Ətirə ehtiyacınız olduqda efir yağlarından istifadə etmək olar. Bəs paraben nədir? Paraben - əczaçılıq və kosmetika sənayesində istifadə olunan qoruyucu kimyəvi birləşmələrdir. Bu birləşmələr və duzlar xüsusilə bakterisid və funqisid xüsusiyyətlərinə görə istifadə olunur. Şampun, saç kremi, nəmləndirici krem, dezodorant, ətir, təraş üçün gel, aşılayıcı krem, günəş kremi və diş pastasında olur.

Parabenlər para-hidroksibenzoy turşusunun efirləridir. Ümumi parabenlərə metilparaben (E218), etil paraben (E214), propilparaben (E216), butilparaben və heptilparaben (E209) daxildir. Daha az yayılmış hallarda parabenlər izobutilparaben, izopropilparaben, benzilparaben və onun natrium duzu kimi mövcuddur. Onlar bir çox allergik reaksiyalara və dəri xəstəliklərinə səbəb olurlar. Parabenlər həssaslığı olan insanlarda ekzemaya səbəb ola bilər. Dərinin qıcıqlanmasına səbəb olur. Qızartı, qaşınma və ağrı hissi kimi simptomlar ola bilər. Allergik dəri reaksiyalarına səbəb ola bilər.

Aparılan araşdırmalarda bir çox şiş hüceyrələrində paraben aşkar edilib. “Süd vəzi xərçəngi” parabenin yaratdığı zəhərin yığılması nəticəsində yaranan xərçəng xəstəliklərindən biridir. Döş xərçənginə səbəb olan məhsullar arasında dezodorantlar var. Kanada və Amerikada aparılan araşdırmalara görə ana südündə ftalat və paraben aşkar edilib. Buna əsas səbəb isə anaların istifadə etdiyi kremlər, günəş kremləri və digər bu kimi kosmetik vasitələrdir.

Qeyd edək ki, mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə də sorğu ilə müraciət etdik. Cavablandırılacağı təqdirdə yayımlayacağıq.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR