İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya qarşı döyüşmək istəyən erməni “qartallar” və dünya “qırğıları”

1604 19.03.2022 17:50 Yazarlar A A

Bu günlərdə xəbər yayıldı ki, erməni muzdlular Putinə Donbasa getməyə icazə verilməsi xahişi ilə məktub göndərib. Ermənistanın “Past” qəzeti muzdluların adını da yazmışdı: “Erməni qartalları”.

Qəzet iddia edib ki, onların komandiri Xaçik Asryan bir neçə gün əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinə məktub təqdim edib. Məktubda “Erməni qartalları”nın Donbasa getməyə, Ermənistanın strateji tərəfdaşı olan Rusiyanın Silahlı Qüvvələrinin tərkibində NATO və Ukraynaya qarşı vuruşmağa, Donbas əhalisini müdafiə etməyə hazır olduğu vurğulanıb.

Bilirik ki, Ermənistan ordusu darmadağındır. Təkcə son bir sutka ərzində iki erməni hərbçi döyüş mövqeyində ya intihar etdi, ya da “dedovşina”nın yeminə çevrildi. Digər tərəfdən, Ermənistanın yanvar ayında Qazaxıstana göndərdiyi “sülhməramlı kontingenti”nin elə ermənilər özləri ələ salırdılar. Əgər döyüşmək istəyirlərsə, KTMT-nin üzvü və hazırda quruma rəhbərlik edən ölkə olaraq Rusiyanın yanında yer ala bilərlər, cəsarətləri varsa. Ölkə olaraq, öhdəliyinə sadiqlik nümayiş etdirərək müharibədə iştirak etməkdən yayınan Ermənistan nədən “könüllü” səviyyəsində qatılmaq istəyir Ukraynadakı müharibəyə? Bilirik ki, Ermənistan Suriya, Liviya və digər ərəb ölkələrindən daşınan muzdlu döyüşçülərin toplanış yeridir neçə illərdir. Qarabağa “erməni ailələr” adı altında xeyli terrorçular yerləşdirilmişdi, bir hissəsi məhv edildi, digərləri qaçıb canını qurtardı. Amma bu gün, Ukraynaya qarşı döyüşmək üçün muzdlular Ermənistan üzərindən daşınır, adını da “qartallar” qoyurlar. Yox bir “qarğalar”.

Təbii ki, istisnalar da olacaq. Hansısa ssenarinin tərkib hissəsi olaraq erməni terrorçular, ASALA üzvləri bu prosesdə rol ala bilərlər. Ukraynadakı müharibənin ilk günlərində belə nümunələrə rast gəlindi, üst geyimində Ermənistan bayrağı olan hərbçi də kadrlarda göründü, məhv edilənlər də var.

Amma Ukraynada ən çox rast gəlinən erməni oğrularla bağlı faktlar oldu. Tarixi peşələrinə sadiq qalan ermənilər Ukrayna şəhərlərinin bombardman olunmasını fürsət bilərək oğurluqlara başladılar, neçəsi saxlanıldı, “el adətincə” cəzalandırıldı, şalvarları çıxarılmaqla, şallaqlanmaqla, boynundan “oğru” lövhəsi yazılaraq ağaca bağlanmaqla. Bax, budur erməninin mahiyyəti. Ölkə od-alovun içərisində, uşaqlar, qadınlar həlak olur, bunlarsa qarətlə məşğuldurlar. Qarabağdan dişlərində şirə qalıb, Kəlbəcərdən rədd olub gedəndə unitazları çıxarıb qucaqlarında aparmadılarmı? Kim bilir, bəlkə ermən “qarğa”lar da Ukraynadan unitaz gətirməyə getmək istəyirmiş...

Məsələnin digər tərəfi var. Ermənistan erməniləri hətta Rusiya tərəfindən Ukraynaya qarşı döyüşə getməsələr belə, onların belə bir təşəbbüslə çıxış etməsinin özü anti-Rusiya koalisiyasının diqqətini çəkməli idi. Sərt reaksiya gözləyirdik, demirik ki, ATƏT-dən, NATO-dan, BMT-dən, Baydendən, heç olmasa vətəndaş cəmiyyətləri təşkilatlarından, insan hüquqları təsisatlarından. Amma hanı, yoxdurlar, qırılıblar sanki. Azərbaycanın haqq savaşına qara yaxmağa çalışanlar, Qarabağın azadlığının qarşısını almaq üçün hər cür alçaqlığa əl atanlar, Azərbaycanı “muzdlu döyüşçülər” gətirməkdə ittiham edənlər erməni muzdlularının səhnəyə çıxmasına kor olurlar. Məntiqlə onlar müdafiə etdikləri Ukraynaya qarşı silaha əl atan erməniləri də cəzalandırmalıdır. Necə olur beynəlxalq təşkilatlar Rusiyanın yanında qərar tutan, amma hələ ki, açıq şəkildə savaşa qatılmayan Belarusa qarşı sanksiya qərarları qəbul edir, amma nümayişkaranə şəkildə Ukrayna əhalisini qırmağa getmək üçün toparlanan erməni “qarğalar”a görə Ermənistana bir söz demir? Bundan əvvəl Qarabağdakı erməni separatçılar da Xankəndidə bir araya gəldilər, əllərində Rusiya bayraqları, dillərində “Putin, bizi də müstəqil dövlət olaraq tanı”, müraciəti. Niyə Ukraynanın ərazi bütövlüyünü müdafiə edən dünya birliyi bu faktı görməzdən gəldi?! Axı erməni separatçıları Donbas və Luqansk separatçılarına təbrik yolladı, üstəlik də 14 tonluq “humanitar yardım”, hanı bəs “ədalətli” dünya?!

“Ədalət”ini gördük, “Freedom House” Azərbaycanın “qeyri-azad”, “Dağlıq Qarabağ”ın “azad” olduğunu açıqladı öz hesabatında. Təsəvvür edin, “Freedom House” özünün sonuncu Azadlıq İndeksi xəritəsində “Dağlıq Qarabağı” ayrıca subyekt və Azərbaycandan (və hətta Türkiyədən də) daha azad məkan olduğunu göstərib. Gorbagor olmuş separatçı rejimi “azad” sayanların Ukraynanı doğrudan da azad görmək istədiyinə inanmaq olmur.

Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan NATO rəsmisi Mirçe Coanla görüşüb, Azərbaycandan şikayətlənir. Əslində Qərbin düşmən elan etdiyi ölkənin tərəfində döyüşmək üçün müraciət etdiyinə görə qapıdan qovulmalıydı beləsi...

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR