İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada dronların müharibəsi başlayır? -Tehran Rusiyanın yanında yer alır

1764 13.07.2022 14:34 Yazarlar A A

Rusiya qərbin müasir silahlarına qarşı İranın istehsal etdiyi dronlardan istifadə etmək qərarına gəlib. Bu barədə məlumat verən ABŞ prezidentinin müşaviri Jake Sullivan kəşfiyyat məlumatlarına əsaslanaraq bildirib ki, iyulun ortalarından etibarən rus əsgərləri İranda təlim keçəcəklər.

Rəsmi Tehran Sallivanın xəbərdarlığını dərhal reaksiya verib. Cavabda bildirilir ki, hər iki ölkə (Rusiya və İran) Ukrayna müharibəsindən əvvəl də əməkdaşlıq ediblər və yeni bir şey yoxdur.

İranın müasir pilotsuz uçuş aparatları haqqında “Jerusalem Posta” məlumat verən İsrailin müdafiə naziri Benni Gantz bildirir ki, İran dronları ballistik raketlər qədər dağıdıcı gücə malikdirlər.

İran ordusunun birləşmiş qərargahının rəisi Əbdülrəhim Musəvi ölkəsinin regionda ən güclü dronlara malik olduğunu iddia edir.

Ötən ay Türkiyənin Ukraynaya 3 müasir pilotsuz uçuş aparatı hədiyyə etməsi Rus ordusunun rəhbərliyində ajiotaj yaradıb. Bazar qiyməti 5,9 milyon avro təşkil edən müasir Bayraktarlar rusların elektron silahlarından yayınmaq gücündədir.

Müasir türk dronu “Akıncı”nın ən mühüm özəlliklərindən biri də tam müstəqil şəkildə havaya qalxmaq, kənardan hər hansı tapşırıq almadan hədəfi müəyyən edib məhv etmək gücündə olmasıdır. Bu özəllik “Akınçı”nı elektron silahlardan qoruya bilir.

Suriyada eyni sırada döyüşən ruslarla farslar Ukraynaya qarşı da eynı sırada durmağa qərar veriblər. İndi Kremlin Tehrandan silah yardımı tələb edir.

İsrail mətbuatı da Tehranın yüzlərlə pilotsuz döyüş təyyarəsini ruslara təhvil vermək istədiyini yazır. “Jerusalem Post”un məlumatına görə, Tehran 1984-cü ildən pilotsuz uçuş aparatlarını inkişaf etdirir və pilotsuz təyyarələrin inkişaf etdirilməsi və yerləşdirilməsi üzrə qabaqcıl imkanlara” malikdir.

İran dronlarının 48 modeli var. Yüzlərlə döyüşə hazır vəziyyətdə olan dronların içərisində ən müasiri “Şahed 149 Qaza” adlanan pilotsuz uçuş aparatıdır. Bu modeli İran ordusu 2021 ci ilin mayında nümayiş etdirmişdi.

Almaniyanın Spiegel dərgisinin yazdığına görə, İran dronları Pentaqonun istehsal etdiyi “MQ-1 Predator”dan az fərqlənir, yəni Tehran bu dronu kopyalayıb. İran ordusundan verilən məlumata görə, “Şahed 149 Qaza” 35 saat havada qalmaq, iki min kilometr məsafə qət etməklə 13 bomba və 500 kiloluq elektron cihazlar daşımaq gücündədir.

“Kaman 22” adlı digər pilotsuz uçuş aparatını İran ötən ilin fevralında nümayiş etdirib. Delta qanadlarına malik “Kaman 22” -nin 3 min kilometr uçuş məsafəsinə malik olduğu və 300 kiloqrama qədər müxtəlif bomba daşıya bildiyi iddia olunur.

1350 kiloqram yük daşıyan türk dronu “Akınçı”dan fərqli olaraq, İran dronları daha zəif müşahidə qurğularına malikdirlır. Türk dronlarının döyüş təcrübəsi də daha çoxdur. Onlardan 2020 ci ildə Suriyanın İdlib bölgəsində “Bahar qalxanı” əməliyyatı zamanı istifadə olunub. Suriyada İran dronlarının nəzərə çarpacaq fəaliyyətinə rast gəlinməyib.

İranın 2018-ci ildən kütləvi istehsal etdiyi “Qods Mohajer - 6” dronu 12 saatlıq uçuşla 200 kilometr məsafə qət etmək gücünə malikdir. “Jerusalem Post”un yazdığına görə, İran sonuncu dəfə 2019-cu ildə Səudiyyə Ərəbistanına qarşı bu drondan istifadə edib. Hücumdan sonra Səudiyyə Ərəbistanı neft hasilatını bir neçə saatlığa dayandırmağa məcbur olmuşdu.

“Washington Post“un ehtimalına görə, rus ordusu İran dronlarından Ukraynadakı qərb silahlarının aşkarlanmasında və məhv edilməsində istifadə etmək istəyir. İyunun sonlarından Ukrayna ordusunun əlinə keçmiş “Himar”tipli reaktiv yaylım atəşi sistemləri hazırda Rusiya ordusu üçün böyük problemlər yaradır. Silah anbarlarının və komanda məntəqəlırinin sistematik şəkildə məhv edilməsi də məhz bu silahın vasitəsilə həyata keçirilir.

İran dronlarının ABŞ istehsalı olan “Himar”ın yerini təsbit etmək gücündə olub-olmayacağını söyləmək çətindir.

İranın Rusiyaya pilotsuz uçuş aparatları satdığı təqdirdə NATO nun ciddi təzyiqi ilə üzləşəcəyi ehtimal olunur. Tehran rejiminə qarşı Səudiyyə Ərəbistanın İsraillə bir araya gəlməsi də mümkün görünür.

ABŞ prezidentinin İsrailə və Səudiyyə Ərəbistanına səfəri zamanı bu iki ölkənin İrana qarşı birgə fəaliyyətinin mümkünlüyü müzakirə edilə bilər. Baydenin Yaxın Şərq səfəri elan olunandan dərhal sonra İran rəsmiləri Rusiyaya dron satılması xəbərini təkzib ediblər.

Londondan yayımlanan “İran İnternational” portalı Tehran rejiminin müharibə başlayandan bəri Rusiyaya silah və hərbi texnikanı qaçaqmalçı şəbəkələr vasitəsilə çatdırdığını yazır. Göndərilən silahlar tank əleyhinə raketlər və hava hücumundan müdafiə sistemləri olub.

Modernləşmiş İran dronlarının Ermənistanın əlinə keçməsi ehtimalı da böyükdür. İranla nüvə reaktorlarının satışı məsələsində əməkdaşlıq edən erməni və fars dairələri dronların satışında Ermınistana yardım edə bilərlər.

İran dronlarının Efiopiya, Venesuela və İraq kimi üçüncü dünya ölkələrinə satılması haqqında məlumatlar var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR