İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada dron savaşı qızışır - İngiltərə Kiyevə yüzlərlə dron göndərir

2005 22.07.2022 13:20 Yazarlar A A

Britaniya məxfi xidməti Rusiya ordusunun yaxın həftələrdə Ukraynada fasilə verəcəyini gözləyir. Mİ6-nın rəhbəri Riçard Mur mətbuata açıqlamasında Rusiyanın silah və əsgər sarıdan ciddi problemlərinin olduğunu bildirib. Bu problemləri həll etmək üçün Kreml "xüsusi əməliyyata" fasilə verməyə məcburdur.

Hər gün Ukrayna müharibəsini izləyən ABŞ məxfi xidmətinin rəhbəri Uilyam Börns Kolorado ştatında keçirilən Aspen Təhlükəsizlik forumunda Rusiya ordusunun itkilərinin 15 min əsgər təşkil etdiyini bildirib. "Washington Post“ Börnsə istinadən yazır ki, 40 minə yaxın rus əsgəri Ukraynada yaralanıb".

Yaxın həftələrdə Rusiya ordusunun şəxsi heyət və material əldə etməsi getdikcə cətinləşəcək. Dünyaya silah satan Kremlin İranın uçuş aparatlarını almağa çalışması Moskvanın həqiqətən də ciddi silah problemlərinin olduğunu göstərir. Qərbin müasir silahları qarşısında aciz qalan rus ordusu irəliləməkdə çətinlik çəkir. Son bir neçə həftədir rus televiziyaları "xüsusi əməliyyat"ın uğurlarından məlumat verə bilmirlər.

Britaniya kəşfiyyatının rəhbəri Riçard Mur mətbuata açıqlamasında rus ordusunu Ukraynadan sıxışdırıb çıxarmaq üçün ideal vəziyyətin yarandığını bildirib. Onun fikrincə, Ukrayna ordusu vəziyyətdən istifadə etməli, əks-hücuma keçməlidir.

Britaniyanın "The Guardian" qəzeti Londonun yaxın həftələrdə Ukraynaya yüzlərlə pilotsuz uçuş aparatları göndərəcəyini yazır. İngiltərənin Müdafiə Nazirliyi dronlarla yanaşı tank əleyhinə silahların və artilleriya qurğularının yaxın həftələrdə Ukraynaya göndəriləcəyini təsdiqləyib.

Siyahıda 20-dən çox M109 özüyeriyən haubitsanın və Ukrayna əsgərlərinin hazırda Böyük Britaniyada təlim keçdiyi 36 L119 silahının adı keçir.

Ukrayna ordusu sovet dövründən qalma köhnə artilleriya qurğularının izinə düşmək üçün artilleriya kəşfiyyat radarı və artilleriya əleyhinə 50 min mərmi alacaq. İngiltərənin müdafiə naziri Ben Uolles mətbuata açıqlamasında Ukrayna ordusunu bundan sonra da müasir silahlarla təmin edəcəklərini bildirib: "Göndərəcəyimiz hərbi avadanlığın miqyası və genişliyi bizim qətiyyətimizin gücünü nümayiş etdirir".

Rusiya prezidenti V. Putinin Qərbi sanksiyaları ləğv etməyə çağırması da qərb mediasının diqqətini çəkib. Bu çağırışdan sonra Almaniya hökuməti Ukraynaya silah yardımını azaldıb. İyulun 21-də təmir işlərindən sonra “Şimal axını 1” vasitəsilə rus qazının Almaniyaya nəqlinə yenidən başlanılıb.

Ukraynaya hərbi yardımın azaldığını yazan alman mətbuatı Almaniya hökumətinin Kremllə sövdələşdiyini ehtimal edir. Rusiya qazını Almaniyaya daşıyan qaz boru kəmərinin işə düşməsindən sonra Almaniya hökumətinin Rusiyaya qarşı loyallığı artıb.

Almaniyanın keçmiş kansleri Gerhard Şröderin Ukraynada "sülhyaratma missiyası"nın əslində Almaniyaya rus qazının axmasını saxlamaqdan ibarət olduğu məlum olub.

Almaniya parlamentinin üzvü Yohan Vadepul hökuməti sərt tənqid edərək, Ukraynaya silah yardımının davam etdirilməsini tələb edib. "Frankfurter Allgemeine Zeitung"un yazdığına görə, Bundestaqdakı çıxışında alman hökumətini separat danışıqlarda ittiham edən Vadepul separat danışıqların NATO-nu "zəhərlədiyi" fikrindədir.

Alman müxalifəti Ukraynaya yardımın dayandırılacağı təqdirdə parlamentin xüsusi iclasının cağırılacağını və hökumətə qarşı etimadsızlıq məsələsinin qaldırılacağını elan edib.

Almaniya parlamentində iqtidarı təmsil edən deputatlar da Berlinin Rusiyaya qarşı sanksiya siyasətini davam etdirməsini tələb edirlər.

"ARD-Deutschland Trend" təşkilatı Almaniya vətəndaşları arasında keçirilmiş sorğunun nəticələrini açıqlayıb. İqtisadi çətinliklərə baxmayaraq, almanlar Ukraynaya yardım olunmasını dəstəkləyiblər. "Morgenmagazin" jurnalında dərc olunmuş məlumatda bildirilir ki, hər 10 almanın 6-sı iqtisadi problemlərə rəğmən, Ukraynaya silah yardımının və Rusiyaya qarşı sanksiya siyasətinin davam etdirilməsini istəyir.

Rusiya hərbi komandanlığı əsgər problemini dronlarla həll etməyə çalışsa da, İrandan alınacaq dronlardan bir xəbər yoxdur.

İranın Rusiyaya satmaq istədiyi Shahed-129 dronunun uzunluğu 8 metrə çatır və 8 mərmi ilə təhciz olunur. Qanadlarının uzunluğu 16 metrə çatan Shahed-129 əski modellərdən sayılır.

Dünyada 26 dövlətin silahlı qüvvələri pilotsuz uçuş aparatlarına malikdir. Müasir müharibələrin taleyini həll etmək gücündə olan dronların içərisində ən məşhuru Türkiyənin "Bayraktar" və ABŞ-ın "Reaper" dronlarıdır.

Almaniyanın "Spiegel" dərgisi Ukraynaya göndəriləcək dronların ABŞ istehsalı olan "MQ-9 Reaper" dronu olduğunu yazır. Əfqanıstanda Talibanı məğlub etmiş "Reaper" dronu dörd mərmi və iki 500 kiloluq bombalar daşımaq gücündədir.

Ukraynada hərbi əməliyyatların taleyini dronların həll edəcəyi təqdirdə, Ukrayna artıq Rusiyadan qat-qat güclü mövqeyə sahib ola bilər. Kiev Türkiyə və ABŞ dronlarına sahib olarsa, hərbi əməliyyatlarda əhəmiyyətli dönüş yaranması qaçılmazdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR