İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada “casuslar müharibəsi” qızışır - Çex kəşfiyyatının köməyi, 10 rus generalın məhvi

2244 14.07.2022 11:23 Yazarlar A A

“New York Times”ın araşdırmasına görə, çex kəşfiyyatı indiyədək Ukrayna hərbçilərinə on iki rus generalını məhv etməyə yardım edən kəşfiyyat məlumatı ötürüb.

Ukrayna silahla yanaşı, Qərbdən həm də kəşfiyyat məlumatları alır. Bu gizli dəstək haqqında hələlik ətraflı məlumat verilməsə də, Qərb mətbuatı “Soyuq müharibə”dən sonrakı ən böyük “casus müharibəsi”ndən yazır.

Almaniyanın birinci kanalı Rusiyanın Ukraynaya qarşı müharibəsini həm də casusların müharibəsi sayır. Bir neçə aydır ki, Ukrayna silahlı qüvvələri rus işğalçılarına şiddətlə müqavimət göstərir. Onlar Qərb dövlətləri tərəfindən təkcə silah, sursat, avadanlıq, təlim və təchizatla deyil, həm də kəşfiyyat məlumatları ilə dəstəklənir.

Əsasən ABŞ və Böyük Britaniya, eləcə də digər NATO ölkələri Ukrayna qoşunlarını öz məxfi xidmətləri ilə dəstəkləyirlər. Onlar peyk şəkillərini təqdim edir, elektron kəşfiyyata kömək edir, rus qoşunlarının rabitə mesajlarını ələ keçirir və ya gözlənilən hava hücumları barədə xəbərdarlıq edirlər.

Britaniyanın GCHQ ələ keçirmə xidmətinin İT mütəxəssisləri də aylardır Ukraynaya Rusiyanın kiberhücumlarının qarşısını almaqda kömək edir.

Xarici xidmətlərin köməyi nə qədər genişdir, nə qədər konkret görünür və nəyə nail olunması barədə rəsmi dairələr az danışırlar. Bununla belə, ABŞ kəşfiyyat dairələrində "Karib böhranı" (Kubaya sovet  raketlərinin yerləşdirilməs ilə bağlı Karib dənizində müharibə vəziyyətinin yaranması) və Pakistanda dünyanın bir nömrəli terrorçusu Üsamə bin Ladenin izinə düşməklə müqayisə edilə bilən ən böyük kəşfiyyat uğurlarından danışanlar var.

“Washington Post” yazır ki, Amerika kəşfiyat xidmətləri ukraynalılara dəqiq raket hücumu ilə batırılan Rusiya hərbi gəmisi “Moskva”nın dəqiq koordinatlarını veriblər.

Müharibənin ilk günlərində Rusiya desantlarının Kiyev yaxınlığındakı Hostomel hava limanına gözlənilmədən hücum edə bilməməsi də Mərkəzi Kəşfiyyat İdarəsinin ukraynalılara etdiyi xəbərdarlıqla bağlı olub.

Ağ Evin sözçüsünün 2 ay əvvəl Ukraynaya kəşfiyyat dəstəyi ilə bağlı bəyanatı da maraqlıdır: “Biz mütəmadi olaraq döyüş meydanında olan ukraynalılara öz ölkələrini Rusiyanın təcavüzündən müdafiə etmələrinə kömək etmək üçün müfəssəl və vaxtında kəşfiyyat məlumatı veririk və bunu davam etdirəcəyik”.

Daha ətraflı məlumat verilməsə də mətbuat Ukrayna ordusuna hərbi məsləhət səviyyəsində verilən dəstəkdən yazır. Qərb məxfi xidmətlərinin Ukrayna hərbçilərinə həlledici üstünlük verən və Rusiya hərbçilərinin xeyli itkisinə səbəb olmuş məsləhətləri olub.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns mətbuata açıqlamasında məxfi xidmətin Ukraynaya yardımı ilə bağlı məlumatları gizli saxlamağa çağırıb. Ukraynadakı fəaliyyətlərilə bağlı sualları cavablandıran Börns medianın xəbərlərini təkzib etməyərək, əlavə məlumatların mətbuata sızmasını məsuliyyətsizlik adlandırıb: “İnsanların gizli və ya ictimai yerlərdə kəşfiyyat məsələləri haqqında çox danışması təhlükəlidir."

Pentaqonun sözçüsü bildirib ki, ABŞ Ukraynaya müharibə ilə bağlı məlumat verir, ancaq Rusiyanın yüksək rütbəli hərbi məmurlarının yeri barədə dəqiq məlumat verilmir. "Düzü, ukraynalılar bizdən daha çox məlumata malikdirlər".

Ukrayna hərbi kəşfiyyat xidmətinin rəhbəri Kirilo Budanov Britaniyanın "Sky News" telekanalına müsahibəsində müharibənin ən şiddətli mərhələsinin qarşıda olduğunu, rus ordusuna qarşı qərb məxfi xidmətlərindən dəstək aldıqlarını təsdiqləyib. Onun sözlərinə görə, müharibə ilin sonuna kimi bitəcək. Bununla belə, o, avqustun ikinci yarısında Ukraynanın xeyrinə dönüşün olacağına da əmindir: "Ən aktiv döyüş əməliyyatları bu ilin sonuna qədər tamamlanacaq. Biz düşmənimiz haqqında hər şeyi bilirik. Onların planı hazır olanda bundan xəbər tuturuq”.

Rusiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyatının mərkəzi idarəetmə orqanı olan Baş Kəşfiyyat İdarəsinin (GRU) prezident Putindən əlavə yetkilər aldığı söylənir. “The Moscow Times” portalının məlumatına görə, Baş Kəşfiyyat İdarəsi qərbin məxfi xidmətlərinə qarşı tək qalıb.

Kremlin məxfi xidmətinin Ukraynadakı uğursuzluğunu təsdiqləyən məqamlardan biri də Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Beşinci Xidmətinin rəisi, general-polkovnik Sergey Besedanın həbsidir. Onun hələ də Lefortovo həbsxanasında saxlanıldığı bildirilir.

Beseda mart ayında ev dustaqlığına buraxılsa da, sonradan həbs olunub. Şayiələrə görə, Putinlə Beseda arasında ciddi fikir ayrılığı olub. Ukraynada siyasi vəziyyəti dəyişə bilməyən general Besedanın Putinin qəzəbinə gəldiyi deyilir. FSB-nin 5-ci xidməti Ukraynada Kremlə siyasi dəstəyin artırılmasına cavabdeh olub.

5-ci xidmət Putin tərəfindən FSB-nin direktoru olarkən yaradılan bir şöbədir. 1998-ci ildə Putin xarici vətəndaşların işə götürülməsi ilə məşğul olan regional bölmələrə nəzarət etmək üçün bir idarə yaradaraq, idarəyə keçmiş sovet respublikalarında casusluq etmək üçün böyük mandat vermişdi. İyirmi il ərzində beşinci xidmət sovet ölkələrini Rusiyanın orbitində saxlamaq üçün Putinin arxalandığı güclü məxfi xidmətə çevrilmişdi.

Lubyankada Putinin ən etibarlı generallarından biri olan Sergey Besedanın həbsi Putinin özünün yaratdığı rus məxfi xidmətinin Ukraynadakı uğursuzluğu sayıla bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR