İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna üçün kritik gün “Veymar üçbucağı” hərəkətə keçir, Putinin atəşkəs xofu

1152 15.03.2024 21:09 Dünya A A

 

 

Fikrət Yusifov: “Şahmat taxtası üzərində Ukraynaya piyada qədər də yer verilmir”

Fransa Prezidenti Emmanuel Makron, Polşanın Baş naziri Donald Tusk və Almaniya Kansleri Olaf Şolts Ukraynadakı vəziyyəti müzakirə etmək üçün bir araya gəlib. Görüş Almaniya paytaxtı Berlində baş tutub.

Qeyd edilib ki, bu, D.Tusk Baş nazir olduqdan sonra “Veymar üçbucağı” formatında ilk görüş olub.

Yeni format Ukraynaya, onun müharibə teatrındakı durumuna nə vəd edir?

Polşa Prezidenti Anjey Duda deyib ki, Rusiya Ukraynaya qarşı müharibədə qalib gəlsə, başqa ölkələrə də hücum edəcək. O, bunun baş verməməsi üçün ABŞ-ı Ukraynaya hərbi yardım paketini təsdiqləməyə çağırıb.

“Ukrayna Putinin müharibədə qalib gəlməyəcəyinə əmin olmalıdır. Biz bir neçə dəfə Rusiyanın əsarətinə düşmüş xalqıq. Rusiya Ukraynadakı müharibədə qalib gəlsə, yenidən hücuma keçəcək. Bu dəfə başqa dövlətlərə hücum edəcək. Buna görə də qarşılarını almaq lazımdır, onlar təcrid edilməli, cəzalandırılmalıdır”, - Duda vurğulayıb.

Amma necə? Kollektiv Qərb Ukraynanın effektli müdafiəsi məsələsində nəhayət, kollektiv mövqeyə köklənəcəkmi?

Bu arada Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib, lakin deyib ki, danışıqlar “yerdəki (müharibə meydanındakı – red.) reallıqlara” əsaslanmalıdır.

Putin həmçinin narahatlığını gizlətməyib. Onun fikrincə, mümkün danışıqlar dövrü “Kiyevin yenidən silahlanması üçün pauza” yox, “ciddi söhbət” məzmunu daşımalıdır.

“Biz danışıqlara hazırıqmı? Bəli, hazırıq. Ancaq bəzi “istəklərə” uyğun deyil, yerdəki reallıqlara əsaslanan danışıqlara hazırıq”, - Kreml başçısı əlavə edib.

Rusiya prezidenti niyə xofludur? Atəşkəs gerçəkdənmi Ukraynanın xeyrinə işləyə bilər deyə, tələsir və tutulan ərazilərin işğalını tez-bazar rəsmiləşdirmək istəyirmi?

fikret_yusifov.jpg (160 KB)

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov öncəliklə Ukraynanı bu böyük savaşa sürükləyən mərhələləri sadaladı: “Rusiya-Ukrayna müharibəsinin arxasında nələrin dayandığını, bu müharibənin hansı güclər tərəfindən necə idarə olunduğunu və bütövlükdə müharibənin əsas fəlsəfəsini bilmədən onun mahiyyətini açmaq mümkün deyil.

Bu müharibə getdikcə resursları tükənən böyük güclərə yeni resurs mənbələri yaratmaq məqsədilə dünyanı yenidən bölüşdürməyi hədəfləyən, Qərb və ilk növbədə Amerika Birləşmiş Ştatları tərəfindən tətiklənərək başladılmış bir hərbi toqquşmadır.

Gəlin, öncə bu müharibənin Qərb tərəfindən necə yetişdirildiyinə nəzər salaq.

Qərb bu müharibəni başlatmaq üçün 2000-ci illərin əvvəlindən hərəkətə keçib. Bu yolda Qərbin qarşısına qoyduğu ilk vəzifə, Ukraynada hakimiyyətə ona bağlı adamları gətirmək və bununla da zaman-zaman Ukrayna-Rusiya qarşıdurmasını yetişdirmək idi. Və Qərb zaman-zaman Ukraynada bu addımları bir-birinin ardınca atdı. Onun bu istiqamətdə son addımlardan biri seçkilərdə qalib gəlmiş prezident Viktor Yanukoviçi maydan hərəkatı vasitəsilə devirib, Petro Poroşenkonu hakimiyyətə gətirmək oldu. Bundan sonra Qərb növbəti addımla Ukraynada hakimiyyətə özünün “layiq gördüyü”, siyasətdən uzaq birini -  Vlodomir Zelenskini gətirdi. Baxın, Rusiya meylli Yanukoviçdən başqa bütün digər şəxslərin prezidentliyi dövründə, Ukrayna hökumətləri orada yaşayan ruslara qarşı bir-birinin ardınca onların hüquqlarını pozan addımlar atdılar. Vladimir Zelenskinin prezidentliyi dövründə isə rus insanı üçün bu sıxıntılar pik həddə yüksəldi. İş o yerə gəlib çatdı ki, Ukrayna Radası əhalisinin 80-90% ruslardan ibarət olan regionlarda rus dilində danışmağı qadağan edən və hətta bunun üçün cərimələr nəzərdə tutan qanun qəbul etdi.

Bütün bu gedişlərin müəllifləri onların atdıqları addımların yaxın gələcəkdə Ukraynanı hara apara biləcəyini görə bilmədilər və bu yolda yalnız Qərbin çaldığı hava ilə oynadılar. İndi bütün dünya Ukraynaya hücum səbəbindən Rusiyanın üzərinə qalxıb. Bizim də Rusiya sevgimiz heç vaxt olmayıb və bu gün də yoxdur. Çünki Azərbaycanın tarixdə yaşadığı bütün problemlərin kökündə Rusiya dayanıb. Lakin buna baxmayaraq Rusiya-Ukrayna müharibəsini obyektiv şərh etmək hər kəsin borcudur. Bu işğalçı müharibədə biz Rusiyanı nə qədər günahlandırsaq da bilməliyik ki, Rusiyanı bu müharibəyə Ukrayna hökuməti öz ağılsız addımları ilə təhrik etdi. Biz tarixçi deyilik, ancaq ortada olan budur ki, Ukrayna adlı dövlətin özü də vaxtı ilə Rusiyanın xeyir-duası ilə yaradılıb. Bəs Avropa dəyərlərinə söykənib demokratik bir dövlət qurmaq istəyən Ukrayna milyonlarla insana öz ana dilində danışmağı, təhsil almağı hansı haqla qadağan edə bilərdi? Bu arının deyil, ayının yuvasına çubuq uzatmaq deyildimi? Rusiya rəhbərliyi Ukraynanın atdığı bu addımların yanlışlığını və bədəlinin ağır olacağını israrla xəbərdar edirdi. Bu odla oynamaq idi. Ukrayna isə Qərbin küyü ilə öz ampluasında qaldı. Baxın, ABŞ vətəndaşı hər hansı bir ölkədə bir neçə milyon dollar sərmayə yatırarsa və həmin ölkədə onun haqqı əlindən alınarsa, Birləşmiş Ştatlar öz daxili qanunlarına əsasən o ölkəyə hərbi müdaxilə edə bilər. Bəs milyonlarla rusun Ukraynada haqqının tapdalanmasına Qərb və onun başında dayanan ABŞ nədən göz yumdu?”.

Sabiq nazir sual yağışını davam etdirdi: “Bu müharibə kimə lazım idi? Bu müharibə Qərbə və hamıdan çox ABŞ-a lazım idi. Müharibənin ilk günündən aydın idi ki, Ukrayna onu sonda uduzacaq. Ukrayna bir dövlət olaraq bir neçə  yerə parçalanacaq. Rusiyanın bu müharibədəki əsas hədəfi Ukraynanın şərqini və cənubunu, Odessa şəhəri və bütövlükdə Odessa vilayəti daxil olmaqla işğal edib, öz strateji hədəfləri olan Prednistrovaya çıxmaqdır. Rusiya bununla da Ukraynanın dənizə çıxışını tam aradan qaldırmaq istəyir. Bu gün Rusiya artıq  Moldovadakı Qaqauz vilayətinin rəhbərləri ilə bu istiqamətdə danışıqlar aparır və Moldova ilə bağlı gələcək planlarını qurur. Ukraynanın qərbinin və şimal qərbinin bir hissəsinin isə Polşaya, Rumıniyaya və Macarıstana veriləcəyi gözlənilir.

Bütün bunlar baş verdikdən sonra Rusiyanı durdurmaq mümkün olacaqmı? Bu olduqca çətin və hələlik cavabı olmayan bir sualdır. Ancaq bir məsələni tam anlamaq lazımdır ki, Qərb güclərinin başında dayanan Birləşmiş Ştatlar və İngiltərə Rusiyanın bu müharibədə məğlubiyyətini qətiyyən istəmirlər. İlk baxışda ortada böyük bir ziddiyyət var – Ukraynaya yardımlar edən tərəflər kimi ABŞ və İngiltərə nədən onun bu müharibədə qalib gəlməsini  istəməsinlər? Bu münaqişədə ABŞ başda olmaqla anqlosaksların əsas hədəfi Rusiyanı anti-Çin kimi qoruyub saxlamaq, Avropa Birliyini isə mümkün qədər zəiflətməkdir. ABŞ-ın ən yaxın müttəfiqi İngiltərənin Avropa Birliyindən çıxması da uzağa hesablanmış məqsədyönlü bir addım idi. Çünki, qarşıda qlobal bir oyun – dünyanın iki nəhəng güc – ABŞ və Çin arasında bölüşdürülməsi dayanır. Yeri gəlmişkən, bu məsələ ətrafında ABŞ-la Çin arasında artıq ilkin razılaşmalar əldə olunub. ABŞ-a bu oyunda Avropa Birliyi kimi üçüncü tərəf lazım deyil. O səbəbdən də sonda ABŞ bu münaqişədə Avropa Birliyini Rusiya ilə üz-üzə qoyub ortadan çıxacaq və artıq bu baş verir. Qərb Ukraynanı bu müharibəyə necə ustalıqla cəlb etdisə, bu gün də eyni ustalıqla onu məğlubiyyətə aparır...

sdd.jpg (76 KB)

Rusiya kimi bir nəhəng ayının yuvasına çubuq uzadıb, onu qıcıqlandıran Ukrayna, bu gedişlərin müharibə ilə nəticələnəcəyini bilməli və yalnız bu müharibəyə hazır olduqdan sonra belə addımlar atmalı idi. Ancaq Ukrayna nə etdi? Qərbin yalan vədlərinə inanıb, küyə getdi. İndi də bunun bədəlini yavaş-yavaş ödəyir. Bu müharibədə bir milyondan çox insan itirmiş, müharibənin əhatə etdiyi ərazilərdə yerləşmiş şəhərlərində və digər yaşayış məntəqələrində daşı-daş üstündə qalmamış Ukrayna bu gün cəbhə bölgəsində addım-addım geri çəkilərək torpaqlarını ruslara təslim edir. Qərb isə seyrçi bir mövqedədir. Ukrayna Qərbə ona silah-sursat və maddi yardım etmək üçün yalvarır. Görünən həqiqət budur ki, dilənçiliklə müharibə edib qalib gəlmək mümkün deyil! İndi ABŞ Ukraynaya vəd olunmuş 60 milyard dollar yardım barədə qərarı qəbul etmək istəmir, Avropa Ukraynaya ayırdığı 50 milyard avro məbləğində yardımı hələ ki, göndərmir, Ukraynaya vəd olunmuş müasir silah sursatın verilməsi də müşkülə düşüb. Bütün bu baş verənlərin fonunda - Ukrayna bu müharibədə qalib gələcək - deyib israr edənlərə sual edirəm – necə? Əgər Qərb bu müharibədə Rusiyanın məğlub olmasını istəsəydi, onun 60 ölkəsinin Rusiyaya tətbiq etdiyi 20 minə yaxın sanksiyalar işləyər, Rusiyanın hərbi sənayesi və bütövlükdə iqtisadiyyatı çökər və ya ən azından inkişaf etməz, yerində sayardı. Bu necə sanksiyalardır ki, Rusiya iki ildir ki, üçüncü ölkələr vasitəsilə öz hərbi sənayesi üçün lazım olan nə varsa hamısını ona sanksiya tətbiq edən ölkələrdən alıb gətirir. Bu necə sanksiyalardır ki, Rusiyanın hərbi sənayesi Ukrayna ilə müharibə dövründə 4 dəfəyə qədər arta bilib? Suallar çoxdur. Lakin artıq pərdələr yırtılıb və indi bu müharibədə Qərbin və ilk növbədə ABŞ-ın mövqeyi aydın şəkildə ortadadır. Ukraynanı qızışdırıb bu oda salan Qərb, indi ona “şişin ucunda çörək verir”. Bu gün Qərbin Ukraynaya ayırdığı 200-300 milyon dollar yardımlarla Ukrayna Rusiyaya necə qalib gələ bilər? Görünən odur ki, bu yardımlar Ukraynaya cəbhədə qələbə qazanmaq üçün deyil, müharibəni yavaş-yavaş uduzmağa şərait yaratmaq üçündür. Avropa Birliyi ABŞ-ın onunla bağlı oyununu indi başa düşüb. Ona görə indi Avropaya və ilk növbədə Almaniyaya bu müharibə başa çatdıqdan sonra Rusiya ilə üz-üzə dayanmağa hazırlaşmaq üçün vaxt lazımdır. Almaniya artıq öz hərbi gücünü artırmaq üçün ciddi fəaliyyətə başlayıb, lakin ona ən azından 2 il vaxt lazımdı. Baxın, bu gün Ukraynaya 200-300 milyon yardım ayrıldığı halda Avropa Birliyinin açar dövləti Almaniya Polşaya hərbi gücünü artırmaq üçün birdən - birə 150 milyard avro yardım ayırır. Çünki, gerçəkdən Polşanın hərbi gücünü artırmağa çalışır. Qərb əgər Ukraynaya bu həcmlərdə yardımlar ayırsaydı, o halda Ukraynanın bu müharibədə qalib gələcəyinə ümid etmək olardı.

Bunun əvəzində, Avropa Birliyinin Almaniya və Fransa kimi dayaq ölkələri Polşanın da iştirakı ilə Ukraynadakı vəziyyəti müzakirə etmək üçün bir araya gəlirlər. Baxın, bu şahmat taxtası üzərində Ukraynaya piyada qədər də yer verilmir. Bir ölkənin taleyinin həll olunması üçün keçirilən toplantıya o ölkənin nəinki başçısı, heç adi bir diplomatı da dəvət olunmur. Budur, Qərbin Ukraynaya bəslədiyi münasibətin gerçək üzü...”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR