İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna savaşının "gizli qalibi" məlum olur: ABŞ Rusiyanı məğlub elan etməyə niyə tələsir

2664 19.07.2022 12:30 Analitika A A
 
 

Kreml tezliklə savaş və sanksiyalar ucbatından Rusiyanın üzləşdiyi sosial-iqtisadi fəlakəti tədricən etiraf etmək məcburiyyətində qalacaq... ABŞ və Avropa iqtisadiyyatı da artıq durğunluq dövrünə yaxınlaşır, sosial-iqtisadi böhranın təhlükəli əlamətləri daha qabarıq şəkildə müşahidə olunur...

 
Ukrayna savaşının nə vaxt bitəcəyi artıq sadəcə, ehtimal xarakteri daşıyır. Bu savaşın dayandırılması üçün bir müddət öncəyə qədər mövcud olan fürsətlərin demək olar ki, hamısı boşa verilib. İndi Ukrayna savaşı geriyə dönüşün real olmadığı mərhələyə keçib.
 
Məsələ ondadır ki, bu savaşda qalib gələn az qala hər şeyi ələ keçirtmək şansı qazana bilər. Məğlub tərəfin isə demək olar ki, heç nəyi qalmayacaq. Və növbəti onilliklərdə süquta doğru yönəlmək təhlükəsi ilə baş-başa qalmış olacaq.
 
Bütün bunları nəzərə aldıqda, həm ABŞ və Qərbin Rusiyanın savaş meydanında məğlub edilməsində hələlik öz israrını davam etdirməsi anlaşılandır. Hətta Rusiyanın daha tez bir zamanda məğlubiyyətlə üzləşdirilməsinə nail olacağını vəd edən Qərb siyasətçiləri də var. Böyük Britaniya baş naziri Boris Consonun istefaya məcbur edilməsindən sonra onun postuna iddiasını gizlətməyən xarici işlər naziri Liz Trass Rusiyanı tez bir zamanda məğlub edəcək addımlar ata biləcəyinə tamamilə əmindir.

Ancaq ABŞ-ın dövlət katibi Entoni Blinkenin qənaəti indiki halda, Böyük Britaniya xarici işlər naziri Liz Trassın iddiaları ilə bir qədər ziddiyyət təşkil edir. Çünki, ABŞ-ın dövlət katibi Rusiyanın Ukrayna savaşında artıq məğlub olduğunu düşünür. Onun fikrincə, bundan sonrakı mərhələdə yalnız Rusiyanın öz məğlubiyyətini etiraf edərək, kapitulyasiya aktını imzalamasına nail olmaq hədəfə çevrilməlidir.
 
59ccd203f93033ad15819b1dd60c3a15.jpg (332 KB) 
 
ABŞ dövlət katibi belə optimist qənaətə gəlməsinin əsas səbəbini Ukrayna ordusunun fədakarlıqla müdafiə olunması ilə izah edir. Onun fikrincə, Rusiya prezidenti Vladimir Putinin Ukraynanı müstəqil və suveren dövlət kimi məhv etmək planı iflasa uğrayıb: "Rusiyanın əsas hədəfi uğursuzluğa düçar oldu. Bizim kəşfiyyatın məlumatına görə, Rusiya ordusu döyüş əhval-ruhiyyəsini itirib. Canlı qüvvə itkiləri faciəvi statistikaya malikdir. Rusiya ordusu silah-sursat və hərbi texnika təchizatı sahəsində ciddi problemlər ilə üzləşib. Üstəlik, savaş meydanında olan real vəziyyət barədə məlumat verməkdən imtina edən hərbi rəhbərlik problemi də mövcuddur".
 
Ancaq Kremldə və Rusiya cəmiyyətində ABŞ dövlət katibinin iddialarına nəinki əhəmiyyət vermirlər, üstəlik, tamamilə fərqli situasiyanın hökm sürdüyünə əmindirlər. Kreml Ukrayna savaşının Rusiyanın planlarına uyğun davam etdiyi qənaətinə malikdir. Eyni zamanda, bu planların tam şəkildə reallaşdırılmasına qədər savaşı davam etdirmək niyyətində olduğunu birmənalı şəkildə vurğulayır. Kreml hesab edir ki, Rusiya uzun müddət hətta ən əlverişsiz şərtlər altında belə, müharibə aparmağa qadirdir, bunun üçün yetərincə daxili resurslara sahibdir.
 
Rusiya cəmiyyətində hökm sürən əhval-ruhiyyəni isə ABŞ-ın məşhur CNN telekanalı Moskvadan yenicə qayıtmış əməkdaşının danışdıqları əsasında təsir edib. Həmin təsvirə görə, rusiyalılar Ukrayna savaşında bütün dünyaya qarşı vuruşduqlarını düşünürlər. Onların fikrincə, Rusiya həm Ukraynaya, həm də ABŞ və Qərbə qalib gəlir. Rusiya vətəndaşlarının əksəriyyəti hesab edir ki, onların ölkəsinin iqtisadiyyatı sarsıdıcı zərbələrə məruz qalıb. Ancaq buna baxmayaraq, Rusiya iqtisadiyyatı tab gətirib və özünü bərpa etməyi bacarıb. Eyni zamanda, rusiyalılar əmindirlər ki, onların ölkəsi fantastik maliyyə vəsaitləri qazandığı halda, ABŞ və Qərb iqtisadi təzyiqlərlə üzləşməkdədir.

Əlbəttə ki, Rusiya cəmiyyətində belə əhval-ruhiyyənin hökm sürməsi o qədər də təəccüblü deyil. Rusiya dünya ölkələri arasında ən effektiv propoqanda sisteminə malik olan dövlətdir. Bu ölkədə əsl həqiqətlərin ortaya çıxması bəzən ən çətin problemlərdən biri kimi diqqəti çəkir. Belə ki, indiyə qədər mindən artıq xarici şirkət Rusiyanı tərk edib. Zaman keçdikcə, bu, Rusiya vətəndaşlarının gündəlik həyat şəraitinə mütləq mənfi təsirlərini göstərməyə başlayacaq. Bütün rusiyalılar istər-istəməz sanksiyaların ağır təsirlərini hiss etməli olacaqlar. Nə qədər arzuedilməz olsa da, bu, qaçılmaz xarakter daşıyır.
 
8a0f81741c2717ce6a0610d206931b4f.jpeg (111 KB) 
 
Təbii ki, Rusiya iqtisadiyyatı ilə bağlı optimizmin müəyyən statistik əsasları da olmamış deyil. Belə ki, ABŞ və Avropa iqtisadiyyatının enerji böhranı ilə sarsıldığı bir mərhələdə Rusiyanın ixrac gəlirləri savaş dövründə ötən ilin eyni zaman intervalına münasibətdə 70 faizə yaxın artıb. Halbuki bu müddətdə Rusiyanın idxal göstəriciləri də 25-30 faiz həddində azalmaya məruz qalıb. Bu, yaxın aylarda Rusiya əhalisinin və dövlətin ehtiyaclarının ödənməsinə mənfi təsir göstərə bilər. Yəni, sosial-iqtisadi situasiyaya təsir göstərə biləcək önəmli faktorlar heç də birmənalı optimist əminlik üçün əsaslar vermir.
 
Anlaşılan odur ki, ABŞ və Qərb Rusiyanı artıq məğlubiyyət ilə barışmalı olan tərəf kimi təqdim etməyə çalışır. Ancaq Rusiyada tamamilə fərqli düşünürlər. Yəni əksinə, ABŞ və Qərbin məğlubiyyətə məhkum olduğu ilə bağlı qənaətə gəliblər. Və əslindəsə, hər iki tərəfin propoqanda xarakteri daşıyan iddiaları eyni səviyyədə qüsurlu yanaşma təsiri bağışlayır.
 
Məsələ ondadır ki, yaxın gələcəkdə hadisələrin necə mənzərə yaradacağı hələlik təsəvvürlərdən xeyli uzaqdır. Üstəlik, indiki situasiyada mütləq qalibdən və ya məğlubdan danışmaq da bir qədər tezdir. Hətta müəyyən mənada, məntiqsizdir. Və buna əmin olmaq üçün hər iki tərəfin üzləşdiyi sosial-iqtisadi vəziyyəti diqqətə almaq tamamilə yetərlidir.

Çünki, Rusiyaya qarşı total xarakterli beynəlxalq sanksiyalar bu ölkənin iqtisadiyyatına və əhalisinin sosial durumuna heç bir halda, təsirsiz ötüşə bilməz. Böyük ehtimalla Rusiya cəmiyyətində tezliklə bu reallıqla daha ciddi şəkildə üzləşməyə başlayacaqlar. Və yəqin ki, məhz bundan sonra Kreml Rusiyanın üzləşdiyi sosial-iqtisadi problemləri tədricən etiraf etmək məcburiyyətində qalacaq.
 
24d70acd8d1b6f62b68acce5b853356c.jpg (164 KB)
 
Təbii ki, oxşar xoşagəlməz proseslər ABŞ və Qərbi də gözləyir. Rusiyanın enerji resurslarından imtina nəticəsində ABŞ və Avropa iqtisadiyyatı artıq indidən durğunluq dövrünə yaxınlaşır. Sosial-iqtisadi böhranın təhlükəli əlamətləri zaman keçdikcə, daha qabarıq şəkildə müşahidə olunur. Enerji böhranı Qərb iqtisadiyyatında artım tempini zəiflədir, əvəzindəsə, humanitar problemləri ön plana çıxarır. Məhrumiyyətlərə daha dözümlü Rusiya əhalisindən fərqli olaraq, ABŞ və Avropa dövlətlərinin vətəndaşları yüksək həyat şəraitindən uzaqlaşmağa hazır deyillər. Və bu, tezliklə kütləvi etiraz dalğası üçün stimullaşdırıcı faktora çevrilə verə bilər.
 
Ancaq mövcud situasiyadan maksimum səviyyədə mənfəət əldə edənlər də olmamış deyil. Bu kateqoriyaya ilk növbədə Qərbin silah sənayesini aid etmək olar. Çünki, Ukraynaya silah tədarük edən ölkələr öz köhnə hərbi ehtiyatlarını artıq bu məqsədlə istifadə edib, tükəndirməyə başlayıblar. Ona görə də, indi Ukrayna üçün tədarükçü rolunu oynayan əsas dövlətlər silah şirkətləri ilə həm öz hərbi ehtiyatlarını yenidən bərpa etmək, həm də rəsmi Kiyevin hərbi texnika tələblərini qarşılamaq məqsədilə yeni və bahalı müqavilələr bağlamaq məcburiyyətində qalıblar.
 
Göründüyü kimi, Rusiya və Ukrayna savaşır, NATO ölkələri bu müharibəyə onmilyardlarla dollar xərc çəkirlər. Ancaq hələlik Ukrayna savaşından birmənalı şəkildə qazananlar yalnız silah sənayesidir. Bu baxımdan, Ukrayna savaşının indiki situasiyada yeganə qalibi statusunda da məhz silah şirkətləri çıxış edirlər.
 
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR