İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna-Rusiya müharibəsi şiddətlənə bilər - Patruşev anonsunu verdi...

2129 02.11.2023 08:26 Dünya A A

Ukraynanın taleyi gələn ilin yazındakı əks-hücumun nəticəsindən asılı olacaq

Rusiya-Ukrayna müharibəsi növbəti mərhələyə qədəm qoyur. Qarşıda, qış aylarında şiddətli döyüşlərin başlayacağını düşünməyə əsas verən açıqlamalar, məlumatlar gəlməkdədir. “ABŞ Ukraynanı Rusiyaya qarşı hərbi əməliyyatlara hazırlayıb”. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Tomsk şəhərində keçirdiyi görüş zamanı çıxışında deyib. Patruşev ABŞ prezidenti Co Baydenin “Ukrayna və İsrailə hərbi yardım - uzaq gələcək üçün ABŞ-ın təhlükəsizliyinə fayda verəcək ağıllı sərmayədir” sözlərinin təsadüf olmadığını deyib.

Rusiya Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, ABŞ Ukraynanı hərbi-bioloji eksperimentlər üçün sınaq poliqonuna çevirib və onu Rusiyaya qarşı hərbi əməliyyatlar üçün hazırlayıb.

Nikolay Patruşev ABŞ-ın yürütdüyü siyasətin Yaxın Şərqdəki vəziyyəti gərginləşdirdiyini və münaqişəni qızışdırdığını diqqətə çatdırıb.

O, daha bir ilginc açıqlama verib: “Vaşinqton "Şimal axını" kəmərlərinin partladılmasında iştirak edib. ABŞ Ukrayna münaqişəsindən istifadə edərək, Avropa ilə Rusiya arasında iqtisadi əlaqələrin kəsilməsinə və iqtisadi rəqiblərin aradan qaldırılmasına nail oldu. Onlar öz iqtisadi problemlərini başqa dövlətlərin hesabına həll edirlər. Avropanın Rusiyadan qaz ala bilməməsi üçün “Şimal axını” qaz kəmərlərini partladıblar", - deyə Patruşev qeyd edib.

Patruşevin açıqlaması əslində müharibənin şiddətlənəcəyinin aonunsu kimi başa düşülür. Ukrayna bu döyüşlərdə tab gətirəcəkmi? Qərb prosesi haradək davam etdirməyi planlayır? ABŞ-ın dəstəyi azaltması şəraitində Ukraynanın Rusiya qarşısında dayanması mümkün olacaqmı?

Abutalıb Səmədov: Bundan sonra da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş  Komandan İlham Əliyevin ətrafında sıx birləşməliyik

Abutalıb Səmədov

Siyasi şərhçi Abutalıb Səmədov "Yeni Müsavat"a bildirdi ki, noyabr ayında Rusiya-Ukrayna cəbhəsində hərbi əməliyyatların səngiyəcəyi gözlənilir: "Builki əks-hücum kampaniyasına yekun vursaq deməliyik ki, bu kampaniya gözlənilən nəticələri vermədi. İşğal olunmuş ərazilərin təxminən 0,2 faizi azad olundu. Bu isə keçən illə müqayisədə həddən artıq azdır. Qərb isə artıq qərara gəldi ki, həqiqətən də quru əməliyyatlarını hava üstünlüyü olmadan aparmaq mümkünsüzdür və "mərhəmət" göstərib Ukraynaya qırıcı təyyarələr və uzaqmənzilli raketlər vermək qərarına gəldi. Ancaq problemlər də artmaqdadır. Artıq ABŞ Konqresi Ukraynaya yardımı indiyə qədər olan səviyyədə davam etdirmək istəmir, yardımın azaldılmasını tələb edir. Nəzərə alsaq ki, Respublikaçılar Konqresdə Nümayəndələr Palatasında çoxluq təşkil edirlər və tələb olunan 61 milyard dollar yardımı ayırmamaq üçün ciddi müqavimət göstərilir. Və aydındır ki, yardım ayrılmasa, Ukraynanın duruş gətirmək şansı yoxdur. Bir şey də aydındır. 2024-cü ilin yazında növbəti əks-hücum kampaniyası ola bilsin ki, Qərbin ümid bəslədiyi və ciddi dəstək verdiyi son kampaniya olacaq. Nəyin bahasına olur-olsun Ukrayna həmin kampaniyada ciddi uğurlara nail olmalıdır. İşğal altında olan ərazilərin ən azı yarısı azad olunmalıdır ki, ruslarla sülh danışıqları aparmaq bir qədər asanlaşsın. Ancaq buna nail olmaq mümkündürmü? Nəzərə alsaq ki, Rusiya bu əks-hücum kampaniyasına da ciddi şəkildə hazırlaşmağa çalışacaq, Ukraynanın qarşısında çox ağır vəzifə durur. Onu da nəzərə alsaq ki, 2024-cü ildə ABŞ-da prezident seçkiləri keçiriləcək və Demokratların qalib gəlmək şansı o qədər də yüksək deyil, Ukraynanı son dərəcə ağır günlərin gözlədiyini deməliyik. Çox güman ki, 2024-cü ilin əks-hücum kampaniyası tələb olunan nəticələri verməsə, Qərbdə yenə də "ərazidən imtina elə, sülh sazişinə nail ol və biz Ukraynanı NATO-ya qəbul edək" kimi təklif Kiyevə daha israrla irəli sürüləcək. Bu cür təklifləri qəbul etməkdən başqa ola bilsin ki, Ukraynanın başqa imkanı olmayacaq".

Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..."

 Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu da hesab edir ki, Rusiya-Ukrayna müharibəsi sanki ABŞ-ı yormağa başlayıb. Ona görə də artıq Ukraynaya dəstəyin azaldılması və hətta dayandırılması tələbləri səslənməyə başlayıb. Vəziyyət o həddə çatıb ki, ABŞ müdafiə naziri məsələ barədə pessimist açıqlama verib: “ABŞ müdafiə naziri Lloyd Ostin Senatın komitəsində keçirilən dinləmələrdə deyib ki, ABŞ Ukraynaya dəstəyini dayandırsa, Rusiya işğalçı müharibədə qalib gələcək. Ostinin fikrincə, Rusiya rəhbərliyi hiss edir ki, Qərb Ukraynanı dəstəkləməkdən yorulacaq” və bu zaman Moskva tezliklə üstünlük əldə edəcək. Ostin qeyd edib ki, ABŞ Ukraynanı dəstəkləməsə, bu baş verəcək və o zaman Putin qalib gələcək.

Lloyd Ostin haqlıdır. Pentaqon rəhbəri bu sözləri təsadüfən deməyib, bir sıra ölkədə, həmçinin Qərbdə Rusiya-Ukrayna müharibəsindən yorğunluq artmağa başlayıb. Bəzi Qərb ölkələri Ukraynaya dəstəyi azaltmaq barədə düşünür. ABŞ Konqresi belə büdcədə Ukraynaya yardımı nəzərdə tutmayıb. Polşa Ukrayna məhsullarının Avropa bazarına çıxarılmasının əleyhinədir, Macarıstan Avropa İttifaqının Ukraynaya dəstəyinin azaldılmasına çalışır. Növbəti il ərzində müharibədən yorğunluğun daha da artacağı ehtimalı var. Qərb ölkələrinin bir qismində “biz daha nə qədər Ukraynaya maliyyə və hərbi texnika göndərəcəyik” sualı tez-tez səslənməyə başlayıb. Bu gedişat Kremlin maraqlarına uyğundur. Ukraynanın müharibədə dönüş yaratması ilə Qərbdəki yorğunluğun qarşısını almaq olar".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR