İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna NATO-ya qəbul edilir? - SENSASİON DETALLAR

884 29.11.2023 16:17 Siyasət A A

"Ukrayna NATO-ya daha da yaxınlaşır".

APA xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən NATO-Ukrayna Şurası XİN rəhbərlərinin iclasından əvvəl Ukrayna XİN rəhbəri Dmitri Kuleba ilə birgə jurnalistlərə açıqlamasında deyib.

YENS.jpg (44 KB)

"Bu görüşümüz Ukraynanın NATO-ya daha da yaxınlaşdığını nümayiş etdirir. Biz bu iclasda Ukraynanın NATO-ya üzvlüyü yolunu müzakirə edəcəyik. Bütün müttəfiqlərimiz razılaşırlar ki, Ukrayna NATO-nun üzvü olacaq. Biz üzvlüyə gedən yolu, islahatları müzakirə edəcəyik. Həmçinin döyüş meydanındakı vəziyyəti və təcili ehtiyacları müzakirə edəcəyik.

Fürsətdən istifadə edib Ukrayna silahlı qüvvələrinin, siyasi rəhbərliyinin və Ukrayna xalqının cəsarətinə və qətiyyətinə heyranlığımı bir daha vurğulayıram. Siz Rusiya qüvvələrini şimal, cənub və şərq istiqamətindən geri otuzdurmusunuz, rus işğalçılarını ağır itkilər verməyə məcbur etmisiniz. Bütün bunlar Ukraynanın böyük qələbələridir.

Biz eyni zamanda Rusiyanı aşağı qiymətləndirməməliyik. İntensiv döyüşlərin getdiyini görürük. Biz yeni hava hücumlarına hazır olmalıyıq. Bizim Ukrayna ilə həmrəyliyimiz yalnız sözdə deyil, əməllərdə də təkrar olunmalıdır.

Biz Ukraynaya dəstəyi davam etdirməli və bunun həcmini artırmalıyıq. Ukraynanın qələbəsi bizim marağımızdadır", - Stoltenberq vurğulayıb.

Yens Stoltenberqin bu açıqlamaları Ukraynanın NATO-ya qəbul edilməsinə təşkilat üzvlərinin razı salındığının anonsudur, yoxsa sadəcə Ukrayna xalqında ümidin ölməməsi üçün verilən açıqlamalardan biridir? İndiki vəziyyətdə Ukraynanın NATO-ya üzv qəbul edilməsi mümkündürmü?

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov Musavat.com-a bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü uzun müddətdir müzakirə olunur və müharibədən əvvəl də var idi:

ilyas 1.jpg (33 KB)

“Nəinki Ukraynanın, Moldova və Gürcüstanın da NATO-ya üzvlüyü siyasi gündəlikdə hər zaman mövcud olub. Rusiyanı bu ölkələrə qarşı qəzəbləndirən faktorlardan biri də budur. O ki qaldı Ukraynanın NATO üzvlüyünə qəbulunun real olub-olmaması məsələsinə, burada önəmli məsələ NATO-nun Nizamnaməsinin 5-ci maddəsi ilə bağlıdır.

Çünki NATO-ya üzv dövlətlərin ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. Əgər ərazi bütövlüyü pozulubsa, o zaman NATO qüvvələri birgə hərəkət edərək ərazi bütövlüyünü təmin etməlidirlər. Aydındır ki, Ukraynada, Dnestryanıda, Abxaziya və Cənubi Osetiyada oxşar vəziyyətdir. Rusiyanın anneksiyası Ukrayna, Gürcüstan və Moldovanın NATO-ya üzvlüyünün qarşısını alır. Başqa cür ifadə etsək, NATO Rusiya ilə açıq şəkildə müharibədən çəkinir. Son dövrlər biz görürük ki, Gürcüstanla birlikdə Ukraynanın NATO-ya və Avropa İttifaqına üzvlüyü məsələsi gündəmə gəlir.

Mən ehtimal edirəm ki, Avropa İttifaqına üzvlük reallaşa bilər. NATO ilə bağlı məsələdə isə vəziyyət tamamilə başqadır. Çünki burada önəmli bir sual meydana çıxır. Ukrayna üçün Krım, Luqansk, Donetsk, Xerson və Zaporojye olmadan NATO-ya üzvlük maraqlıdırmı? Bu, baş tuta bilərmi və nələrə gətirib çıxara bilər?

Əlbəttə ki, Ukrayna və onun prezidenti ərazilərin itirilməsi ilə barışmır. Əks-hücum əməliyyatları da bu istiqamətdədir. Ukrayna xalqının iradəsi və prinsipial mövqeyi da bunu əks etdirir ki, bu ərazilər işğaldan azad olunmalıdır. Belə olan təqdirdə NATO-nun Ukraynanı öz sıralarına cəlb etməsi barədə deyilənlər yalnız motivasiya üçündür. Reallıqda isə NATO bu gün Ukraynanı üzvlüyə qəbul etmək fikrində deyil. Çünki real vəziyyət buna imkan vermir. Bu baxımdan düşünürəm ki, Ukraynanın NATO-ya qəbul edilməsi problematik məsələdir”.

Siyasi ekspert qeyd edib ki, Ukrayna Qərb üçün qırmızı xətt formasını almalıdır:

“Əgər Ukrayna bu müharibədə məğlub olarsa, ərazilərinin itirilməsi ilə razılaşmağa məcbur olarsa, Qərb onu bu reallığı qəbul etməyə məcbur edərsə, postsovet məkanında bundan sonra heç bir dövlət Qərbə inanmayacaq. Onsuz da bu inam hazırda sıfır həddinə yaxınlaşmış vəziyyətdədir, bu dəfə tamamilə sıfıra düşəcək. Ona görə də Qərb Ukraynanı itirərsə, Rusiyanın həm Şərqi Avropada, həm Baltikyanı ölkələrdə təsiri güclənəcək və Qərbin maraqları zərbə altına düşəcək”.

Etibar SEYİDAĞA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR