İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna böhranı “Euroviziya-2023"ü də ”vurdu"

1209 18.10.2022 08:00 Mədəniyyət A A

Bəzi ölkələr müsabiqədə iştiraka vəsait ayıra bilmir; Azərbaycan yarışmada iştirakını təsdiqlədi; Murad Arif: ”Bizə beynəlxalq yarışlar lazımdır"

Dünyanın bir sıra ölkələri Liverpulda keçiriləcək “Avroviziya-2023" beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina etmək qərarına gəlib. Bu barədə ”Eurovisionwolrd.com" məlumat yayıb. Bunlar-Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya və Bolqarıstandır.

Müsabiqədə iştirakdan imtina edən ilk ölkə Monteneqro olub. Yerli yayım şirkəti RTCG bu qərarı onunla əsaslandırıb ki, ölkənin, sadəcə, iştirak etmək üçün kifayət qədər büdcəsi yoxdur. Şimali Makedoniyanın MRT telekanalının məlumatına görə, ölkə iqtisadi və enerji böhranlarının yaratdığı yüksək xərclərə görə İngiltərəyə də müsabiqə iştirakçısı göndərməyəcək. Bunun ardınca Bosniya və Herseqovinanın BHRT yayım şirkəti də ölkənin müsabiqədə iştirak etməyəcəyini bildirib. Ölkə 2017-ci ildən maliyyə problemlərinə görə müsabiqədə iştirak etmir və bu il də, gələn il də musiqi yarışmasına “qayıtmaq şansı” yoxdur.

Nəzərə çatdıraq ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanın “Avroviziya 2023"də iştirakını təsdiqləyib.

İTV-nin Mərkəzi Aparat rəhbərinin müavini Ələsgər Vəliyev Musavat.com-a bildirib ki, 2023-cü ildə Böyük Britaniyada keçiriləcək "Avroviziya" maşhnı müsabiqəsində Azərbaycan da təmsil olunacaq.

Beləliklə, Azərbaycan qarşıdan gələn "Avroviziya" mahnı müsabiqəsində iştirakını indiyədək təsdiqləyən ölkələrin siyahısına qoşulur.

Qeyd edək ki, sonuncu dəfə 2022-ci ildə Turində keçirilən müsabiqədə Azərbaycanı gənc müğənni Nadir Rüstəmli “Fade to Black” mahnısı ilə təmsil edib.

Bəstəkar, Azərbaycanın “Avroviziya” beynəlxalq mahnı müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri olmuş İsa Məlikov “Yeni Müsavat”a bildirdi ki, hazırlıqlar hələ başlamayıb: “Hələ çox tezdir. Ümumiyyətlə, hazırlıq prosesinə start verilməyib. Adətən hazırlıqlar qış aylarından başlanır. Mənim nümayəndə heyətinin rəhbəri olub-olmayacağım sual altındadır. Bu, yaxın həftələrdə bəlli olacaq”.

Bakı Musiqi Akademiyası - Axundova-Dadaşzadə Zümrüd

Zümrüd Dadaşzadə 

Əməkdar incəsənət xadimi, professor, “Avroviziya” mahnı müsabiqəsinin münsiflər heyətinin üzvü olmuş Zümrüd Dadaşzadə “Yeni Müsavat”a mövzunu bu cür şərh etdi: “Azərbaycan təmsilçilərinin "Avroviziya"da təqdim etdiyi musiqi nömrələri yadda qalıb. Xatırlayıram ki, Azərbaycan 2008-ci ildə müsabiqədə təmsil olunmağa qərar verəndə də müzakirələr olmuşdu. Açığı desəm, əleyhdarlar çox idi. Mən və bir neçə həmkarım isə tərəfdar olduq, çünki Azərbaycan müstəqilliyini bərpa etmiş dövlət kimi geniş auditoriyası olan meydanda tanınmalıdır. Azərbaycanın tanınması baxımından bu müsabiqənin rolu az deyil. Bir dəfə qalib də olmuşuq. Adları çəkilən ölkələrin müsabiqədə iştirakdan imtina etməsinin əsas səbəbi müharibə deyil. Bu müsabiqə ilə bağlı məyusluq yaranıb. İldən-ilə qaliblər başqa meyarlar əsasında  müəyyənləşir. Musiqi, sənət, peşəkarlıq deyil, qalmaqal üzərində qurulmuş musiqi nömrələri üstünlük təşkil etməyə başlayıb. Musiqiyə aidiyyəti olmayan məqamlar qabardılır və bunun əsasında qalibiyyət əldə olunur. Son illər səsvermə prosesində də qeyri-müəyyənlik yaranıb. Ölkələrin hansı meyarlara əsasən müsabiqədən kənarlaşdırıldığı bəlli deyil. Gənc ifaçılar üçün müsabiqə sınaq meydanıdır. İndiki şəraitdə iştirak məsələsi ilə bağlı dəqiq söz demək çətindir. Mən musiqişünas kimi bu müsabiqəyə marağımı itirmişəm. Azərbaycan iştirak etsə, milli musiqi üzərində yazılan mahnı ilə çıxış etsə, təbliğat olar".

Biznes planımı mükəmməl qurmuşam" - Murad Arif - FOTO

Murad Arif 

Bəstəkar və müğənni Murad Arif isə hesab edir ki, Azərbaycana beynəlxalq yarışlar lazımdır: “Fərqi yoxdur, mədəniyyət, idman və ya başqa sahə, vacib xərcləri qarşılaya biliriksə, iştirak etməyə, adımızın hallanmasına, öndə olmağa çalışmalıyıq. Hər hansı ölkə şəxsi səbəblərə görə müsabiqədən imtina edə bilər.  "Avroviziya" müsabiqəsinə üzvlük xərcləri lazımdır. Yəqin ki, bəzi ölkələr bunun marağında deyil. Bəzi ölkələrin tanınmağa ehtiyacı yoxdur, ona görə də qalibiyyət üçün can atmır. Azərbaycan postsovet ölkəsidir. Hesab edirəm ki, bizim Avropaya deyə biləcəyimiz və göstərə biləcəyimiz çox şey, o cümlədən sənətimiz var. Sadəcə olaraq, sənət Azərbaycana məxsus olmalıdır. Mən yalnız bu şərtlərlə “Avroviziya” müsabiqəsində iştirakımızı məntiqli hesab edirəm".

Qeyd edək ki, qaydalara uyğun olaraq, “Avroviziya-2023" mahnı müsabiqəsi qalib ölkədə - Ukraynada keçirilməli idi. Lakin Avropa Yayım Birliyi (EBU) təhlükəsizlik nöqteyi-nəzərindən yarışmanın başqa ölkədə keçirilməsini qərara alıb. Sonuncu "Avroviziya"da ikinci yeri Britaniya müğənnisi tutduğundan müsabiqəyə ev sahibliyi etmək hüququ Birləşmiş Krallığa verilib. Böyük Britaniya əvvəllər “Avroviziya”nı səkkiz dəfə qəbul edib. Lakin müsabiqə heç vaxt Liverpulda keçirilməyib. “Avroviziya-2023" 11 min tamaşaçı tutan, yaxınlığında konfrans mərkəzi, hotellər və dəmir yolu vağzalı olan liman arenasında - M&S Bank Arenada keçiriləcək.

Nigar HƏSƏNLİ,
“Yeni MÜSAVAT”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR