İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna böhranı Azərbaycanın tranzit rolunu gücləndirəcək - mühüm gəlişmə

960 12.03.2022 08:30 İqtisadiyyat A A

Qazaxıstan ölkəmiz üzərindən 18 milyon ton yük daşımaq istəyir

Rusiyaya qarşı sanksiyaların dərinləşməsi fonunda onun neft-qaz ixracının məhdudlaşdırılması perspektivi getdikcə artır. Yaxın günlərdə Kanada və ABŞ-ın ardınca daha bir neçə ölkənin Rusiya neft-qazından imtina edəcəyi gözlənilir. Prosesin davamlı olacağı, 2022-ci ilin sonunadək Avropa Birliyi ölkələrinin də Rusiyadan neft alışını tamamilə, qaz alışını isə qismən dayandıracağı ehtimalı çox böyükdür.

Neft-qazın alınmasının dayandırılmasından əlavə, dünyanın əksər yükdaşıma şirkətləri Rusiyaya, Rusiyadan və bu ölkə üzərindən tranzit yükdaşımaları dayandırıblar. Ukraynada hərbi əməliyyatların getməsi, Belarusun da sanksiya siyahılarına daxil edilməsi yaxın və ortamüddətli dövrdə həm Rusiya, həm də Belarus üzərindən Avropaya yükdaşımaların tamamilə dayanmasını şərtləndirir. Bütün bunlar Asiyadan Avropaya Rusiya üzərindən yükdaşımalara alternativ olaraq Azərbaycanın rolunu artırır.

Artıq bu prosesin başlandığını söyləyə bilərik. Belə ki, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistandan Rusiya üzərindən Avropaya yükdaşımalarda böyük problemlər yaşanır. Bir çox şirkətlər Rusiyadan keçən heç bir yükü qəbul etmir. Bu isə Asiya ölkələrinin ticarət əlaqələrində qırılmalara gətirib çıxarır. Buna görə də Asiya ölkələri, xüsusilə yükdaşımalarda açar ölkə olan Qazaxıstan yüklərin Azərbaycan üzərindən daşınmasını təşkil etmək üçün hərəkətə keçib.

İki gün əvvəl Qazaxıstanın hökumət nümayəndələrinin Bakıya rəsmi səfəri baş tutub. Astana Azərbaycana Qazaxıstandan Avropaya ixrac yüklərinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə istiqamətinin dəyişdirilməsini təklif edib. Bunu Qazaxıstanın “Samruk-Kazyna” Açıq Səhmdar Cəmiyyətinin sədri Almasadam Satkaliyev deyib.

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan İnvestisiya Holdinqinin rəhbəri Ruslan Əlixanov və SOCAR-ın vitse-prezidenti Rövşən Nəcəflə  görüşüb. Görüşdə Qazaxıstan nefti və digər yüklərinin Azərbaycan üzərindən Avropaya daşınması əsas müzakirə mövzusu olub. Tərəflər mövcud marşrutlara alternativ ola biləcək Azərbaycan ərazisindən neft nəqli sahəsində mühüm əməkdaşlıq potensialını qeyd ediblər.

Azərbaycan etibarlı tranzit ölkəyə çevrilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə də görüşüb. Görüş zamanı dəhliz üzrə nəqliyyat tariflərinin unifikasiyası, ölkələr ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri ilə yükdaşımaların həcminin artırılması üçün gömrük prosedurlarının sinxronlaşdırılması ilə bağlı müzakirələr aparılıb. Görüşdə vurğulanıb ki, Azərbaycan və Qazaxıstanın coğrafi xüsusiyyətləri - onların Avropa və Asiyanın ən böyük iqtisadi mərkəzləri arasında yerləşməsi ölkələr arasında səmərəli və yaxşı qurulmuş nəqliyyat şəbəkəsinin təmin edilməsi üçün real zəmin yaradır. Marşrutun inkişafına əlavə təkan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisinin başa çatdırılması oldu. Bu, Çindən Qazaxıstan vasitəsilə Türkiyəyə çatdırılma müddətini 12 günə endirməyə imkan verib.

Nazir qeyd edib ki, qonşu tranzit dəhlizlərin yaratdığı rəqabət şəraitində Orta Dəhlizə tranzit yüklərinin cəlb edilməsi üçün dəhlizin səmərəliliyi, daşımaların müntəzəmliyi, tariflərin optimallaşdırılması və ən əsası dəhliz boyu yerləşən ölkələrin tranzit yüklərinə münasibətdə tənzimləmə və gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması vacibdir

Qeyd olunub ki, regionda baş verən hadisələr, geosiyasi vəziyyət yeni reallıq yaradıb. Bu reallıq əməkdaşlığın yeni çərçivəsinin nəzərdən keçirilməsini və tranzit-nəqliyyat əlaqələrinin qurulmasını diktə edir: “Vahid nəqliyyat sisteminin yaradılması layihəsinin icrası çərçivəsində müştərək şirkətin yaradılması və nəqliyyat-logistika biznes fəaliyyətinin aparılması, gömrük işinin sadələşdirilməsi üçün ümumi təlimatların müəyyən edilməsi zəruridir”.

Görüşün yekunu olaraq “Samruk-Kazyna” ASC ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında birgə müəssisənin yaradılması və nəqliyyat-logistika fəaliyyətinin həyata keçirilməsinə dair protokol imzalanıb.

Qazaxıstan eyni zamanda Tacikistanla iki respublikanı birləşdirən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə birgə müəssisənin yaradılmasını müzakirə edib. Birgə müəssisə hər iki ölkənin yüklərinin Azərbaycan üzərindən Avropaya daşınmasını təmin edəcək. İki ölkə nümayəndələrinin görüşü Bakıda keçirilib. Qazaxıstan nümayəndələri öz bəyanatlarında qeyd ediblər ki, birgə müəssisənin yaradılması “tariflərin müəyyən edilməsi və malların bəyan edilməsi, vahid İT həllərin tətbiqi və bu marşrut üzrə tranzit yüklərin birləşdirilməsi yolu ilə məsələləri həll etməyə” imkan verəcək.

Qazaxıstan baş nazirinin mətbuat katibliyinin açıqlamasına görə, ölkə Azərbaycan və Gürcüstan üzərindən ildə 10 milyon ton yük daşımağı planlaşdırır. Qazaxıstan baş baziri bu barədə hökumətin Ukrayna böhranı ilə əlaqədar antiböhran qərargahının toplantısında məlumat verib.

Yükdaşımaların təşkili ilə bağlı Qazaxıstan rəsmiləri Azərbaycanla yanaşı, Gürcüstanda da dövlət nümayəndələri ilə müzakirələr keçiriblər: “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi üçün tərəflər birgə müəssisənin yaradılmasına dair qərar qəbul ediblər. Bu müəssisə qarşılıqlı tarifqoyma, yüklərin bəyan edilməsi, vahid İT həllərin tətbiqi, tranzit yüklərin konsolidasiyası məsələləri ilə məşğul olacaq. Bütövlükdə marşrutla ildə 10 milyon tona yaxın yüklərin, o cümlədən 200 minədək konteynerin daşınması imkanı var”.

Qazaxıstan hökuməti daşıyıcılara alternativ marşrut olaraq Azərbaycan üzərindən daşımalara keçmələrini tövsiyə edib. Artıq Qazaxıstanın “Artselor Mittal Temirtay” SC 50 min ton metal məhsulunu Azərbaycan üzərindən daşımağa hazır olduğunu açıqlayıb.

Qazaxıstanın Xəzər dənizindəki limanlarının illik ötürücülük gücü 23,7 milyon tondur. Bunun 14,7 milyon tonu(9,5 milyon ton neft, 2,5 milyon ton quru yüklər, 0,7 milyon ton dənli bitkilər, 2 milyon ton bərə yükləri) Aktau, 6 milyon tonu Kurık (dəmiryol terminalı 4 milyon ton, avtomobil terminalı 2 milyon ton), 3 milyon tonu Aktaunun Şimal terminalının(1,5 milyon ton dənli bitkilər, qalanı quru yük) payına düşür. Hazırda bu limanlara 18 milyon tona yaxın yükün yönləndirilməsi mümkündür.

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar fonunda bu ölkə ərazisindən Qazaxıstan neftinin Avropa bazarlarına daşınması sahəsində də problemlər yaratmaqdadır. Belə ki, Qazaxıstandan neft Xəzər Boru Konsorsiumunun boru xəttilə Rusiyanın Novorossiysk limanına çatdırılır. Kəmərlə Rusiya nefti də daşındığına görə iki ölkənin məhsulu bir-birinə qarışır. Hazırda alıcılar Novorossiysk limanlarından neft almağa cəsarət etmədiklərinə görə Qazaxıstandan ora çatdırılan neft partiyalarının satışında ciddi çətinliklər yaşanır. Qazaxıstanın Rusiya üzərindən Qara dəniz limanlarına çatdırılan neft həcmlərini satmasında da problemlər var - Ukraynaya hərbi müdaxilə Qara dənizdə mülki gəmilərin hərəkətini məhdudlaşdırıb. Buna görə də Qazaxıstan neftinin bir hissəsini Azərbaycan üzərindən daşımaq niyyətindədir.

Forbes" Ələt limanı haqqında süjet hazırlayıb - FED.az

Qazaxıstan neft hasilatını sürətlə artırmaqdadır. ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Qazaxıstan üzrə 2022-2023-cü illər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yüksəldib. Quruma görə, bu il Qazaxıstanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 2,02 milyon barel olacağı ehtimal olunur, bu da əvvəlki proqnoz göstəricisindən 0,01 milyon barel çoxdur.

2021-ci ildə Qazaxıstanın neft ixracı 67,6 milyon  təşkil edib. Ümumi hasilatı 85,7 milyon ton olub ki, bunun da  17,1 milyon tonu emala yönəldilib. Qazaxıstanın hazırda gündəlik neft ixracı 1,2 milyon barel təşkil edir.

2021-ci ildə Xəzər Boru Kəməri ilə Rusiya üzərindən 53 milyon tondan bir qədər artıq Qazaxıstan nefti nəql olunub. Daha 2 milyon ton Çinə satılıb. Çinin aşağı qiymət təklif etməsi nəticəsində Qazaxıstan imkan olsa da, neçə illərdir bu ölkəyə neft satışını artırmır.

Buna göpə də ölkə öz məhsulunun mümkün qədər daha çox hissəsini Azərbaycan üzərindən Qərb bazarlarına çatdırmağa çalışır.

Azərbaycanın neft daşımaları üçün mövcud infrastrukturuna Qərb İxrac Boru kəməri, Bakı-Tiflis-Ceyhan Əsas İxrac boru kəməri və dəmiryol daşımaları aiddir. BTC-nin cari ötürücülük gücü gündəlik 1,2 milyon barel təşkil edir. İldə 60 milyon ton neft nəql etmək mümkündür. Lakin hazırda bu gücünün yarısından azından istifadə olunur. Belə ki, 2021-ci il ərzində BTC vasitəsilə təxminən 26,4 milyon ton (təxminən 200 milyon barel) xam neft və kondensat Türkiyənin Ceyhan limanından dünya bazarına yola salınıb.

Ümumilikdə, 2021-ci ildə Azərbaycan xaricə 28,1 milyon ton neft ixrac edib. Azərbaycan neftini Qara dəniz sahillərinə nəql edən Qərb İxrac Boru Kəməri (QİBK) Supsa terminalına qədər uzanır. Bu boru kəmərinin uzunluğu 829 kilometrdir. Kəmərin sahibi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətidir. 2021-ci ildə Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə 31 milyon barel neft ixrac edilib. Kəmərin illik nəqletmə gücü 5,1 milyon tondur.

Azərbaycanın dəmiryolu sistemi ilə nə qədər neftin daşınmasının mümkün olduğuna dair məlumat açıqlanmır. Mövcud boru kəmərlərinin illik nəql gücü 65 milyon tondan çoxdur. Hazırda onun 28 milyon tonundan istifadə olunur. Bu isə o deməkdir ki, Azərbaycan ildə əlavə olaraq 30 milyon tona yaxın neft nəql etmək gücündədir.

İlham Şaban: “Qazanc risklərin qarşısının alınmasına səfr edilir”

 İlham Şaban

Lakin enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, Qazaxıstan neftinin Rusiya üzərindən daşınması sahəsində problemlər getdikcə dərinləşəcək: “Buna görə də ölkə neft nəqlini mümkün qədər diversifikasiya etməyə çalışır. 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevlə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında neft nəqlinə dair dövlətlərarası memorandum imzalanıb. İndiyədək bu sənəd lazımi qədər icra olunmayıb. Sənəddə Qazaxıstanın Şimalındakı yataqlardan Kurık limanına neft kəmərinin çəkilməsini və ildə 10 milyon ton neftin tankerlər vasitəsilə Azərbaycan üzərindən nəqlinin təmin olunmasını nəzərdə tuturdu. Hazırda BTC-nin daşıma gücünün yarısı boşdur. Bizim öz tankerlərimiz və qonşu ölkələrin tankerləri ilə 20 milyon tonj nefti daşımağa qadirik. Yəni Qazaxıstan neftinin mühüm bir hissəsini rahatlıqla daşıya bilərik”.

Ukraynadakı müharibə, dünyanın Rusiyaya qarşı açdığı iqtisadi savaş şəraitində Azərbaycanın enerji məhsullarına, həmçinin tranzit imkanlarına tələb sürətlə artır. İndiyədək ölkədə qurulan infrastruktur bu imkanlardan yararlanmağa şərait yaradır.

DÜNYA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR