İnsanlara hürriyət, millətlərə istiqlal!

Uça bilməyən pilotların şousu, xalqın xahişi

5343 01.06.2022 08:46 Yazarlar A A

İki-üç il idi yay məzuniyyətinə bu günlərdə çıxırdım. Yaxın dostlar deyirdi, yay hələ başlamayıb, dənizin suyu qızmayıb, Kəbleyinin sözü olmasın, qışın ortasında bu nə yaylağa çıxmaqdır. Deyirdim, iş və ev yolunda “Formula”nın tıxaclarında qalıb əsəbiləşməkdənsə, salamatı ya evdə oturmaq, ya da tıxac olmayan yerlərə getməkdir.

Bu il alınmadı, türkün sözü, əlverişsiz hava koşşulları səbəbiylə palto-plaşdan gec çıxdıq, yay tətili havasına köklənə bilmədik, bir də gördük, budur ha, “Şeytan çarxı”nın tuşunda, “Formula”nın tıxacındayıq.

Bilənlər bilir, şəhərin mərkəzində, “Azneft”dən meydanından, bakılılar demişkən, “domsavet”əcən yolları daraldıblar, “Formula”nın pilotları üçün pistlər düzəldiblər ki, onlar bolidlərini vığıldada-vığıldada şütüdə bilsinlər.

1556272238_405cc2cf3fb6086.jpg (62 KB)

Yeri gəlmişkən, bütün dünya “Formula” sürücülərinə niyə “pilot” deyirlər, bilmirəm. Uçurlar ki? Bir az bərk sürürlər, vəssalam, heç yerdən bir santim də yuxarı qalxmırlar. Qalxa bilsəydilər, iki il qabaq biri maşınının altını kanalizasiya quyusunun qapağına vurub ölkəmizə zibilə salmazdı. Pilot olan kəs bir az hündürdən sürər. Nəysə. Bu heç. Qayıdaq “Azneft”ə.

“Azneft” nə gəzir? Daha dəqiqi, “Azneft”i binası da yerindədir, meydan da. Sadəcə, meydanda meydanlıq qalmayıb, orasını-burasını bağlayıblar, aeroportlarda düzəldilən dəmir məhəccərlər (növbə pozulmasın deyə) kimi bir şey düzəldiblər. Yol polisləri yerli sürücülərə alternativ yollar təklif edirlər. O yollar isə Bayıl qəsəbəsinin içindəki təkmaşınlıq yollardır, hamı ard-arda düşüb, metr-metr irəliləməlidir. Hesab edin ki, min maşınlıq yolla getmək üçün yüz min maşın iddialıdır. Get görüm, necə gedirsən. 2 dəqiqəlik yolu 1 saata keçənlər gözəgörünməzə şükür, gözə görünənlərə isə giley-güzar edir.

44.jpg (49 KB)

Üç il əvvəl o yolda darkeşlik üzündən bir yol iştirakçısı ilə anlaşa bilmədik və avtomobillərimiz sürtüşdü. Xırıltılı təmasdan sonra enib xəsarət yerlərinə baxdıq. Övladını məktəbə aparan sürücü mədəni adam çıxdı, köks ötürdü, hüznlü bir görkəmlə dedi: “Hər il “Formula” keçiriləndə maşınımı vururlar”. Dedim, məndə vurulma birinci dəfədir, amma bir dəfə tıxacda maşının ventilyatoru xarab oldu, radiatorun suyu qaynayıb-daşıb asfalta axdı.

Gerçəkdən elə olmuşdu və mən tək deyildim. Məndən başqa da evakuator axtaranlar vardı. Tıxacda evakuator tapmaq çətindir, tərs kimi.

Dediyim odur ki, hər il bu vədələr paytaxt sakinləri və şəhərimizin qonaqları qara günlərini qablayırlar: “Necə olacaq, görəsən? Yenə yolları bağlayacaqlar, yoxsa bu dəfə bir normal çıxış yolu tapacaqlar ki, camaat yollarda əziyyət çəkməsin?”.

284089453_10224957339793477_4728838402151516834_n.jpg (143 KB)

İldən-ilə hiss olunur ki, əlaqədar yoldaşlar camaatın yollarda çox əziyyət çəkməməsinə çalışırlar, amma yenə də həmişəki kimi alınır, nəinki çıxış, heç giriş yolu da tapılmır.

Əslində isə bu situasiyadan iki optimal çıxış yolu var: Birincisi budur: Bibiheybət məscidinin yanından, balıq restoranları olan yerdən dənizin üstü ilə Ağşəhərə və ya Günəşliyə körpü salmaq. 10-15 il öncə bir Cənubi Koreya şirkəti 150 milyard dollata bu işi görə biləcəyini iddia edirdi. Fəqət, deyəsən, ya o 150 milyarddan bizimkilərə bir şey qalmırdı, ya da əlimizdə olan pul çatmırdı, nəydisə, o sövdə üzrə razılıq əldə olunmadı.

555.jpg (7 KB)

İkinci çıxış yolu daha sadədir: “Formula 1” yarışlarının keçirilməsindən imtina etmək. Bu halda qalib pilotlar şampan şərabını bir-birinin üstünə başqa yerdə fısqırdarlar, 150 milyardımız cibimizdə qalar, paytaxt sakinlərinin canı, yol polislərinin qulağı dincələr. Hətta yarışlardan imtina etməmək, onu Hacıqabul tərəflərdə təşkil etmək olar, hamı da məmnun qalar. Qoy pilotlar Padara qədər uçsunlar, sonra dövrə vurub geri qayıtsınlar.

Düzü, indiyə qədər bu yarışların bizə nə kimi faudası olub, bilmirəm. Deyilənə görə, çox faydası var. Bu barədə hey danışırlar, amma yarışı izləmək üçün quraşdırılmış skamyaların böyük hissəsini boş görəndə hiss edirsən ki, camaatımızın bu yarışa meyli yoxdur. Ondansa İsmayıl YK gəlib “bas qaza, aşkım, bas qaza” oxusa, bəlkə də anşlaq olardı.

Öcəşmək üçün demirəm, eləcə hökumətdən xahişim budur ki, imkan varsa, gələn il canımızı bu zülmdən qurtarsın. Yox, imkan yoxdursa, ta keçib, yenə də özləri bilən məsləhətdir, zülm çəkmək regionumuzun alın yazısıdır, eybi yox.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR