İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç ildir davam edən mina müharibəsi - Qarabağ bu problemdən nə vaxt qurtulacaq...

498 28.11.2023 11:28 Siyasət A A

Hərbi ekspert: “Beynəlxalq təşkilatlar lazımi dəstək vermir, əraziləri minadan tam təmizləməyə bir neçə on il lazım olacaq”

Azərbaycan ukraynalı xilasedicilərə “Revival P” tipli yeni tırtıllı minatəmizləmə maşını təhvil verib. “Yeni Müsavat” bildirir ki, bu məlumatı Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti yayıb. “Azərbaycan Poltava vilayətinin xilasedicilərinə "Revival P" mexanikləşdirilmiş minatəmizləmə avtomobilini təhvil verib", - məlumatda bildirilib.

Bundan başqa, qeyd edilir ki, avadanlıq istehsal edən şirkətin nümayəndələrinin Ukraynaya gəldiyi və ukraynalı mütəxəssislər üçün treninqlər keçəcəyi də vurğulanıb. Məlumdur ki, Qarabağ dünyanın minalarla ən çox çirklənmiş ərazilərindən sayılır. Azərbaycanın özündə neçə belə maşın var və özümüzün ehtiyacı olduğu halda Ukraynaya minatəmizləyən maşın verməyimiz nə dərəcədə doğrudur? Artıq il başa çatmaq üzrədir, 3 ildə işğaldan azad edilən ərazilərin neçə faizi təmizlənib?

“2020-ci ildə Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 300-dən çox insan minaların qurbanı olub”. Bunu ötən həftə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib. “Azərbaycan Ordusu işğaldan azad edilmiş ərazilərdə aparılan yoxlama zamanı Rusiya sülhməramlıları ilə birlikdə xeyli sayda silah-sursat və hərbi texnika aşkar edib”, - o vurğulayıb. A.Eyvazov qeyd edib ki, müharibə başa çatdıqdan sonra azad edilmiş ərazilərin bərpası, mina və partlamamış hərbi sursatların təmizlənməsi, yolların və kommunikasiyaların qurulması istiqamətində tədbirlər həyata keçirilir. 3000-dən çox tank, 10 000-dən çox piyada əleyhinə mina aşkarlanıb. Həmin hərbi sursatlar arasında dronlar da var. Bunu da MN rəsmisi açıqlayıb. ANAMA isə keçən həftə açıqladı ki, 737.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Ramil Məmmədli: “Ermənistan Azərbaycanla sərhəddə yeni müdafiə xətti qurur”

Ramil Məmmədli 

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a qeyd etdi ki, ümumiyyətlə, minalardan təmizlənmə prosesi müharibədən sonra bir neçə istiqamətdə başlamışdı: “Bu proses həm hərbi strukturların minatəmizləmə, həm humanitar qurumların iştirakı ilə keçirilirdi. Hərbi strukturların mühəndis-istehkam qurğularına bölmələr, mülkiyə isə ANAMA aiddir. Hər ikisi üçün ağır prosesdir. Bu çətinliyə səbəb regionun dağlıq və keçilməz ərazilərdən ibarət olmasıdır. Həmçinin mülki infrastrukturun dağılması əsas problemdir. Eyni zamanda ərazilərin uzun müddət ermənilərin işğalında olması işi ağırlaşdırıb. Çünki tək təmas xəttini minalamayıblar. Məzarlıqlar belə minalanıb”. Hərbi ekspertin sözlərinə görə, Azərbaycan müasir texnologiyalara müraciət edir: “Eləcə də müasir mexanizmlərdən istifadə edilir. Hətta Fövqəladə Hallar Nazirliyi mina təmizləməyə cəlb edilib. Amma texnologiya və insan tələbatına ehtiyac qalmaqdadır. Mina təmizləyən peşəkar döyüşçüdür sanki. Onlar real döyüşə gedirlər. Çünki bir dəfə səhv onların və yoldaşlarının həyatı bahasına başa gələ bilər. Ona görə təcrübəsi az olan adamları bu işə cəlb etmək olmaz. Beynəlxalq təşkilatlar da lazımi qədər bizə dəstək vermir. Bəzi layihələr var, amma yetərli deyil. Küveytin minadan təmizlənməsi, Ukraynanın azad edilən şimal ərazilərində minatəmizləmədə Avropa təşkilatlarının fəallığı var. Bizdə belə deyil. Üstəlik, milyonlarla vəsait tələb edən işdir. Bir sözlə, həlli bahalı problemdir. Və bizə bu əraziləri minadan tam təmizləmək üçün bir neçə on il lazım olacaq. Çünki 10 min kvadratkilometrdən çox ərazini əhatə edir. Yəni böyük ərazidir. Mina təmizləməkdə çətinlik yaradan həm də əhalinin azad edilən ərazilərə köçürülməsidir. Ona görə də maariflənmə işləri aparmaq lazımdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR