İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə yaşayan azərbaycanlı jurnalist: “Bütün dünyanı Şuşada birləşdirmişik”

909 22.04.2022 16:10 Media A A

“Dünya Azərbaycanlıların Qurultayında ilk dəfədir iştirak edirəm. Möhtəşəm duyğular yaşayıram: sevinc, təəccüb”.

Bu fikirləri Musavat.com-a Türkiyədə yaşayan azərbaycanlı jurnalist Məhsəti Şərif Özyürək Şuşada keçirilən Zəfər qurultayı ilə bağlı təəssüratlarını bölüşərkən bildirib: “Mənim üçün ikiqat bayramdır. Həm qurultayda iştirak etmək nəsib olub, həm də doğma yurduma gəlmişəm. Əslində, hisslərimi sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Qarabağ torpağına, Şuşaya ayaq basanda pis olmuşdum çünki bu torpaqda doğulmuşam, keçmişim, uşaqlığım bura ilə bağlıdır. 30 il sonra dünya azərbaycanlılarının həsrətinə son qoyulub, Şuşaya toplaşıblar. Bu, bizim üçün yuxu idi, möcüzə idi. Ümidsizliyə qapılmışdıq. İndi isə hər şey fərqlidir. Hər kəs Qarabağda görüşür. Sonuncu dəfə 13 il öncə gördüyüm həmkarlarım, dostlarımla Şuşada görüşürəm”.

Jurnalist dünyada yaşayan azərbaycanlıların bir-birilə sıx əlaqələrinin önəmini vurğuladı:“Dünyada yaşayan azərbaycanlılarla əlaqəni saxlamaq üçün bu cür qurultaylara ehtiyac var. Dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar bu gün Şuşadadır. Bütün dünyanı Şuşada birləşdirmişik. Mən Türkiyədə yaşayıram. Qonşum “whatsapp” statusumda gözüm dolmuş şəkillərimə baxıb və mənə yazıb ki, sənin şəkillərinə baxanda ağladım. Sən Vətəninə, Qarabağa qovuşmusan. Sənə görə çox mutluyam. Qurultayın keçirilməsi həm də informasiya mübadiləsi baxımından önəmlidir. Burada çəkdirdiyim şəkillərlə həm də görsəl informasiya ötürürük. Qarabağın azad edilməsindən sonra bu cür tədbirlərin keçirilməsi mühümdür. Xarici media nümayəndələri, təşkilatların üzvləri də gəlib paylaşımlar edirlər. Təbii ki, onlar bizim kimi hiss edə bilməzlər. Bizim ürəyimiz isə Vətənlə döyünür”.

M.Ş.Özyürək vurğuladı ki, qurultayın açılışında ölkə başçısının çıxışı möhtəşəm idi: “Ayaqda alqışladıq. Hər bir fikri manşet idi. Bu, dünyaya mesaj idi”.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR