İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə terror təhdidi - Ermənistanla birgə əməliyyatdan sonra....

1300 29.09.2022 09:30 Region A A

İki PKK-çının Türkiyəyə verilməsi Ermənistanda kəşfiyyat və ədliyyə sistemi arasında qalmaqala səbəb olub, terrorçularla İrəvan arasında narazılıq yaranıb, bunun ardınca qardaş ölkə xain hücumla üzləşdi; ekspert: “Bu, Ermənistanın PKK əleyhinə ilk addımıdır”

Türkiyədə yenidən terror həyəcanı başlayıb. Bir müddətdir qardaş ölkədə qanlı olaylar səngisə də, Mersin vilayətinin Mezitli rayonunun Deniz məhəlləsində Polis Evini mühafizə edən polis əməkdaşlarına silahlı hücum olub. “Yeni Müsavat”ın xəbərinə görə, terroru törədən qadınlardan birinin şəxsiyyəti müəyyən olunub. Ələ keçən “Zozan Tolan” ləqəbli Dilşah Ercan PKK/KCK terror təşkilatlarının üzvüdür.

O, 2013-cü ildə Mersində terrorçulara qoşulub və İraqın şimalında Qəndil bölgəsindəki terror düşərgələrində təlim keçib. Türkiyədə terror təhdidinin yenidən baş qaldırması Ermənistandakı iki məşhur terrorçunun (Atilla Çiçək və Hüseyn Yıldırım) saxlanılaraq qardaş ölkəyə təhvil verilməsindən dərhal sonraya təsadüf etməsi müəyyən şübhələrə yol açır. Nəzərə çatdıraq ki, sentyabrın 25-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti Kürdüstan Fəhlə Partiyasının (PKK) iki silahlısını saxlayıb və sonra Türkiyə kəşfiyyatı MİT-ə təhvil verib.

Daim PKK terrorçuları ilə əlbir olmuş Ermənistanın bu addımı maraqla qarşılanmışdı və sensasion gedişat hesab olunurdu. Belə rəylər də vardı ki, PKK terrorçuları ilə mübarizədə Türkiyə-Ermənistan əməkdaşlığı Yaxın Şərqdə kürd-erməni terrorçularının müttəfiqliyini, bütövlükdə iki toplum arasında ənənəvi isti münasibətləri darmadağın edəcək. Bunun ardınca Türkiyədə baş verən terror belə fikirlər yaradır ki, bəlli güclər bunu bir xəbərdarlıq kimi edə bilərlər. Yəni Ermənistanla terrorçuların əməkdaşlığına dair gizli-aşkar anlaşmanı pozmağa, tormozlamağa çalışırlar. Bu versiya inandırıcıdırmı və inandırıcıdırsa, bununla nəyəsə nail ola bilərlərmi?

Asif Nərimanlı: "Avropanı “qazla boğmaq” və..."

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Ermənistanın PKK-nın iki üzvünü Türkiyəyə təhvil verməsi maraqlı məqamları da ortaya çıxardı: “Birincisi, bu hadisə Ermənistanda kəşfiyyat və ədliyyə sistemi arasında qalmaqala səbəb oldu. İkincisi, tarix boyu erməni terror təşkilatları ilə çiyin-çiyinə addımlayan, I və II Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşmüş PKK ilə İrəvan arasında narazılıqlar yarandı. Üçüncüsü, bu, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində addımlarından biri olaraq qəbul edilə bilər. Atilla Çiçek (kod adı ”Lexenk") və Hüseyn Yıldırım (kod adı “Alişer”) 2021-ci ilin 16 avqustunda Araz çayı üzərindən Ermənistana qanunsuz keçməkdə və silah-sursat keçirməkdə ittiham olunublar. Birinci instansiya məhkəməsi 7 il həbs cəzası versə də, apelyasiya məhkəməsi 3 il şərti cəza ilə sərbəst buraxmaq haqda qərar qəbul edib. Qərar 23 fevral 2022-ci il tarixində verilsə də, terrorçular sərbəst buraxılmayıb. Onlar haqda məlumat Türkiyəyə təhvil verildiyi zaman ortaya çıxıb.

Ermənistan Ədliyyə Nazirliyi “təhvil vermə” prosesindən xəbərsiz olduğunu deyir. “Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyan Atilla Çiçək və Hüseyn Yıldırımın Türkiyə kəşfiyyat orqanı olan MİT-ə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təhvil verdiyini desə də, MTX bunu “böhtan” və “qarayaxma kampaniyası” adlandırıb. O zaman terrorçuları MİT-ə kim təhvil verib?"

Siyasi ekspertin fikrincə, PKK terror təşkilatının Ermənistana ünvanlanan etiraz açıqlamasında bu suala cavab tapmaq mümkündür: “Terror təşkilatı bəyan edir ki, Atilla Çiçək və Hüseyn Yıldırım apelyasiya məhkəməsinin qərarı ilə sərbəst buraxılmalı olsalar da, onları Ermənistanın xüsusi xidmət orqanları "oğurlayıb" və MİT-ə veriblər. Bu, Ermənistanın PKK əleyhinə ilk addımıdır və terror təşkilatı ilə İrəvanın əlaqələrində problemlərə yol aça bilər. Erməni və PKK terror təşkilatları Azərbaycan və Türkiyəyə qarşı tarix boyu birgə mübarizə aparıb. Hətta yaralı PKK-çıların Emənistanda müalicə olunduğu, o cümlədən Avropaya getmək üçün bu ölkədən istifadə etdiyi haqda məlumatlar var. Terrorçular 44 günlük müharibədə də Ermənistan tərəfindən döyüşürdü. İndi “sərbəst buraxılacağı” vədi verilən terrorçuların Türkiyəyə təhvil verilməsi PKK-Ermənistan əlaqələrində çatların yaranması ilə nəticələnə bilər. Terror təşkilatının etiraz açıqlamasının mətni də bunu deməyə əsas verir. Ermənistan hakimiyyəti isə bu addımla Türkiyə ilə münasibətlərin normallaşması prosesində jest edir. Mümkündür ki, Ankara-İrəvan danışıqlarında terrorçuların təhvil verilməsi məsələsi də masada olub".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR