Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində növbəti görüş Van şəhərində keçirilib.
Musavat.com xəbər verir ki, Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbərliyi və erməni iş adamlarından ibarət nümayəndə heyəti Van Ticarət və Sənaye Palatasına səfər edib.
Türkiyə mediasının məlumatına görə, "Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına dəstək: sərhədyanı əlaqələrin gücləndirilməsi" layihəsi çərçivəsində erməni nümayəndə heyəti Van Ticarət və Sənaye Palatasının idarə heyəti, rəyasət heyəti və üzvləri ilə görüşüb. Tərəflər normallaşma prosesinin müsbət təsirlərini, sərhəd-keçid məntəqəsinin açılması perspektivlərini və palatanın bu prosesdəki rolunu müzakirə ediblər.
Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqı sədrinin müavini Artur Kazaryan təşkilatın uzun müddətdir Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması, mövcud problemlərin həlli və ticarətin inkişafı istiqamətində fəaliyyət göstərdiyini bildirib.
"Fəaliyyətimiz və layihələrimiz uzun illərdir davam edir. Buna görə bizi, xüsusilə Ermənistanda, çox tənqid edirdilər. Buna baxmayaraq, heç vaxt işimizdən imtina etmədik. Məqsədimiz iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq, qarşılıqlı səfərləri asanlaşdırmaq və ticarəti inkişaf etdirmək olub. Daha əvvəl Diyarbəkir, Qars və İğdırla da bu istiqamətdə iş aparmışıq", - deyə Kazaryan qeyd edib.
O əlavə edib ki, layihə hər iki ölkənin vətəndaş cəmiyyəti təşkilatları tərəfindən həyata keçirilir.
Layihənin əsas tərəfdaşları Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqı, Eurasia Partnership Foundation, Hrant Dink Fondu və “Türkiyə İqtisadi Siyasət Araşdırmaları Fondu (TEPAV)”dur.
Artur Kazaryan qeyd edib ki, hər iki ölkənin rəhbərliyi Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə müsbət yanaşır və bu proses Ermənistanda keçirilmiş seçkilərdən sonra da davam edir.
“Ermənistan və Türkiyənin xarici işlər nazirlikləri ilə məsləhətləşmələr aparırıq. Sentyabr görüşündə sizi Alican sərhəd-keçid məntəqəsində qarşılamaq istəyirik. Bu, sərhədin rəmzi keçidi olacaq. Sərhədi ilk keçənlər biznes nümayəndələri olmalıdır", - deyə Kazaryan bildirib.
O qeyd edib ki, erməni nümayəndə heyəti 16 nəfərlə Vana gəlib və türk tərəfinə cavab səfəri üçün rəsmi dəvət təqdim edib.
Van Ticarət və Sənaye Palatasının sədri Nəcdət Takvan isə Ermənistanın Van üçün həmişə mühüm bazar və əməkdaşlıq edilməli ölkə kimi qiymətləndirildiyini deyib.
Takvan 15-17 iyul 2019-cu ildə palatanın 23 nəfərlik nümayəndə heyətinin İrəvana səfər etdiyini xatırladıb. Onun sözlərinə görə, həmin vaxt belə bir layihə mövcud olmasa da, bəzi şəxslər Gürcüstan üzərindən səfərin məqsədəuyğun olmadığını desələr də, "ticarət üçün sərhəd olmamalıdır" prinsipi ilə İrəvana yollanıblar.
Musavat.com






