İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə “taxıl dəhlizi”ni açdı: Ankara dünyanı səfalətdən xilas edir

2891 14.07.2022 20:07 Analitika A A

Türkiyə həm hərbi-siyasi, həm də beynəlxalq humanitar güc mərkəzinə çevrilir... Rəsmi Ankara Rusiya və Ukraynanın anlaşmasına nail olmaqla, dünyaya çörək vermək kimi ümumbəşəri bir missiyanın öhdəsindən gəlmək qabiliyyətini təsdiqlədi...

Ukrayna savaşı dünyanın əhəmiyyətli bir hissəsinə birbaşa təsir göstərir. Hətta dünyanın savaş bölgəsindən uzaqda yaşayan sadə insanları belə, artıq bu təsirin altındadır. Bu isə o deməkdir ki, savaş yalnız Rusiya və Ukrayna arasında deyil, ümumiyyətlə, yüz milyonlarla sadə insanın həyat şəraiti üzərində davam edir.

Məsələ ondadır ki, Ukrayna savaşı dünya iqtisadiyyatına sarsıdıcı zərbələr vurmaqdadır. Qlobal böhran artıq dünya dövlətlərinin mütləq əksəriyyətini təhdid edir. Dünya bazarlarında enerji resursları bahalanır, buna paralel olaraq da, ərzaq məhsulları bahalanır. Və üstəlik, dünya ərzaq böhranı ilə də qarşılaşıb.

Onu da qeyd etmək lazımdır ki, həm Rusiya, həm də Ukrayna dünya bazarlarına buğda və müxtəlif taxıl məhsullarınin ixracında kifayət qədər ciddi paya sahibdir. Savaş ucbatından bu iki önəmli tədarükçü hazırda ixrac prosesindən kənarda qalıb. Və əksər beynəlxalq iqtisadi mərkəzlər dünyada ərzaq böhranının yaranmasını, bahalanmanın intensivləşməsini məhz bu faktorla əlaqələndirməyə çalışırlar.

img1970019.jpg (23 KB)

Ancaq beynəlxalq siyasi-iqtisadi dairələr mövcud situasiyanın yaranmasında əsas günahkar kimi Rusiyanı hədəfə alıblar. Hazırda bu məsələ ilə bağlı əsas ittihamlar məhz Rusiyaya doğru yönəldilib. Hətta son vaxtlar dünyanın iqtisadi məkanında “Putin böhranı” termini də işlədilməyə başlayıb.

Təbii ki, Kreml Rusiyaya ünvanlanmış ittihamların heç birisini qəbul etmir, ciddiyə almır. Əksinə, Kremlin də qarşı tərəfə çoxsaylı ittihamları var. Rusiya ABŞ və Qərbi Ukrayna savaşını törətməkdə, nəticədə beynəlxalq ərzaq böhranının təməlini atmaqda suçlayır. Halbuki, belə qarşılıqlı suçlamalar hələlik qlobal ərzaq böhranından yayınmaq üçün elə bir ciddi imkanlar açmır.

Maraqlıdır ki, hazırda dünyanı aclıqdan xilas etmək missiyasını məhz Türkiyə öz üzərinə götürüb. Rəsmi Ankara heç kimi ittiham etmir, bunun əvəzində vəziyyətdən ən uyğun çıxış yollarını göstərir. Türkiyə rəsmi dairələri əmindirlər ki, əgər, Ukraynanın buğda və taxıl məhsulları ixracının önü açılarsa, qlobal ərzaq böhranının dərinləşməsinin də qarşısı alınmış olar.

Rəsmi Ankara bu istiqamətdə artıq olduqca ciddi addımlar atmaqdadır və kifayət qədər önəmli nəticələrə də nail olmaq üzrədir. Belə ki, rəsmi Ankara Türkiyə, Rusiya, Ukrayna və BMT təçsilçilərinin iştirakı ilə dördtərəfli görüşə birbaşa vasitəçilik etməklə, dünyanı qlobal ərzaq böhranından xilas edəcək iri addım atmış oldu. Və Türkiyə növbəti dəfə bütün dünyaya sübut etdi ki, Ukrayna savaşına münasibətdə ən neytral ölkə mövqeyinə malikdir.

627b8299babca627b8299babcb1652261529627b8299babc6627b8299babc8.jpg (175 KB)

Bəzi məlumatlara görə, Türkiyə Müdafiə Nazirliyinin vasitəçiliyi ilə keçirilən dördtərəfli görüş gözlənildiyindən daha uğurlu olub. Halbuki, rəsmi Kiyev görüş ərəfəsində Rusiyanın “ərzaq böhranı”ndan beynəlxalq rəqiblərinə qarşı “siyasi-iqtisadi silah” kimi istifadə etməkdə maraqlıdır. Ona görə də, Ukrayna təmsilçiləri Türkiyənin İstanbul şəhərində prinsipial anlaşma ehtimalına inanmadıqlarını da vurğulayırdılar.

Ancaq İstanbul danışıqları fərqli nəticələrlə yekunlaşdı. Bir tərəfdən, Ukrayna öz taxıl məhsullarını dünya bazarına çıxartmağa hazır olduğunu bəyan etdi. Rusiya isə bəzi beynəlxalq siyasi mərkəzlərin gözləntisinin əksinə olaraq, buna əngəl törətməyəcəyini vurğuladı. Və bununla da “taxıl danışıqları”nın ilkin mərhələsində anlaşma əldə olundu.

Buna baxmayaraq, Ukrayna buğda və taxıl məhsullarının dərhal dünya bazarına çıxarılması da mümkün deyil. Çünki əvvəlcə bu anlaşmanın reallaşdırılması üçün prosesin texniki problemlərini də həll etmək lazımdır. Belə problemlər isə kifayət qədərdir.

Məsələ ondadır ki, Qara dəniz hövzəsi, xüsusilə də, Ukranın limanları hazırda qətiyyən təhlükəsiz deyil. Çünki, savaş bölgəsini əhatə edən su hövzəsi minalanıb, yük gəmilərinin hərəkəti üçün təhlükəli vəziyyətdədir. Ona görə də, anlaşmaların iştirakçıları əvvəlcə Ukrayna limanlarını minalardan təmizləməli olacaqlar.

255d00be0-f487-40c5-b0af-ccee9172ac98.jpg (70 KB) 

Halbuki, problemlər yalnız bununla da məhdudlaşmır. Kremlin bu proseslə bağlı xüsusi şərtləri də var. Belə ki, Rusiya Ukrayna limanlarına buğda və taxıl məhsulları daşımaq üçün yanaşacaq bütün yük gəmilərini birbaşa yoxlamaq, onların hərəkət istiqamətlərinə nəzarət etməkdə israrlıdır. Kremldə hesab edirlər ki, Rusiya belə yoxlamalar aparmasa, prosesə nəzarət etməsə, Ukrayna limanlarına daxil olan və boş hesab edilən yük gəmiləri ABŞ və Qərbin rəsmi Kiyevə vəd etdiyi silah-sursatı, hərbi texnikanı da gətirə bilər.

Göründüyü kimi, Rusiya “taxıl dəhlizi”ndən Ukraynaya hərbi dəstək məqsədilə istifadə olunmayacağına tamamilə əmin olmaq istəyir. Rəsmi Ankara da bu məsələdə Kremlin narahatlıqlarına həssas yanaşır. Türkiyə bütün bu problemlərin operativ həlli üçün İstanbul da daha bir dördtərəfli görüş keçirtmək niyyətindədir. Və həmin görüşdən sonra bir çox suallara cavab tapılacağı gözlənilir.

Hələlik verilən məlumat ondan ibarətdir ki, rəsmi Ankaranın “taxıl dəhlizi”nin intensiv fəaliyyətini təmin olunması üçün Türkiyədə bütün tərəflərin təmsilçilərinin iştirakı ilə ümumi koordinasiya mərkəzi yaratmaq təklifi artıq qəbul edilib. Bu baxımdan hesab etmək olar ki, dünya üçün böyük əhəmiyyət daşıyan “taxıl dəhlizi” Türkiyənin himayəsi altında fəaliyyət göstərəcək. Və bu, rəsmi Ankaranın beynəlxalq məkanda önəmli humanitar güc mərkəzinə çevrilməkdə olduğunu da təsdiqləyir.

Bütün bunları nəzərə aldıqda, Türkiyənin dünyanı aclıqdan və səfalətdən xilas etmək kimi bəşəri bir missiyanı öz üzərinə götürdüyü qətiyyən şübhə doğurmur. Rəsmi Ankara qlobal ərzaq böhranına qarşı mübarizədə həlledici ölkəyə çevrilir. Yəni, müəyyən mənada, indi Türkiyəni dünyaya çörək verən dövlət də hesab etmək olar.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR