İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvan gömrük hazırlıqlarını sürətləndirib

493 18.07.2023 11:39 Siyasət A A

“Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara kəndi ərazisində yeni gömrük binalarının tikintisinə başlanılıb”. Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

“Nazirlər Kabinetinin qərarına əsasən, artıq birinci mərhələdə podratçı şirkətə 350 min ABŞ dolları məbləğində vəsait ayrılıb. İkinci mərhələdə ayrılan vəsaitin həcmi 280 min ABŞ dolları təşkil edəcək və ən azı üç modul pavilyonun tikintisinə başlanılacaq”, - xəbərdə bildirilir.

Xatırladaq ki, Türkiyədə bu ilin fevralında baş verən dəhşətli zəlzələ zamanı Marqara keçid məntəqəsi müvəqqəti açılmış, Ermənistan TIR-ları qardaş ölkəyə humanitar yardım çatdırmışdı. Ermənistan çox ümid edirdi ki, keçid bir daha bağlanmayacaq. Lakin sonra təzədən bağlandı. Çünki Ankara aydın şəkildə bəyan edib ki, Azərbaycanla münasibətlər qaydaya düşməyincə, sülh sənədi imzalanmayınca, sərhədlər açılmayınca Türkiyə-Ermənistan sərhədləri də bağlı qalacaq.

O zaman erməni tərəfinin bu tələskənliyi, yeni gömrük binalarının tikintisinə başlanması nə ilə bağlıdır? Türkiyə ilə hansısa anlaşma ola bilər?

Azər Həsrət beynəlxalq ekspert şurasına dəvət edilib

Azər Həsrət: “Ermənistan başa düşür ki, gec-tez Azərbaycanla münasibətlər sülh sazişi ilə tənzimlənəcək, bunun ardınca Türkiyə Ermənistanla sərhədləri açacaq”

Siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın tələskənliyi vəziyyətinin get-gedə ağırlaşması ilə bağlıdır. Əslində ortada Rusiya olmasa Ermənistan Azərbaycanla da, Türkiyə ilə də münasibətləri çox qısa bir zamanda tənzimləyər. Sadəcə olaraq, üçüncü tərəf kimi Rusiya bütün proseslərə müdaxilə edir, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını bütün mümkün vasitələrlə əngəlləyir. Son günlərin hadisələri də bunu bir daha sübut edir. İstər Ermənistan-Azərbaycan münasibətlərinin düzəlməsində, istər Ermənistan-Türkiyə əlaqələrinin yaranmasında problem Rusiyadır: “Rusiya imkan vermir. Ermənistan başa düşür ki, gec-tez Azərbaycanla münasibətlər sülh sazişi ilə tənzimlənəcək, bunun ardınca Türkiyə əvvəlcədən bəyan etdiyi kimi, Ermənistanla sərhədləri açacaq. Bu hadisə bir ay sonra da, bir il sonra da ola bilər. Amma istənilən halda sərhəd gömrük binalarının quraşdırılmasına ehtiyac var. Ermənistan bilir ki, proses sərhədlərin açılmasına aparır və bəribaşdan buna hazırlıqlar görür. İrəvan hesab edir ki, sərhədlər açılacağı təqdirdə hazırlıqsız olmasınlar. Yəni sərhədlər nə zaman açılsa, dərhal orada sərhəd gömrük-keçid xidmətini təmin edəcək infrastruktur, binalar, müvafiq qurğular hazır şəkildə işə başlasın. Azərbaycanla problemlər həll edilmədən, Azərbaycanın razılığı olmadan isə Ermənistan-Türkiyə sərhədlərinin açılması mümkün deyil. Bunu da artıq ermənilər anlayıblar. Sərhədin açılması Azərbaycandan asılıdır. Bunu dəfələrlə Prezident Ərdoğan bəyan edib. Ona görə də Ermənistanın Türkiyə ilə sərhəd gömrük xidməti üçün binalar quraşdırmasından narahat olmağa ehtiyac yoxdur”.

Politoloq Xəyal Bəşirov isə qeyd etdi ki, Ermənistan-Türkiyə sərhədlərinin bağlanmasının səbəbləri hər kəsə bəllidir. Bu səbəblərin bir çoxu hələ aradan qalxmayıb. Türkiyənin mövqeyi həmişə olduğu kimi konkretdir: "Bu mövqe ondan ibarətdir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina etməli, Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Bu gün də Türkiyənin mövqeyində hər hansı dəyişiklik yoxdur. Ermənistan isə guya istəyir ki, Türkiyə ilə sərhədləri açılsın. Əslində sərhədlərin açılması Ermənistana böyük iqtisadi imkanlar yaradar. Ancaq uzun illərdir Ermənistan bu marağına adekvat olmayan addımlar atır, mövqe tutur. Nəticədə sərhədlərin açılması da reallaşmır. Sərhədlərin açılması üçün Ermənistan real addımlar atmalıdır. Ermənistan isə bunu etmir. İndi isə məlumat yayılır ki, Türkiyə ilə sərhəddəki hansısa kənddə sərhəd gömrük məntəqəsi binası tikirlər. Bununla əslində Ermənistan növbəti siyasi hiyləgərliyini ortaya qoyur. Dünyanın diqqətinə çatdırmağa çalışır ki, Ermənistan Türkiyə ilə sərhədlərin açılması üçün guya real praktiki addımlar atır, ancaq Türkiyə adekvat addım atmır. Biz bilirik ki, 1988-ci ildə Spitak zəlzələsi olanda Türkiyədən Ermənistana humanitar yardım karvanı məhz həmin Marqara kəndindən daxil olub. Bu ilin fevralında Türkiyədə zəlzələ baş verən zaman Ermənistandan Türkiyəyə göndərilən yardım da məhz bu ərazidən daxil olmuşdu. Ermənistan indi orada gömrük keçid məntəqəsi tikməklə görüntü yaradır. Ermənistan bilməlidir ki, Türkiyə ilə sərhədinin açılmasını həqiqətən istəyirsə, Türkiyənin şərtlərini yerinə yetirməlidir. Yoxsa quraşdırdığı binalar işə yaramayacaq”.

Rəsmi Moskva konkret addımlar atmalıdır.”- Xəyal Bəşirov

Xəyal Bəşirov: “Türkiyənin irəli sürdüyü şərtləri yerinə yetirməklə Ermənistan eyni anda iki qonşu dövlətlə sərhədlərinin açılmasına nail olar”

Ekspert qeyd etdi ki, əslində Ermənistanın Türkiyə ilə sərhədinin bağlı qalması Ermənistanın özünün yürütdüyü siyasətin nəticəsidir. Ermənistan Türkiyəyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsə, Azərbaycanla sülh müqaviləsi bağlayıb Azərbaycanın ərazi bütövlüyünü tanımasa, sərhədlər bağlı qalacaq: “Bunun isə günahını Ermənistan Türkiyədə və Azərbaycanda deyil, özündə axtarmalıdır. Türkiyə ilə sərhədlərin açılması sərhəddə bina tikmək və ya təmir etməklə həll olunan məsələ deyil.  Bu məsələ Ermənistanın uzun illərdir davam etdirdiyi yanlış siyasətdən əl çəkməsi, Türkiyənin şərtlərinin qəbul edilməsindən asılıdır. Bunun üçün isə Ermənistan rəhbərliyi öz ölkəsinin və xalqının naminə iradə ortaya qoymalıdır. Çünki sərhədin açılması Ermənistana daha çox lazımdır. Türkiyənin irəli sürdüyü şərtləri yerinə yetirməklə Ermənistan eyni anda iki qonşu dövlətlə sərhədlərinin açılmasına nail olar”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR