İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk paşanı öldürdüyü ilə qürrələnən “çekist” – sonda onu Pireneydə paşanın əsgəri öldürüb

3401 06.08.2023 09:10 Maraqlı A A

Srağagün adı ölkəmizdə də yaxşı tanınan, 1918-ci ilin baharında qardaşı Nuru paşanı Bakını erməni-rus işğalından xilas etmək üçün ölkəmizə göndərən, Osmanlı imperiyasında hərbi nazir vəzifəsini tutan Ənvər paşanın qətlə yetirildiyi gün idi.

Paşanın öldürülməsində bir neçə erməninin adı hallanır.

Yalançı qisasçılar

Onlardan biri Qayk Ayrapetyandır. Erməni yazıçıların yazdığına görə, o, Ənvər paşanı əlbayaxa döyüşdə məğlub edib və 1915-ci ildə baş verən "erməni soyqırımı"nın əsas ideoloq və iştirakçılarından birindən qisas alıb.

preview_dbd86abbf553217a6869e34fbf87dfbd.jpg (12 KB)

İkinci belə bir şəxs Akop Melkovyandır. İddiaya görə, 1922-ci ilin avqust ayının 4-də Tacikistandakı (Ənvər paşa Orta Asiyada sovet hakimiyyətinə qarşı müqavimət hərəkatına rəhbərlik edib) Belçivan yaxınlığında Melkovyanın rəhbərlik etdiyi bolşevik ordusuna qarşı olan döyüşdə həlak olub. Sonradan Akop özünə qəhrəmanlı dastanı düzəldərək yazıb:
"Moskva onu canlı ələ keçirmək istəyirdi. Gah Leninin, gah da Trotskinin imzası ilə teleqramlar gəlirdi. Dzerjinski də bu işə qarışmışdı. Onların hamısının xahişi və tələbi eyni idi: Ənvəri diri tutmaq. Heç vaxt! Xalqımın bu "düşməni"nə heç bir aman verməzdim!”. Melkovyan daha sonra yazıb ki, guya paşanın dalınca 24 verst at çapıb, nəhayət, ona çatıb, ətrafındakı adamları qırıb, sonra Ənvər paşayla əlbəyaxa savaşıb və önu öldürüb. Elə bil, “Rembo” filmlərinin senarisini danışır. Həqiqətdə isə düşmənləri paşaya sinəsindən 5 güllə vurublar.

Daha bir erməni də Ənvər paşaya qarşı “qəhrəmanlıq” edib. Bu da Georgi Ağabekov (Aratyunov) adlı sovet “çekist”idir. (Qeyd: sovet dövrünün ilk illərində bolşeviklərin təsis etdiyi istintaq-cəza-əməliyyat orqanının adı Fövqəladə Komissiya (ruscada Çrezvıçaynaya Komissiya - ÇK) qoyulub, onun üzvlərinə də “çekist” deyilib.

22222an.jpg (17 KB)

Ağabekov iddia edir ki, o, Ənvər paşanın öz dəstəsi ilə Belcivanda olduğunu öyrənib və tacir adı ilə oraya gedib. Hədəfin izinə düşən təhlükəsizlik zabiti süvari diviziyası çağırıb və paşanı qətlə yetiriblər.

Görünür, erməni zabitlərə öz xalqlarının gözündə qəhrəmana çevrilmək və “böyük düşmən”dən qisas aldıqlarını iddia edərək soydaşlarına təsəlli vermək niyyətində olublar. Yoxsa bir generalın 3 ayrı-ayrı qatili olmazdı.

Bəs görək Ağabekovun özünün taleyi necə olub?

Aşqabad, Daşkənd, Türküstan, Kabul, Tehran...

Əsl ad-soyadı Gevork Arutyunov olan Georgi Ağabekov 1895 Aşqabadda doğulub. Atası nisbətən imkanlı adam olduğundan, I dünya müharibəsinə qədər Daşkənddə gimnaziya bitirib, 1914-cü ildə ordu sıralarına səfərbər edilib, 1916-cı ilin oktyabrına qədər cəbhədə olub. Daha sonra fevral inqilabını alqışlayan Ağabekov batalyon komandiri olub, küləyin istiqamətini düzgün müəyyənləşdirdiyindən tezliklə bolşeviklərin tərəfinə keçib və oktyabr çevrilişindən sonra qırmızı mühafizə dəstəsinə daxil olub.

Olduqca hiyləgər, fəhml adam olan Ağabekov 1918-1920-ci illərdə qırmızı orduda komandanlıq vəzifələrində xidmət edib, Türküstanda, sonra isə Sibirdə və Uralda Kolçaka qarşı vuruşub. 1920-ci ildə o, kommunist partiyasına daxil olub.

Gənc “çekist”in qanlı yolu

FK-da xidmətə girdikdən sonra Ağabekov Yekaterinburqda işləyib. 1922-ci ildən – Türküstanda əməliyyat zabiti, daha sonra Daşkənddə casusluq və qaçaqmalçılıqla mübarizə şöbəsinin müdiri olub.

Ağabekov Əfqanıstanda işləyəndə bir neçə dəyərli agenti, o cümlədən Kabul polisinin rəisini, Əfqanıstan ordusunun polkovniklərindən birini əməkdaşlığa cəlb edib. Sonra o, ticarət nümayəndəliyinin müfəttişi adı altında Tehrana köçürülüb. O, orada 4 il ərzində Sovet İttifaqı üçün bir sıra agentlər işlədib.

İngiltərə baş konsulluğunun nümayəndəliyinin yerləşdiyi Məşhəd şəhərində Ağabekov yerli poçt işçilərini əməkdaşlığa razı salıb. Onlar pul müqabilində hər ay Britaniya kəşfiyyatçılarına ünvanlanmış 500-ə yaxın məktubu Ağabekovun komandasına təhvil verirmişlər. Bu işinə görə Moskva onun xidmətindən çox razı imiş.

Bəs Ağabekov Moskvadan razıymışmı? Sonrakı hadisələr göstərir ki, özü də etibarsız adam olan “çekist” heç də Kremlə etibar etmirmiş.

Satqınlığa gedən yol

1928-ci ilin ortalarında o, Moskvaya qaytarılıb və Yaxın Şərq üzrə şöbənin müdiri vəzifəsinə təyin edilib. Bundan sonra Ağabekov Misirə gedib, oradan fars taciri adıyıa Hindistana getmək istəyib, amma bu niyyəti alınmayıb. Gənc “çekist” Misirdə olarkən Türkiyədə qeyri-qanuni rezidenturanın rəhbəri, məşhur kəşfiyyatçı və killer, “Jivoy” ləqəbli Yakov Blumkinin Moskvaya geri çağırıldığını, trotskiiçilərlə əlaqədə günahlandırılaraq güllələndiyini eşidib. Guya məhz buna görə Ağabekov düşmən tərəfinə keçmək barədə düşünməyə başlayıb, hesab edib ki, bir gün onun da başına oxşar hadisə gələ bilər.

Bununla belə, Ağabekov 1929-cu ilin payızında ixrac-idxal kontorunun sahibi Nerses Hovsepyan adı ilə İstanbula gəlib. O, tez bir zamanda əsasən erməni diasporundan olan yerli sahibkarlarla əlaqə yaradıb, qanuni sovet rezidenturasının nümayəndələriylə, sovet konsulluğunun əməkdaşları ilə təmas qurub. Lakin daha sonra 20 yaşlı Britaniya vətəndaşı, Oksford kurslarının məzunu İzabel Striterlə münasibət Ağabekovun əvvəlvə düşüncəsini, sonra isə həyatını dəyişib.

“Məhəbbət bir bəla şeydir, giriftar olmayan bilməz”

İngilis missiyasında makinaçı işləyən İzabel ingilis dilini öyrənmək qərarına gələn və repetitor axtaran Ağabekovun elanına cavab verib. Bəzi mənbələrə görə, qızın atası “Lloyd's” gəmiçilik şirkətinin işçisi, bəzilərinə görə isə Britaniya kəşfiyyatının agenti olub.

Ehtimal olunur ki, Ağabekovun sovet dövlətinə xəyanət edərək, düşmən cəbhəsinə keçməsinin səbəbi onun İstanbulda ingilis kəşfiyyatçısının qızına sevgisi olub.

Belə bir versiya var ki, Striter özü Britaniya kəşfiyyatının göstərişi ilə Ağabekovu əməkdaşlığa cəlb edib. Gənc və gözəl İzabelə sevgisindən başını itirən “çekist” gerçəklik hissini də itib və ifrat tədbirlərə əl atıb: 1930-cu ilin əvvəllərində Britaniya səfirliyinə gələrək özünü hərbi attaşeyə agent kimi təklif edib.

Şübhəli casus

İngilislər bu hərəkətdən çox təəccübləniblər, şübhələndilər ki, Georgi sovet tərəfinə casusluq etmək üçün belə gözlənilməz şəkildə onların içinə sızmaq istəyir. Ona görə də attaşe deyib ki, əvvəlcə rəhbərliklə danışacaq, sonra Ağabekovla əlaqə saxlayacaq. İngilislər bir müddət onu izləyiblər.

Ağabekov cavab almaq üçün üçüncü dəfə Britaniya səfirliyinə gələndə hərbi attaşe ondan ətraflı avtobioqrafiya yazmağı xahiş edib. Yazdıqlarının sonunda Georgi “şəxsi səbəblərə görə” SSRİ-yə qayıtmaq fikrində olmadığını göstərib.

Sonra o, qəfil yoxa çıxıb və ingilislərlə əlaqəni kəsib. Daha sonra o, Parisdə peyda olub ki, İzabeli tapsın. Qızın valideynləri İzabeli bacısının yanına göndəribmişlər ki, sovet “çekist”i ilə əlaqəsinə son qoyulsun.

Moskva satqınları bağışlamır

Fransanın paytaxtına gələn Ağabekov Sovet İttifaqı ilə bütün əlaqələrini kəsdiyini elan edib və bu, onun həyatının ən məşum səhvi olub. Çünki baş verənlərdən xəbər tutanda Moskvada əvvəlcə elə biliblər ki, Ağabekov Qərbin kəşfiyyat orqanları tərəfindən oğurlanıb. Amma həqiqət üzə çıxanda Kremldə Ağabekova ölüm hökmü çıxarılıb.

Tapılıb öldürüləcəyindən qorxan Ağabekov Belçikada məskunlaşıb. 1930-cu ilin payızında 21 yaşlı İzabel onun yanına gəlib və onlar evləniblər. Ancaq ingilislər də, fransızlar da onu etibarsız hesab edərək, belə bir impulsiv agentlə əlaqə qurmaq, ondan istifadə etmək istəmyiblər.
“Çekist”in yazıçılığı və İranda 400 sovet agentinin həbsi

Pulsuz qalan, Qərb xüsusi xidmət orqanlarının diqqətini cəlb etməyə çalışan Ağabekov “NKVD”-dəki xidməti haqqında kitab yazmaq qərarına gəlib. 1930-cu ilin sentyabrında Parisin mühacir qəzetində onun xatirələri dərc olunub. 1931-ci ildə bu xatirələr Nyu-Yorkda ingilis dilində ayrıca kitab kimi nəşr edilib. Tezliklə Berlində yaşayan rus mühacirlərinin köməyi ilə çapa hazırlanan kitabın rusdilli versiyası da çapdan çıxıb.

Bu kitabda göstərilən faktlar üzündən Şərqdə sovet kəşfiyyatçılarının işi tam iflasa uğramaq təhlükəsi ilə üz-üzə qalıb. Şöbənin strukturu və “çekist”lərin iş üsulları ilə yanaşı. Georgi öz kitabında İrandakı dörd yüzə yaxın sovet agentinin adını çəkib. Onların arasında Britaniyanın Məşhəddəki baş konsulluğunun nümayəndəliyində işləyən üç iranlının da adı çəkilib. Tehran və Moskva arasında böyük qalmaqal yaranıb. SSRİ və İran diplomatik münasibətləri kəsmək həddinə gəliblər. Nəticədə İran hökuməti ölkədə kommunistlərin fəaliyyətinə qadağa qoyub, ifşa olunan agentləri ağır cəzalandırıb. 1932-ci ilin yayında bu işlə bağlı 400-ə yaxın adam həbs edilib. Onlardan 27-si uzun müddətə azadlıqdan məhrum edilib, daha dördü güllələnib.

Ağabekovun kitabları ona Qərbdə şöhrət və külli miqdarda pul qazandırıb. Müvəffəqiyyətdən ruhlanan satqın daha iki kitab yazıb: "ÇK iş başında” və "BKİ: Çekistin qeydləri". Bu kitablarda o, sovet kəşfiyyatına vurduğu ziyana görə qürrələnib.

Onun Stalinin gizli siyasəti haqqında yazdığı yeni kitab SSRİ ilə İran arasında münasibətləri tamamilə korlayıb.

Yeddi ölkəyə müraciət və şikara çevrilən satqın

Ağabekov Qərb kəşfiyyat orqanları ilə əməkdaşlığa ümidini itirməyib və eyni vaxtda yeddi ölkəyə öz xidmətini təklif edib. Ancaq Ağabəyovun şəxsiyyətinə maraq yüksək olsa da, heç kim ona iş təklif etməyib. Onun uğurları tezliklə unudulub və kitablara görə aldığı qonorar xərclənib qurtarıb. 1936-cı ildə İzabel ondan ayrılıb, qızlıq soyadını qaytarıb və Böyük Britaniyaya gedib.

Sovet xüsusi xidmət orqanları hələ 1931-ci ildən Ağabekovu qətlə yetirmək və ya oğrulayıb SSRİ-yə aparmaq üçün çalışıblar.

1931-ci ilin sonunda sovet kəşfiyyatı Bolqarıstana cəlb etmək, orada onu oğurlamaq və SSRİ-yə təslim etmək məqsədi daşıyan “Filomena” əməliyyatı hazırlayıblar. “Çekist”lər onu pulla şirnikləndirməyi düşünblər: Ağabekov 2 min funt-sterlinq müqabilində sovet mühaciri Nestor Filiyanın həyat yoldaşını və qızını SSRİ-dən çıxarmağa kömək ettməliymiş. Satqın “çekist” razılaşıb və tezliklə Bolqarıstana gedib, guya qaçqınlar gəmiylə Varna şəhərinə gələcəkmiş.

Əməliyyat planına görə, Varnada Ağabekov Yunanıstanın "Yelena Filomena" gəmisinə gətirilməli, sonra isə Sovet İttifaqına təhvil verilməli idi.

Baş tutmayan sui-qəsd

Lakin o, Sofiyaya çatanda yerli polis rəisi onunla görüşüb və səbəbini demədən ona Varnaya getməməyi, geri qayıtmağı tövsiyə edib. Ağabekov rəisin sözünə qulaq asıb. Lakin sovet killerləri Filiyanın həyat yoldaşı və qızının saxta görüşünü Rumıniyanın liman şəhəri Konstansaya keçiriblər. 9 yanvar 1932-ci ildə “Yelena Filomena” Konstansaya çatıb. Gəmidə sovet agenti Alekseyev olub, o ya Ağabekovu oğurlayacaq, ya da öldürəcəkdi.

Ağabekov da Konstantaya çatıb, ancaq o, gəmiyə minməyə tələsməyib - çünki, artıq bunun tələ olduğunu bilirdi. O, Rumıniya məxfi xidmətini problemin həllinə cəlb edib. Nəticədə, yanvarın 11-də Konstansadakı restoranlardan birinin yaxınlığında həmin gün Ağabekovu güllələməyi planlaşdıran silahlı “çekist”-likvidator Alekseyev saxlanılıb.

"Yelena Filomena" gəmisi müsadirə edilib, onun bütün heyəti, satqının qaçırılması əməliyyatının iki iştirakçısı ilə birlikdə həbs olunub.

Sovet kəşfiyyatını yeni və sonuncu tələsi, ilk satqın qətli

Ağabekov 1937-ci ildə Antverpendə yunan taciri ilə tanış olur və o, ona oğurlanmış zinət əşyalarını satmağı təklif edir. Digər mənbələrə görə, söhbət o vaxt vətəndaş müharibəsi gedən İspaniyadan sənət əsərlərinin qaçaqmalçılığından gedirmiş. Pulsuz qalan Georgi SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin qeyri-qanuni kəşfiyyatının zabiti Aleksandr Korotkovun rəhbərliyi altında sovet killerlərinin məharətlə qurduğu tələyə düşəcəyindən şübhələnmədən bu işə razılıq verir. Yunan tacir rolunu Fransada “Həsən” ləqəbi ilə işləyən casus Panteleymon Taxçiyanov oynayıb. Qaçaqmalçıların vasitəçisi ilə görüşmək üçün Pireneyə - İspaniya-Fransa sərhədinə gedən Ağabekov sovet kəşfiyyatı tərəfindən xidmətə cəlb edilmiş türk ordusunun keçmiş zabiti ilə üz-üzə qalıb və türk zabit onu bıçaqla öldürüb.

Maraqlıdır ki, sovet kəşfiyyatı xaricə qaçan satqınlardan ilk olaraq Ağabekovu öldürüb. O da maraqlıdır ki, uzun illər türk paşanı öldürməsi ilə yalandan da olsa fəxr edən Ağabekov sonda məhz həmin paşanin əsgəri tərəfindən məhv edilib.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR