İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk ellərinin Ergenekon bayramı – Novruz

1332 15.03.2023 14:45 Son xəbər A A

“Martın 22-si səhər təbiətlə birgə, yenu ruhla oyanmayan, Novruzun mahiyyətinə varmayıb, onu sadəcə bir mövsüm bayramı olaraq qəbul edən, bütün varlığı ilə yeni həyata başlamayan millət Novruza sahib çıxa bilməz. Bunun üçün türk olmaq gərəkir”. Məhəmməd Əmin Rəsulzadə

Novruz bayramı haqqında istər mifoloji, istərsə də etnoqrafik baxımdan elmi ədəbiyyatda kifayət qədər söz deyilib. Demək olar ki, bu məsələ ilə bağlı bütün araşdırmalarda bayramla bağlı qısa məlumat verildikdən sonra xalq tamaşaları, mövsümi nəğmələr, mərasimlərdən nümunələr göstərməklə kifayətlənilib. Sanki Novruz folklor materialları külliyyatından başqa bir şey deyilmiş. Halbuki daha gərəkli olanı bayramın mahiyyəti, tarixi köklərini araşdırmaqdır. Məhz bu istiqamətdə araşdırmanın yetərincə (və ya ümumiyyətlə) olmamasındandır ki, bu gün istər elmi dairələrdə, istarsə də geniş ictimaiyyət arasında Novruzun milli, dini, mövsümi, yoxsa təqvim bayramı olması haqda qəti fikir yoxdur.

Əlbəttə, bir yazı ilə bu sahədə buraxılan boşluğu doldurmaq mümkün deyil. Biz yalnız mövzuya yeni baxış bucağından baxaraq folklorşünaslığımızın diqqətini yenidən bu istiqamətə yönəltmək niyyətindəyik. Çünki bu bayrama tam sahib çıxmasaq, daha dəqiq desək, sahibliyimizi elmi dəlillərlə təsdiqləməsək, bir çox milli-mənəvi sərvətimiz kimi bundan da məhrum olmaq təhlükəsi var.

I. Novruz fars bayramı deyil

“Novruz”un bir fars sözü olub – yeni gün mənasını ifadə etdiyi bütün mənbələrdə təsdiq olunur. Sözün farsca olması və eyni bayramın farslar tərəfindən də qeyd olunması istər-istəməz hər kəsdə şübhələr yaradır: Novruz fars bayramıdırmı?

Əlbəttə, bu suala dərhal birmənalı cavab vermək düz olmazdı. Öncə farslarda Novruz bayramının keçirilmə tarixi və bununla bağlı rəvayətlərə diqqət yetirmək lazımdır. Farsların rəsmi şəkildə Novruz bayramını yeni ilin ilk günü, yeni il bayramı kimi qeyd etməsinə Əhəmənilər (b.e.ə. 558 – b.e.ə. 330) və Sasanilər (225-651) zamanında təsadüf edilir. Qədim fars təqviminə görə, Novruz martın 21-dən aprelin 21-nə qədər davam edən fərvərdin ayının birinci günüdür. Bu ay həm də ilin ilk ayıdır . Əski fars təfəkkürünə görə isə Novruz Cəmşidin taxta çıxması ilə bağlıdır. Bunu Firdovsi öz “Şahnamə”sində də qeyd etmişdir.

Göründüyü kimi, fars mifik təfəkküründə Novruz Cəmşidlə başlayır və bu qeyri-müəyyən tarixdən o yana getmir. Amma məsələ bunda deyil, üzərində dayanılası əsas məsələ ondan ibarətdir ki, əski fars düşüncəsindəki Novruzla bugünkü Novruzun mahiyyəti bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, yazın gəlişini bir şəxsin hakimiyyət başına çıxması ilə bağlamaq ən azı gülünc olardı. Həm də yuxarıda qeyd olunduğu kimi farslarda yeni ilin yazın gəlişi ilə başlanması b.e.ə. VI əsrdən başlayır.

İslamın qəbulundan sonra Novruz haqda olan rəvayətlərə dini don geydirilmişdir. Bu rəvayətlərin əsaslarını aşağıdakı kimi sıralamaq olar:

– Tanrı yeri, göyü və insanı Novruzda yaratmışdır;

– Şeytana uyaraq cənnətdən qovulan Adəm və Həvva Allahın rəhmi ilə Yer üzündə Novruzda görüşmüşlər;

– Qardaşları tərəfindən quyuya atılan Yusif peyğəmbər bir tacir tərəfindən Novruzda xilas edilmişdir;

– Musa peyğəmbər əsası ilə Qırmızı dənizi yararaq tərəfdarlarını Novruzda qurtarmışdır;

– Həzrəti Əli peyğəmbər tərəfindən Novruzda xəlifə elan edilmişdir və ya Həzrəti Əli xəlifə olaraq Novruzda taxta çıxmışdır .

Bu rəvayətlərin bəziləri farslarla qonşuluqda yaşayan türk tayfaları, xüsusən Azərbaycan türkləri tərəfindən də qəbul olunmuşdur. Novruzun dini motivlərlə əlaqələndirilməsi də məhz bununla bağlıdır. Amma bu rəvayətlərin heç birində Novruzun əsl mahiyyəti əks olunmur. Çünki Novruzun hansı millətə mənsub olmasından asılı olmayaraq bu bayram ilk növbədə təbiətdə baş verən dəyişikliklə əlaqədardır. Yuxarıda göstərilən rəvayətlərin heç birində isə bu məqam az da olsa əks olunmamışdır.

Bütün bunlar Novruza sahib çıxa bilməyən farsların bu bayramı islamlaşdırmaq, ona dini don geydirmək üçün uğursuz cəhdlərindən başqa bir şey deyildir. Yeri gəlmişkən, farslar eyni prosesi Zərdüşt peyğəmbər və “Avesta” ilə bağlı uğurla həyata keçirmişlər. Məhz bunun nəticəsidir ki, təkallahlı Zərdüşt peyğəmbər oda sitayiş edən bütpərəstə, “Avesta” isə rəvayət və nağıllar toplusuna çevrilmişdir. Bu məsələ ilə bağlı belə bir fakt da yəqin maraq doğurmaya bilməz: “Həzrəti Ömər hakimiyyətə gəldiyi ilk vaxtlarda xəlifə kitabxanası üçün “Avesta”nın gətirilməsini xahiş edir. Lakin o bu kitabı oxuduqdan sonra “bu farsların uydurduqları “Avesta”dır, mənim peyğəmbərdən eşitdiyim “Avesta” yox” deyib kitabı yandırtdırır”.

Amma farslar Novruza sahib çıxa bilməsələr də, bu bayramı bütün islam dünyasına yaymaq kimi savab bir iş gördülər. Bu gün İndoneziya, Malaziya kimi fəsil dəyişikliyi müşahidə olunmayan müsəlman ölkələrində martın 21-dən 22-nə keçən gecənin yeni il bayramı kimi qeyd olunması təqvim düzəlişi ilə yanaşı, Novruzla bağlı islami rəvayətlərlə də əlaqədardır.

Novruzun fars bayramı olması ilə bağlı gətirilən əsas dəlillərdən biri də qədim zamanlardan bəri İran ərazisində bu bayramın keçirilməsi ilə bağlı tarixi faktlardır. Bunu deyənlər bir şeyi unudurlar ki, bu gün İran adlanan ərazi 1925-ci ilə qədər türk hakimiyyəti altında idarə olunub və yerli əhalinin böyük əksəriyyəti türklərdən ibarət olub. Farslar İranın cənub-şərq hissəsində məskunlaşmışlar. Bu ərazi coğrafi baxımdan tropik qurşaqda yerləşir və bu qurşağın iqlim şəraiti (fəsillər arasında fərq olmaması, yayın və qışın quru olması, torpağın əkinə yararlı olmaması) martın 21-nin əsrlərdən bəri (Firdovsinin dediyi kimi, Cəmşidin zamanından bu yana) böyük təmtəraqla qeyd olunmasına əsas vermir.

Əlbəttə, Novruzun farslara heç bir aidiyyatı olmaması haqda daha geniş və ətraflı yazmaq olar. Yəqin ki, bu mövzuya yenidən toxunularaq bu barədə yazılacaq. Amma yuxarıda göstərilən cüzi faktları da əsas gətirərək qəti demək olar ki, Novruz fars bayramı deyil və böyük fikir adamımız M.Ə.Rəsulzadənin dili ilə desək, “Martın 22-si səhər təbiətlə birgə, yenu ruhla oyanmayan, Novruzun mahiyyətinə varmayıb, onu sadəcə bir mövsüm bayramı olaraq qəbul edən, bütün varlığı ilə yeni həyata başlamayan millət Novruza sahib çıxamaz. Bunun üçün türk olmaq gərəkir”.

II. “Ergənəkon” dastanı

Novruz bayramının türklərə aid olması ilə bağlı əlimizdə olan əsas mənbələrdən biri “Ergənəkon” dastanıdır. Bu bayramla dastan arasındakı əlaqədən danışmadan öncə dastanın qısa məzmununa nəzər yetirək: “Türk ellərində göytürklər qədər qüvvətlisi yox idi. Bütün düşmən ellər birləşib onlara hücum etdilər. Lakin məğlub oldular. İkinci savaşda hiylə işlədib türklərin qabağından qaçdılar. Türklər də onları təqib edib öz yurdlarından çıxdılar. Düşmənlər birdən geri qayıdıb türklərlə vuruşdular və qalib gəldilər, göytürkləri qırdılar. Uşaqlarını qul edib, özləri ilə apardılar. Göytürk xaqanının Kayan adında bir oğlu və Tukuz adında qardaşı oğlu düşmənlərin əlindən qaçıb öz yerlərinə gəldilər. Amma düşmənin qorxusundan bir neçə mal-davar alıb, ellərini götürüb elə bir dağa tərəf getdilər ki, yoldan yalnız bir dəvə güclə keçə bilərdi. Bir yerə yetişdilər ki, orada axar çeşmələr, müxtəlif otlar, meyvə ağacları və ovlar var idi. Orada qalıb Tanrıya şükür etdilər. O yerə Ergənəkon dedilər. 400 il sonra insanları və heyvanları o qədər çoxaldı ki, o yerə sığmaz oldular. Bu zaman oradan çıxmaq üçün düşünüb daşındılar. Dedilər ki, atalarımızdan eşitdik, Ergənəkonun xaricində geniş yerlər, gözəl yurdlar var imiş. Bizim yurdumuz əskidən o yerlər imiş. Dağların arasında bir yol tapıb buradan köçək, oralara gedək.

Aralarında olan bir dəmirçi dedi: – Burada bir dəmir mədəni var, onu əritsək, çıxmağa yol açılar. Oranı od qoyub əritdilər və bir yol açdılar. O günü yadlarında saxlayıb oradan çıxdılar. O gündən göytürklərdə o günü yeni il bayramı tutmaq adət olmuşdur. Ergənəkondan çıxanda göytürklərin padşahı Kayan soyundan olan Börtəçenə idi”.

Bu dastanın başqa bir variantında Ergənəkonun o tayında həyat olmasını hər gecə bir qurd ulamaqla türklərə bildirmiş və dağ yarılıb bir yüklü dəvənin keçə biləcəyi qədərində yer açıldıqda da ilk gözə görünən həmin qurd olmuşdur. Bu varianta görə Börtəçenə qurdun adıdır.

İndi isə “Ergənəkon” dastanında Novruzla bağlı məqamlara diqqət yetirək. Qədin türklər arasında Novruz bayramı ilə bağlı keçirilən mərasimlərdən biri belə təsvir olunur: “Baharın ilk gününü bayram olaraq qeyd etmək türklərdə əski bir adətdir. O gün bir parça dəmiri atəşə qoyub qızdırarlar. Öncə xaqan bunu başqa bir dəmirlə tutub oda qoyar, çəkiclə döyər. Ondan sonra bəylər də belə edərlər”.
Bu adət bir qədər dəyişik şəkildə Krım türkləri tərəfindən bu gün də qorunub saxlanmaqdadır. Belə ki, “Krımda yaşayan tatarlar (müəllif bu ad altında türkləri nəzərdə tutur – N.Ş.) arasında belə bir adət geniş yayılmışdır. Martın 21-də bütün ailə bir yerə yığılaraq ailə başçısının rəhbərliyi altında oda qoyulmuş dəmiri döyərlər” . Yeri gəlmişkən xatırladaq ki, bu qədim adət 1993-cü ilin Novruz bayramında Ankaraya toplaşmış Türk Cümhuriyyətləri başçıları tərəfindən də təkrar edilmişdir.

Novruz bayramının “Ergənəkon” dastanı ilə bağlılığını əks etdirən digər bir fakt da maraqlıdır. “Novruz günü Orta Asiya türklərində, xüsusilə, uyqur, kazan, ufa türklərində “Ergənəkon” dastanı oxunmaqdadır. Bu dastan ayrıca dini bayramlarda da Qurani-Kərimin oxunması bitdikdən sonra da söylənilir. Bir sözlə, türklər arasında “Ergənəkon” dastanının izləri az da olsa özünü qoruyub saxlamışdır. Yuxarıda göstərilən folklor nümunəsinin hüznlüyü bu mahnının yayıldığı ərazidə yaşayan türklərin Ergənəkonu itirilmiş cənnət hesab etməsi ilə bağlıdır.

Bu yazı üçün material yığarkən maraqlı bir faktla rastlaşdıq. Türk alimi A.Çay M.Ə.Rəsulzadənin 1954-cü ilin mart ayında Türkiyədə “Azərbaycan” jurnalında (N 54) dərc etdirdiyi “Novruz bayramı” adlı məqaləsinə istinadən yazır: “Azərbaycan türklərində Novruz bayramına məhəlli şivə ilə Novruz deyildiyi kimi, Ergənəkon bayramı və ya Bozqurd bayramı adı da verilir” . Təəssüf ki, bu məqalə bütövlükdə əlimizdə yoxdur. Amma tək elə bu fakt yeni bir tədqiqat istiqamətinin əsası ola bilər.

“Ergənəkon” dastanı ilə bağlı qısa qeydləri bu şəkildə yekunlaşdırmaq olar ki, bu gün Novruz adlandırılan bayram əski Ergənəkon bayramıdır və bu bayramın kökü məlum dastandan gəlir. Bayramın türklər tərəfindən qeyd olunmasının tarixi köklərinə bir qədər də aydınlıq gətirmək üçün əski türk zaman hesabına da diqqət yetirmək vacibdir.

III. Novruz bir Türk bayramıdır

Əlbəttə, bu kiçik yazıda Novruz bayramının əski türk Ergənəkon bayramı olması haqda faktları əhatə etmək mümkün deyil. Bu ayrıca bir tədqiqat mövzusudur. Öncə söylədiyimiz kimi, biz yalnız folklorşünaslığın diqqətini yenidən bu istiqamətə yönəltmək məqsədini güdürdük.
Hər halda, Novruz fars bayramı deyil. Bu bayramın bu gün yaşayan adət və mərasimləri içində fars və ya farslaşmış zərdüştlük dininin izlərini axtarmaq əbəsdir. Bütün (hətta zərdüştlükdən xəbərsiz olan) türk tayfalarında od üzərindən tullanma isə çox ola bilsin ki, Ergənəkonda dəmiri əritmək üçün yandırılan tonqalın nişanıdır və əfsanəvi yurdda olduğu kimi od üzərindən tullanan “ağırlığın-uğurluğun”, sıxıntıların geridə qoyub yeni həyata çıxır.

Novruz dini bayram da deyil. Nuhun çayların aşıb-daşan bir vaxtında Yer üzünü basmış suyun bir qədər çəkilməsi ilə torpağa ayaq basması inandırıcı görünmür. Həzrəti Əli isə Novruzdan iki ay sonra, 656-cı ilin iyun ayında xəlifə olaraq taxta çıxmışdır. Bunun əksinə olaraq isə Novruz bayramı özündə əski türk dini adətlərini qoruyub saxlamışdır. Əksər türk ellərində Novruz bayramına ən yaxın cümə axşamı – “qara bayram” keçirilir. Bu bayramda qəbirstanlığa gedilir və doğma adamların ruhu yad edilir. Əski göytürklərdə də ilk baharın ilk günlərində “atalar mağarası”nda ölmüş insanların ruhlarının yad edilməsi adət halını almışdır.

Beləliklə, bütün deyilənləri yekunlaşdıraraq qəti bir fikrə gəlmək olar ki, Novruz əski türk mövsüm və milli qurtuluş bayramıdır. Bu bayram min illərin o tayından gələn Ergənəkon bayramının günümüzdə yaşayan izidir.

Ergənəkon bayramınız mübarək!

Nəsimi Şərəfxanlı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR