İnsanlara hürriyət, millətlərə istiqlal!

Turan Konfederasiyası Türkiyəni fövqəldövlətə çevirə bilər

2462 30.07.2022 15:00 Yazarlar A A

Türk birliyinin Orta Asiyada artan nüfuzu Moskvanı ciddi narahat edir. Ankaranın təsirini cilovlamaq üçün Rusiya regional hegemon rolunu artırmağa qərar verib.

Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclasından sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu iyulun 29-da ölkənin güc strukturlarının rəhbərlərinin, Kreml siyasətçilərinin iştirak etdiyi toplantıda SSRİ-nin bərpasından danışıb.

Orta Asiyanın türk cümhuriyyətləri olmadan "SSRİ 2" layihəsinin iflasa məhkum olduğunu anlayan Rusiya Federasiyasının müdafiə naziri S.Şoyqu SSRİ-nin bərpa olunacağına əminliyini bildirib. Şoyqu Rusiyanın hərbi-siyasi rəhbərliyinə müraciətində bildirib ki, "bizim yeni, böyük və güclü SSRİ olacaq. Hamı orada olacaq. Heç kim bizdən qaça bilməz”.

Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin Qırğızıstandakı görüşü türk dövlətlərinin birliyi istiqamətində atılan addımların intensivləşdiyini göstərir. DTX rəisi Əli Nağıyevin xüsusi xidmət orqanlarını birləşdirən qurumun adındakı "Türkdilli Dövlətlər" kəlməsinin "Türk Dövlətləri" kəlməsi ilə əvəz olunması təklifi və bu təklifin digər xüsusi xidmət orqanlarının rəhbərləri tərəfindən dəstəklənməsi maraqla qarşılanır.

Türkiyə və Azərbaycanın xüsusi xidmət orqanlarının türk dövlətləri birliyinin güclənməsi istiqamətində atdığı addımlar Rusiyanın güc strukturları rəhbərlərini ciddi narahat edir.

Azərbaycanın 44 günlük müharibədəki qələbəsi Türkiyənin Mərkəzi Asiyada mövqelərini gücləndirib. Türkmənistanın enerji ehtiyatlarına çıxış prezident Ərdoğan üçün prioritet məsələ sayılır. Regionda maraqları olan qərb və İsrail siyasi cəhətdən təhlükəsiz olmayan İrandan yan keçməklə ticarət axının davam etdirilməsində maraqlıdırlar.

Türkiyənin Azərbaycanla müttəfiqliyinin dərinləşməsi Ankaranın Orta Asiyadakı gücünə güc qatıb. Azərbaycan Mərkəzi Asiyaya geosiyasi təsirlər baxımından Ankaranın ən etibarlı müttəfiqidir. Zəngəzur dəhlizinin işə düşəcəyi təqdirdə, Türkiyə Orta Asiyada əsas oyunçulardan birinə çevrilə bilər. Bu marşrut Türkiyəyə sərbəst yol verməklə yanaşı Ankaraya İranın asılılığından çıxmağa və regionda Rusiyayla rəqabət aparmağa imkan verəcək.

Kreml "SSRİ 2" projesinin icrasına 2008-ci ildə Gürcüstana təcavüzlə başlayıb. Ukrayna müharibəsi ilə Moskva SSRİ-nin bərpası planını sürətləndirdirib. Rusiya prezidentinin "yeni eranın başlanması" haqqında fikirləri də bunu deməyə əsas verir ki, Kremlin əsas hədəfi SSRİ -ni bərpa etməkdır. Ukrayna müharibəsinin uzanması Kremlin planını dalana salsa da, Moskva ümidini üzməyib.

Çinin yüksəlişi bölgədəki oyunçular üçün oyun sahəsini daha da daraldıb. Orta Asiya ilə öz ticarətini inkişaf etdirmək istəyən İran da Türkiyənin planlarını əngəlləyir.

Rusiyanın Orta Asiyanı tamamilə öz təsir dairəsinə salmaq istəyi Kremli Pekinlə toqquşdura bilər. Qazaxıstandan rus qoşunlarının çıxarılması da məhz Çinlə toqquşmadan qaçmaq məqsədi daşıyıb.

Moskva uzun illər SSRİ-ni bərpa edəcəyini təkzib etsə də, artıq bu barədə açıq danışmağa başlayıb. Ərdoğan hökumətinin xarici siyasətindəki əsaslı dəyişiklərin Kremli tələsdirdiyi ehtimal olunur. Əvvəllər müsəlman ölkələrinə daha çox diqqət ayıran Türkiyə hökumətinin son illərdə türk dövlətlərilə əlaqələri gücləndirməyə çalışması, dövlət rəhbərləri arasında əlaqələrin intensivləşməsi də deməyə əsas verir ki, rəsmi Ankara türk cümhuriyyətlərinin birliyini xarici siyasətinin əsas hədəfinə çevirib.

Türkiyə-Azərbaycan müttəfiqliyi Orta Asiyada üçüncü qüvvəni, daha dəqiq desək, türk birliyini daha şanslı müstəviyə çıxarıb.

Türkiyənin yeni xarici siyasət doktrinası praqmatik iqtisadi və geostrateji motivləri rəhbər tutur. Türk dövlətlərini öz ətrafına toplamağa çalışan Ankara Qərbdən asılılığını azaltmağa, regional təsirini genişləndirməyə, Rusiya, Çin, İran və Səudiyyə Ərəbistanına qarşı çəki yaratmağa çalışır.

Qərb texnoloqları Turan Konfederasiyasının yaranacağı təqdirdə, Türkiyənin dünya siyasətində söz sahiblərindən biri olacağını proqnozlaşdırırlar. Onların fikrincə, Türkiyə və Azərbaycanın təklif etdikləri birlik modeli Rusiyanın indiyə qədər qurmağa çalışdığı birliklərdən fərqli olaraq, regionda hegemonluğu deyil, ümumi inkişafı hədəfləyib. Bu üzdən, türk birliyinin yaşaması və güclənməsi daha inandırıcı görünür. Regionun zəngin enerji ehtiyatı, Türkiyənin birlikdəki aparıcı rolu onu qısa zamanda fövqəldövlətə çevirə bilər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR