İnsanlara hürriyət, millətlərə istiqlal!

Troyenbritsen qırğını-Jukovun əmri ilə dinc sakinlər belə qətl edilib- İlginc Faktlar

2722 04.06.2022 16:38 Yaxın tarix A A



Troyenbritsen qırğını – müharibənin son günlərində Jukovun əmri ilə şəhərin dinc sakinləri meşədə kütləvi şəkildə qətlə yetiriliblər.

Berlindən 73 kilometr aralıda yerləşən Troyenbritsen şəhərinin ərazisi kiçik olsa da, sovet qoşunları bu şəhərin işğalı üçün üç gün hərbi əməliyyatlar keçiriblər. Troyenbritsendən daha böyük olan şəhərləri daha qısa müddətə nəzarətə götürə bilən sovet ordusu bu şəhərdə almanların, o cümlədən hərbçilərlə yanaşı həm də dinc əhalinin ciddi müqavimətinə rast gəliblər.

Hərbi əməliyyatlar 1945-ci ilin aprelin 23-dən 26-a qədər davam edib. “Sovinformbüro” bu şəhərlə bağlı cəmi bir dəfə məlumat səsləndirib, uzun illər Troyenbritsen haqqında mətbuatda heç bir yazı, məqalə, reportaj, təhlil getməyib. 1990-cı illərdən başlayaraq isə bu kiçik şəhər haqqında Almaniya hökuməti rəsmi və qeyri-rəsmi şəkildə SSRİ-yə qarşı böyük ittihamlar irəli sürüblər.

Maraqlıdır, 45 ildən sonra almanların SSRİ-yə qarşı ittihamları nədən ibarət olub?

II Dünya müharibəsindən sonra Troyenbritsen Almaniyanın (ADR) SSRİ-nin nəzarəti olan ərazisində qalıb. Qeyd edək ki, bu şəhərdə 240-dan artıq müharibədə həlak olan sovet hərbçisi dəfn edilib. Ötən 45 il ərzində həmin məzarlara almanlar xüsusi diqqət yetiriblər, məzarlıqda həmişə səliqə-sahman hökm sürüb. Hər ilin 9 may tarixində şəhər rəsmiləri sovet hərbçilərinin məzarlarını ziyarət ediblər.

1990-cı ildə Almaniyanın (ADR və AFR)  birləşdirilməsindən sonra alman tarixçisi Volfqanq  Ukşe mətbuatda Troyenbritsen uğrunda gedən döyüşlər haqqında böyük səs-küyə səbəb olan yazı ilə çıxış edib. Müəllif şəhər uğrunda gedən döyüşləri hərbi əməliyyat yox, sovet ordusunun almanlara, dinc əhaliyə qarşı soyqırımı adlandırıb. Məqalədə göstərilib ki, min nəfərdən artıq şəhərin dinc əhalisi meşəyə aparılaraq sovet hərbçiləri tərəfindən güllələnib.

SSRİ süquta uğradıqdan sonra Almaniya və Rusiya rəsmi olaraq hadisəyə aydınlıq gətirməyə çalışıblar. Almaniya tərəfi məsələyə canlı şahidlər cəlb edərək sovet ordusunun vəhşiliklərini müharibə xronikasına salmağa cəhd ediblər.

Həmin ərəfədə 14 yaşı olan Troyenbritsen şəhərinin sakini Gerda Berkqolds xüsusi yaradılmış komissiyaya verdiyi ifadədə aşağıdakıları qeyd edib:

“Onda mənim 14 yaşım var idi. Aprelin 21-də şəhərin mərkəzi küçələrində küçə döyüşləri gedirdi. Bizim evimiz şəhərin cənub tərəfində idi. Biz yaşadığımız ərazidə yollar meyitlərlə dolu idi. Pəncərədən şəhər sakinlərinin piyada və yük maşınlarında meşəyə aparılmasını rahatlıqla müşahidə edirdik. Arada bu karvan dayanırdı. Hərəkətlərdən və başa düşmədiyimiz danışıqlardan hiss edirdik ki, nə isə mübahisə yaranıb, ruslar qışqırırdılar, sonda isə avtomatlar işə düşürdü. Bu vəziyyət bir neçə gün davam etdi. Şəhər həmin günlərdə sürətlə boşalırdı. Yaşadığımız məhəllədən çox da uzaq olmayan meşə massivindən isə dəhşətli üfunət qoxusu gəlirdi. Sonralar, təxminən bir aydan sonra həmin yerlərdə traktorlar işləməyə başladı...”

Almaniya tərəfi sovet ordusunun dinc sakinləri güllələnməsinin əsas səbəbini də açıqlayıb. Belə ki, şəhərdəki hərbi zavodda işləyən və qatı nasist kimi tanınan, həmişə qara paltarda olmağı ilə fərqlənən Şreder adlı şəxs yaşadığı mənzilin pəncərəsindən sovet zabitlərindən birinə atəş açaraq onu öldürüb. Bu hadisə zabitin döyüş yoldaşlarının qıcığına və qəzəbinə səbəb olub ki, onlar mülki vətəndaşlardan qisas almağa qərar veriblər.

İkinci bir səbəb kimi Georgi Jukovun şifahi əmri göstərilib.  Troyenbritsen əməliyyatı Jukovun komandan olduğu 1-ci Belarusiya cəbhəsinin 10 və 11-ci briqaları tərəfindən keçirilib. Sovet hərbçiləri yerli dinc sakinlərin müqaviməti ilə rastlaşanda Jukov əmr verib ki, əhali şəhərdən çıxarılaraq meşəyə aparılsın və son nəfərinədək güllələnsin.

Rusiya tərəfi Almaniyanın ittihamlarını qəbul etməyib. Hərbi ekspertlər bildiriblər ki, 1943-cü ilin aprelin 23-də 18-45 yaşlı şəhər sakinləri sovet hərbçiləri tərəfindən şəhərin cənub hissəsindəki meşə massivində yaradılmış toplantı məntəqəsinə daşınıblar. Məqsəd onlardan işçi qüvvəsi kimi istifadə etmək olub. Məhz həmin gün Vermaxt qoşunları əks hücuma keçməklə sovet qoşunlarının bu istiqamətdən Berlinə istiqamət almasının qarşısını almaq istəyiblər və həmin saatlarda min nəfərdən artıq dinc əhali arada qalaraq hər iki tərəfdən edilən hücum zamanı həlak olublar.

Bu qarşılıqlı ittihamlara aydınlıq gətirmək mümkün olmayıb. Amma fakt odur ki, rəsmi statistikada müharibədən sonra Troyenbritsen şəhərinin 7 min əhalisinin təxminən 2 min nəfərinə yaxını “yox”a çıxıb. Hansı ki, onlar ümumiyyətlə hərbi əməliyyatlarda və döyüşlərdə iştirak etməyiblər.

İlham Cəmiloğlu, Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR