İnsanlara hürriyət, millətlərə istiqlal!

“Transmilli şirkətlər getsin...” - sürücülər gileylənir

629 20.05.2022 08:00 Gündəm A A

Onlar deyirlər ki, bu şirkətlər sürücülərin əməyini istismar edirlər...

Nəqliyyat vasitələri həyatımızın ayrılmaz bir parçasıdır desək, daha doğru olar. İnsanların işə, səyahət etdikdə rahatlıqla istədikləri yerə çatdırılmasında ictimai və şəxsi nəqliyyat vasitələri böyük rol oynayır. Bəzən yollarda yaranan tıxac nəticəsində insanlar işə tez bir zamanda çatmaq və təcili hallar baş verdikdə taksilərdən istifadə etməli olurlar. Həqiqətən də taksilər istədiyimiz yerə vaxtında çatmaqda çox böyük rol oynayır.

Lakin Azərbaycanda taksi fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var. Həm qiymət fərqliliyi, həm də keyfiyyət baxımından bu sahədə müsbət yeniliklərin edilməsi zəruri hesab olunur. Xüsusilə tərcübəsiz sürücülərin şirkətlərdə taksi fəaliyyətinə cəlb olunması zaman-zaman qəzalara gətirib çıxarır ki, bu da vətəndaşları ciddi narahat edir.

Sərnişinlərlə sürücülər arasında yaranan insidentlər də aktual problemlərdən biridir.

Digər problemlərdən biri də taksilərin say çoxluğundan yollarda yaranan tıxac problemidir.

TV Musavat-ın əməkdaşları da mövzu ilə bağlı araşdırma aparmaq üçün taksi sürücüləri ilə həmsöhbət olub, onların fikirlərini öyrənməyə çalışıb.

Müsahibimiz taksi sürücüsü Ruslan Məhərrəmov bildirib ki, sürücülərin ən böyük problemi transmilli taksi şirkətlərinin tətbiq etdiyi qiymətlərdir: “Bu şirkətlər gedişhaqqını olduqca aşağı müəyyən ediblər. Çünki həmin şirkətlər bir-biriləri ilə rəqabət halındadır. Qiymətin aşağı olmasının səbəbi də budur. Ümumiyyətlə, Azərbaycanda taksi fəaliyyəti ilə bağlı xaotik vəziyyət yaranıb. Səbəb bəzi insanların daha çox qazanc əldə etmək məqsədi ilə ikinci iş kimi taksi fəaliyyəti göstərməsidir. Bəziləri isə məcburiyyət qarşısında qaldıqlarına görə bu sahə ilə məşğul olurlar”.

R.Məhərrəmov dedi ki, şirkətlər arasında  rəqabət varsa, bu, keyfiyyətə təsir etməlidir: “Bəzi şirkətlər var ki, rəqabət məqsədilə qiymətləri əslində olduğundan az göstərərək müştəriləri cəlb edir. Nəticədə xidmətin keyfiyyəti aşağı düşür, sürücü də, müştəri də narazı qalır. Hesab edirəm ki, qanunla xidmətin keyfiyyətinin artırılması və qiymət məsələsi tənzimlənməlidir”.

Ruslan Məhərrəmov transmilli şirkətlərin  mənfi təsirlərindən də danışıb: “Transmilli şirkətlərin ölkəmizdə Əmək Məcəlləsinin 89-cu bəndini pozmasına şərait yaradırlar. Həmin şirkətlərin əsas məqsədi yerli taksi şirkətlərini əzərək, bazardan çıxartmaqdır. Onlar eyni zamanda insan əməyi üzərindən qazanc əldə etmək istəyirlər. Bu zaman isə əziyyət çəkən  sürücülər olur. Məsələn, 5 manatlıq məsafənin qiymətini xüsusi endirimlərlə 1-2 manata qədər endirirlər. Hətta bəzən xüsusi aksiyalar keçirib 50 qəpiyə, bəzən isə pulsuz həmin məsafəyə sərnişindaşıma həyata keçirirlər. Bu zaman Azərbaycanın nəqliyyat sisteminə də zərər dəyir. Çünki vətəndaş əgər 4 nəfərlik ailəsi ilə A nöqtəsindən B nöqtəsinə getmək istəsə, bu həmin vətəndaş üçün gediş-gəliş daxil olmaqla minimum 2.40 manata başa gələcək. Bu zaman həmin şəxs düşünür ki, əgər taksi məni 50 qəpiyə, 1-2 manata, həm də düz istədiyim nöqtəyə qədər aparırsa, o zaman niyə digər nəqliyyat vasitələrinə əlavə pul ödəyim ki?! Bu da ölkə iqtisadiyyatına ziyan vurur. Ona görə də mən düşünürəm ki, bütün taksi xidmətlərinə vahid qiymət tətbiq edilməlidir. Təbii ki, məsafəyə uyğun olaraq”.

Digər müsahibimiz taksi sürücüsü Zahid Davudoğlu da eyni problemlərdən gileylənib:

“Gündəlik qazancımız çox azdır. Aylıq qazancımızla öz ehtiyaclarımızı ödəyə bilmirik. Ölkədə demək olar ki, hər bir şeyin qiyməti artıb. Kommunal ödənişlər, qida və qeyri-qida məhsulları da həmçinin. Bircə taksi xidmətlərindən başqa. Mən istərdim ki, transmilli şirkətlər ya ölkəni tərk etsinlər, ya da əməyə yetəri qədər dəyər versinlər”.

Hər iki sürücü, ümumiyyətlə, həmin şirkətlərin iş prinsiplərindən də şikayətçidirlər. Onların sözlərinə görə, bu şirkətlərin heç bir tibbi yoxlama etmədən sürücüləri işə qəbul edirlər. Daha doğrusu, həmin şəxslər, sadəcə, qeydiyyatdan keçir və taksi fəaliyyəti üzə işləməyə başlayırlar. “Bəziləri çox aqressiv olur. Yuxusuzluqlarına çarə kimi bəziləri hətta narkotik vasitələrdən belə istifadə edirlər. Qəzaların səbəbi də bunlardan irəli gəlir. Bu da həm öz həyatlarını, həm də müştərinin həyatını təhlükəyə atmaq deməkdir”, - deyə onlar bildirib.

Z.Davudoğlu müştərilərlə olan mübahisələrin səbəbini transmilli şirkətlərə görə olduğunu vurğulayıb: “Məncə, müştəridə heç bir günah yoxdur. Yəni ən azından gedişhaqqı səbəbindən. Çünki o təklif olunan məbləği özünə uyğun bilir və taksidən istifadə edir. Ona görə də əgər sürücü bu məsələdə mübahisə yaradırsa, günah onun özündədir. Əgər işləyə bilmirlərsə, işləməsinlər”.

Anar ƏHMƏD,
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR