İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın bir saatlıq “sehrli çubuğu” - Ukraynada atəşkəsə nail olacaqmı...

878 02.04.2024 09:00 Siyasət A A

Müharibə dönüşü olmayan qisasçılıq xarakteri almaqdadır və milli münaqişəyə çevrilməkdədir; ekspert: “Tramp Kiyevi də razı salacaq təklif etməlidir ki...”

Aprelin 1-də Ukraynanın dörd bölgəsində hava hücumu xəbərdarlığı elan edilib. “Yeni Müsavat” bildirir ki, bu barədə TASS xəbər gentliyi məlumat yayıb. Məlumata əsasən, sirenlər Dnepropetrovsk, Poltava, Sum və Xarkov vilayətlərində işə düşüb. Həmçinin Ukraynanın şərqində, Xarkovda partlayış baş verdiyi bildirilib. Partlayışın təfərrüatı barədə əlavə məlumat verilməyib. Rus qoşunları çox güman ki, yazın sonunda, ya da yayda böyük hücuma keçəcək. 

“Yeni Müsavat” xəbər verir ki, Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitiklərinin fikrincə, Rusiya Federasiyası öz qüvvələrini Donetsk vilayətinin qərbində cəmləşdirə və məhz bu istiqamətdən hücuma keçə bilər. İnstitutun son hesabatında deyilir ki, ruslar öz qoşunlarının bu istiqamətdə davamlı, lakin cüzi irəliləyişindən yararlanmağa ümid edirlər. 

Ukrayna rəsmiləri bu yaxınlarda xəbərdarlıq ediblər ki, Rusiya Federasiyası Xarkov-Luqansk istiqamətində, Baxmut, Avdeyevka yaxınlığında və Zaporojye vilayətində qüvvə toplayır. Bununla yanaşı, amerikalı mütəxəssislər martın 30-da Avdeyevka yaxınlığında yerləşən Tonenkoye kəndində rus qüvvələrinin uğursuz hücumunu Rusiya ordusunun əsas səylərini məhz orada cəmləyə biləcəyinə sübut kimi göstərir. Xəbərdə deyilir ki, bu ərazidə Ukrayna qoşunları Rusiya qoşunlarının bütöv bir mexanikləşdirilmiş batalyonunun hücumunu dəf edə bilib. Ukrayna Silahlı Qüvvələri Avdeyevka istiqamətində rus ordusuna məxsus bir neçə hərbi texnikanı məhv edib. 

Bu müharibənin dönüşü olmayan xarakter aldığı görünməkdədir. Tərəflər cəbhədə gedişatı öz xeyirlərinə böyük ölçüdə dəyişə bilmirlər. “Krokus” terroru isə münaqişəyə bir nifrət dozası qatmış oldu. Rusiya İstintaq Komitəsinin terrorçuların mükafat almaq üçün Kiyevə yön aldıqlarını açıqlaması belə deməyə əsas verir ki, Moskva hadisənin sponsorunun Ukraynada olduğuna eyham vurub. Bununla da iki tərəf arasında düşmənçilik qisas, nifrət üzərində güclənməyə başladı. İndiyə qədər baş verənlər iki xalqın yox, iki siyasi gücün strateji müharibəsi kimi qəbul olunurdu. Amma Ukrayna şəhərlərinin bombalanması, dinc əhalinin qırılmasının ardınca Rusiyada terror baş verməsi, bunun məsuliyyətinin Kiyevin boynuna biçilməsi, habelə Belqorod, Kursk, Bryansk və digər rus şəhərlərinin vurulması fonunda artıq iki slavyan milləti arasında etnik qarşıdurmanın yaradılması baş verir. 

Belə vaxtda isə gözlər ABŞ-dadır. Noyabrda keçiriləcək seçkidə Trampın qalib gələcəyi ehtimalı var və bu halda Respublikaçıların namizədi müharibəni 1 saatın içində dayandıra bilər. Yəni Donald özü belə söyləyib. ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukraynada konfliktə son qoymaq planı var. Macarıstanın baş naziri Viktor Orban da elə bu tərzdə deyib. “Onun bu müharibəni bitirmək üçün kifayət qədər ətraflı planı var, lakin bu planın mahiyyəti haqqında danışmaq səlahiyyətinə malik deyiləm”, - deyə Orban bildirib. Lakin Quinnipiac Universiteti tərəfindən keçirilən yeni rəy sorğusuna əsasən, Bayden seçicilərin 48, Tramp isə 45 faizinin dəstəyinə malikdir.

Fuad Əliyev: "İlham Əliyevə uğurlar arzulayıram"

Fuad Əliyev

“Bu, elə şərtlər altında ola bilər ki, Rusiya və Ukrayna məğlub görünməsinlər. Belə bir "qızıl orta" üçün danışıqlar paketi açıqlanmalıdır. Orada təklif oluna bilər ki, Rusiya bəzi ərazilərdən çıxır, əvəzində müvəqqəti atəşkəs elan olunur. Yəni Kiyev də təslimçi kimi görünməsin. Amma Putin açıq şəkildə bəyan edib ki, danışıqlar yeni reallıqlar əsasında aparıla bilər. O deməkdir ki, Rusiyanın özünə birləşdirdiyi 4 regionla bağlı Kiyev razılaşmalıdır. Bu da necə mümkündür? Ukrayna öz ərazilərinin Rusiyada qalması şərti ilə atəşkəsə gedərsə, o zaman məğlubiyyəti həzm etmiş olacaq. Bax, buna görə də Trampla bağlı tərəddüd içindəyəm", - deyə “Yeni Müsavat”a danışan siyasi ekspert Fuad Əliyev qeyd edib. Onun sözlərinə görə, Ukrayna itirdiyi əraziləri geri ala bilməyəcək, buna gücü çatmır, verilən silah-sursat da müdafiə olunmağa yetərli ola bilər: “İyunda Rusiyanın yeni hücumu gözlənilir. Ukrayna da əks-hücum planları qurmaqdadır. General Sırski hansısa taktiki-operativ nəticə əldə etməlidir ki, Zalujnıdan sonra uğur qazandığını nümayiş etdirə bilsin. Onun qarşısında olduqca çətin sınaq var. Mənim gözləntilərim odur ki, Ukraynada müharibə uzanacaq. Ola bilsin ki, Tramp təşəbbüs göstərəcək, amma Putinlə Zelenskini eyni masada təsəvvür etmirəm. Bəlkə də nümayəndə heyətləri atəşkəs imzalaya bilər. Ancaq yenə deyirəm, Tramp Ukraynanı da razı salacaq təklif etməlidir ki, tərəzidə biri üstün, biri zəif görünməsin. Digər tərəfdən, Baydendənsə, Tramp daha ağıllı siyasətçidir. Amma hər şey Vaşinqtonun Kiyevə dəstəyindən asılı olacaq. Zelenski də etiraf etdi ki, ABŞ yardım ayırmasa, onlar cəbhəni daraltmağa məcbur qalacaqlar və geri çəkilməli olacaqlar. Ukrayna prezidenti bununla Amerikanı xəbərdar edir ki, pul ayırın, sizə görə döyüşürük. Həqiqətən də Qərb yardımları dayandırsa, Zelenski həmişə onları ittiham edəcək ki, biz dayanmadıq, biz savaşırdıq, siz yarıyolda qoydunuz”. 

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR