ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski yaxınlaşan görüş ərəfəsində Avropa liderləri ilə birgə danışıq aparacaq.
Musavat.com xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, onlayn formatda keçiriləcək söhbət şənbə günü – 27 dekabr tarixində baş tutacaq. Danışıqlarda Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin də iştirak edəcəyi bildirilir.
Məlumata əsasən, bu təmaslar Tramp və Zelenskinin birbaşa görüşündən əvvəl mövqelərin uzlaşdırılması məqsədi daşıyır. Daha əvvəl Axios nəşri də qarşıdan gələn danışıqların onlayn formatda planlaşdırıldığını yazmışdı.
Ukrayna prezidenti Volodimir Zelenski isə açıqlamasında Tramp ilə Avropa liderləri arasında “real və işlək təmasların qurulacağına” ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu format müharibənin gələcəyi, təhlükəsizlik zəmanətləri və Qərbin vahid mövqeyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Müşahidəçilər qeyd edirlər ki, Trampın yenidən ABŞ prezidenti kimi proseslərə fəal şəkildə qoşulması və Avropa ilə paralel danışıqlar aparması Ukrayna müharibəsi ətrafında yeni siyasi konfiqurasiyanın formalaşdığından xəbər verir. Bu görüşlərin fonunda Qərbin Rusiyaya qarşı siyasətində mümkün dəyişikliklər də istisna edilmir.
Musavat.com






