İnsanlara hürriyət, millətlərə istiqlal!

Toyların yavaş -yavaş “cümə axşamı”na döndüyü ölkə...

1764 11.08.2022 15:58 Yazarlar A A

 

Əcdadlarımız uzaq Altay dağlarının qoynundan dəhmərlənib 39-42-ci paralellərə gələndə, gəlib bu yerlərdə məskunlaşanda, aborigen əhali ilə qaynayıb-qarışanda hesab ediblər ki, ağ günə çıxdılar. Qışda dondurucu şaxtası olan dağlardan sonra qışı mülayim, yayı bir balaca isti olsa da, buralar yaşayış üçün daha əlverişli olub.

Amma onlar nə biləydilər ki, coğrafi baxımdan yaxşı olsa da, dini-mədəni-siyasi cəhətdən təzəkli, gərməli bir yerə gəliblər və qərblə şərqin, cənubla şimalın qovuşuğundakı bu yerlərə köçməklə gələcək züryətlərini bəlaya salıblar. Buralar ABŞ-ın Florida ştatı kimidir, ictimai planda tornadolu yerlərdir. Tarixən burada çoxlu burulğanlar, toqquşmalar, qasırğalar olub və olur.

Budur, dünyada sivilizasiyaların toqquşması prosesi gedir (bu mövzuda əvvəllər də yazmışıq), biz də onun tən ortasındayıq. Bəlkə də Semyuel Hantinqton o vaxt bu istilahı icad edəndə bir az artıq fikirləşsəydi, prosesin adını “Sivilizasiyaların süpürləşməsi” qoyardı. Çünki o proses toqquşmaya yox, süpürləşməyə oxşayır.

Toqquşma bir, uzağı, iki dəfə olur. Yük maşını ilə yüngül avtomobilin, yaxud iki yük maşınının və ya iki yüngül avtomobilin toqquşmasını görmüsünüz, darranq, bir-birinə dəyirlər, sonra ikisi də ağzı-burnu əzilmiş halda bir qıraqda qalırlar.

Bizdə gedən proses isə belədir ki, müstəqillik qazanandan bəri regionda elə hey süpürləşmə gedir. Gah bu mədəniyyət o birini parter vəziyyətinə salır, gah bu biri o birinə ippon fəndi tətbiq edir. İl boyunca öcəşmə, itələşmə, yaxalaşma sürüb gedir.

Biz indiyədək bu yolayrıcındakı məmləkətdə bizə sırınmış mədəniyyətləri birtəhər sintez etməyi bacarırdıq. Məsələn, toylarımızı Qərb mədəniyyəti ilə edirdik: qarışıq cinsli məclis, qara kostyumlu, kəpənək qalstuklu təzəbəy, ağ libaslı, fatalı gəlin, təntənəli nikahkəsmə, Mendelson marşı, Avropasayağı tostlar, müxtəlif xalqlara məxsus rəqslər (“Ləzgihəngi”dən tutmuş yəhudilərin “7-40”-na, avropalıların “Vals”ına, diskosuna qədər), spirtli içkilər və sair və ilaxır. Artıq yavaş-yavaş belə toyların yerini bircinsli (qadınlar ayrı, kişilər ayrı), spirtli içkilər olmayan məclislər almaqdadır. Əvvəllər belə məclislərə çağrılan adamlar yarızarafat-yarıgerçək deyirdilər: “İçki vermirlər, cümə axşamı kimi bir şeydir, gedək nəmərimizi yazdıraq, sonra bir yer tapıb normalnı oturaq”. Yavaş-yavaş “cümə axşamı” məclislərindən seçilməyən toylara da alışırıq. Hərçənd buna müqavimət də var.

Hüzr məclisləri isə lap əvvəldən Şərqsayağı idi. Məclisə gələnlərin 99 faizinin anlamadığı dildə oxunan dualardan sonra hər kəs dodağının altında tərcüməsini tamam-kamal bilmədikləri ərəb sözlərini təkrar edir, axırda rəhmətə gedən üçün bərkdən “Allah rəhmət eləsin, Allah o dünyasını versin” deyib dağılışırdılar. O ənənə dəyişməyib. Dəyişən bircə odur ki, əvvəlki vaxtların mollaları təvazökar və ambisiyasız idilər, öz aralarında söhbət edənlərə mane olmurdular, amma indikilər ötkəmdir, nəfəs dərmədən, ard-arda çoxlu uydurma nağıllar danışır (dinləyənlərin arasında dinlərə dair 7 kitab yazmış fəlsəfə professorları da olur), əzazil müəllimlər kimi 10 dəqiqədən bir “qulaq asın” deyə hökm edir, qulaq asmayanları isə ortalığa, bəzən də konkret olaraq danlayırlar.

Gələk mədəniyyətlərin təklif və tətbiq etdiyi geyim tərzlərinə. Bu xüsusda ölkəmiz unikal məkandır. Burada bir ictimai məkanda, tutaq ki, ticarət mərkəzində həm göbəyi açıq, dizdən bir çoban qarışı yuxarı şortik geymiş qadınlar da görərsən, başdan-ayağa qara geyimdə olan, yalnız gözləri görünən zənənlər də. İlk baxışdan tərəflər tolerantdır, bir-birinə ilişmirlər. Amma qulaqları həssas olan şəxslər onların bir-birinə münasibətini astadan necə ifadə etdiklərini duya bilərlər. Örtülü qadınlar göbəyiaçıqları “bihəya”, “ləçər”, şeytani məxluq” adlandırırlar, onlar da örtülü geyinənləri – “pinqvin”, “çuvala girmiş”, “qara qarğa” və s.

Hələ bu ölkədə şortik geyən kişilərin cinsi azlıq hesab edilməsi, dallarınca “petux” adlandırılması kimi ənənə də var. Çoxluq kişilərin şortik geyinməsinə qarşıdır. Bir qrup hesab edir ki, kişilərin şortik geyməsi estetik deyil, qıçlarının tükləri zövqləri korlayır. Başqa bir tirə isə sayır ki, bu, dini baxımdan düzgün deyil, qədimlərdə belə geyimlər olmayıb, demək, yenə də olmamalıdır.

Kişilərin kütləvi şəkildə saqqal saxlaması məsələsində isə Şərq sivilizasiyası Qərb mədəniyyətini nokaut edib artıq. Demək olar ki, saqqalsız gəncə rast gəlmək mümkün deyil. Hamısının çənəsində bir çəngə, bəzilərində dəngil-düngül tük var. Bu, heç saqqal da deyil, sadəcə, qırxılmamış üzlərdir. Nə dəbdir, niyə belə edirlər, üzü təraşlı, saçı daranmış olanda nə olur? Soruşanda deyirlər, keçmişlərdə kişilər üzlərini qırxmazdılar. Düzdür. O vaxt eləydi, “Jilett” yox idi, “Arko”, “Men”, fen yox idi. Amma indi var. Elmi-texniki nailiyyətlərin (cürbəcür cihazlar) hamısından istifadə edirsiniz, gigiyena vasitələrindən də istifadə etmək olmazmı? Yoxsa o birilər halal, bu birilər haramdır?

Daha böyük mədəniyyət süpürləşməsi inanc məsələlərindədir. Heç açılıb-büküləsi bir şey deyil. Ölkə hərdən çoxkonfessiyalı Livana oxşayır. Burada dinlərarası münasibətlər pis-yaxşı tənzimlənir, amma məzhəblərarası sürtüşmələr tez-tez cızığından çıxır. Adicə salamlaşmalarından bilinir ki, bu adam başqa sektadandır, o biri adam o biri sektadan. Və ikisi bir-birini “kafir” sayır. Eləcə də ateistlər dindarları cahil hesab edir, dindarlar da ateistləri.

Amma Altaydan gələn şaman əcdadlarımızın adət-ənənlərini də unutmamışıq: pirlər, ocaqlar, ziyarətgahlar düzəltmişik, gedib nəzir veririk, parça bağlayırıq. Bircə gecələr tonqal qırağında qaval döyə-döyə dua etməyi yadırğamışıq.

P.S. “Gəlmə xalq” adlandırılmaqdan qorxmaq lazım deyil, dünyada “gəlmə” olmayan xalq yoxdur, hamı haralardansa gəlib.

P.P.S. Qərb alimlərin araşdırmasına görə, hazırda dünyanın ən təmiz suyu və havası Altay dağlarının qoynundadır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR