İnsanlara hürriyət, millətlərə istiqlal!

Toxunulmazlar və ya sovet dükançısının 20 qəpik üstdə ilişməsi

3243 14.09.2022 07:57 Yazarlar A A

Biz tələbə olan vaxt ali məktəbimizin başqa fakültəsində bir rayonlumuz oxuyurdu, şəhərdə kirayədə qalırdı, tez-tez yanımıza gəlirdi. O, bizdən 4-5 yaş böyük idi. Rəhmətlik olduqca mərifətli, qanacaqlı, təvazökar biriydi.

Onun özünün və atasının adını çəksəm, Füzulidən olan hər kəs onu tanıyacaq. Çünki tələbə dostumuzun atası rayonda çox məşhur, hər kəsin tanıdığı və hörmət etdiyi bir şəxs idi və uzun illər idi ki, rayonlararası müəssisənin rəhbəriydi. Rayona gələn raykomlar, rəislər, prokurorlar, bir sözlə, bütün vəzifəlilər ona sayğı ilə yanaşırdılar.

İndi sizə həmin tələbə qardaşın maddi imkanlarından danışım. O, şəhərin mərkəzində yaxşı bir evdə yaşayırdı. O qıtlıq illərində o, qışda Malta, Finlandiya istehsalı olan kostyumlar, İtaliya, Yuqoslaviya brendləri olan ayaqqabılar, 1000-1200 manatlıq dəri plaş, 120 manatlıq şərf, yayda “Ransher” markalı şalvar-köynək geyirdi. Elə olurdu ki, dünən aldığı bahalı kostyumu bu gün siqaret közü ilə deşilmiş görürdük, özünə deyəndə, gülümsünür, gedib təzəsini alırdı.

Bir tələbə təsəvvür edin ki, ayda təkcə 600 manat siqaretə pul versin. Qardaş verirdi. Günə iki qutu “Marlboro” siqareti çəkirdi və hər qutunu qara bazardan 5 manata alırdı. Həmişə taksi ilə gəzirdi. Başqa şəhərdə yaşayan və xırda məmur vəzifəsində işləyən, atasından pul almaq istəməyən qardaşına hər ay 300-500 manat pul göndərirdi.

Bir sözlə, o, cah-cəlal içində yaşayırdı, amma harınlamış, qudurmuş adam deyildi, səmimi və utancaq idi. Özü də etiraf edirdi ki, atası ona xərcləyə biləcəyindən qat-qat artıq pul verir. Onun atası isə, yuxarıda dediyim kimi, böyük vəzifədə işləyirdi, qeyri-rəsmi milyonçu idi. Rayondakı bütün vəzifəli şəxslər, o cümlədən hüquq-mühafizə orqanlarının yerli rəhbərləri bilirdilər ki, o şəxs sosialist əmlakının bir hissəsini öz xərclərinə, öz ehtiyaclarına yönəldir.

Amma ona sona qədər bir söz deyən, ortalığa çəkən olmadı. İlk növbədə ona görə ki, bu hörmətli şəxs yeməyi bacardığı kimi, yedirtməyi də bacarırdı, hər kəsin payını artıqlaması ilə verirdi, ona görə də ona dəyib-dolaşan yox idi.

Məhz həmin dönəmdə 20 qəpik üstündə tutulan və 5-6 il həbs cəzası kəsilən dükançılar da vardı. Bəli, adına el arasında “bir abbası” deyilən 20 qəpik üstündə. Təsəvvür edin, bir müştəri mağazaya girir, 80 qəpiklik siqaret alır, piştaxtaya 1 manat atır, pulunun qalığını gözləmədən çıxır, SƏDM (Sosialist Əmlakını Dağıdanlarla Mübarizə Bölməsi - rusca - OBXSS) işçiləri dərhal içəri girir, adamı qandallayır, “yeyinti”ni sənədləşdirirlər və adam həbsə gedir.

Bir tərəfdə dövlətin milyonlarını mənimsəyənlərə bir söz deyən yoxdur, amma bu tərəfdə 20 qəpik üstündə həyatlar qaralır. Nəsil-nəcabət pul toplayır ki, adamı dardan qurtarsın, türmədə sıxıntı çəkməyə qoymasın, məktəbli uşaqlarına baxsın.

Bu sözləri həm də ona görə yazıram ki, bəzən sovet dövrünün ədalətini ideallaşdıranlar olur. “O vaxt eləydi, beləydi, dünyanın düz vaxtıydı, şikayətə baxırdılar, dövlətdən, xalqdan oğurlayanları tuturdular” deyənlər var.

Bəli, o vaxt da oğruları tuturdular, amma 20 qəpik kəmi çıxanları, hindən toyuq, inşaat yerindən bir kisə sement oğurlayanları tuturdular. Böyük istehsal müəssislərinin, iaşə, xidmət və ticarət obyektlərinin çox pul qamarlayan və topladıqlarını özündən böyüklərlə bölən rəhbərlərinə dəymirdilər. Yeganə şərt o idi ki, bu adamlar qudurmasınlar, başlarından böyük intriqalara girişməsinlər, rayonun bir nömrəli rəhbər şəxsinə qarşı bağışlanmaz qəbahətə yol verməsinlər və tələb olunan məbləği aybaay, gecikdirmədən versinlər. Yoxsa onlara qarşı o zamanların Cinayət Məcəlləsinin 88,1 (qısa desək, güllələnmə) maddəsi işə düşərdi.

Budur, eyni düzən davam edir. Ləğv olunmuş MTN-nin milyonçu generalları və polkovnikləri azadlıqdadır. Zərərçəkənlər “məndən 8 milyon aldı”, “mənə evimi, şirkətimi satdırdılar”, “bankdan külli miqdarda kredit götürüb onlara verməyimi tələb və təşkil etdilər” deyə məhkəmədə üzlərinə dururlar, amma onları həbs edən yoxdur, bir jurnalist və vəkil isə kimə hansı məqsədlə verildiyi şübhəli olan 20 min manata görə həbsə alınıb.

44334.JPG (69 KB)

Adları iri məbləğli korrupsiya qalmaqalına qarışan sabiq nazirlər – Elmar Məmmədyarov, Əbülfəs Qarayev, Səlim Müslümov, Eldar Mahmudov, Ziya Məmmədov, Səfər Əbiyev, Səfər Mehdiyev, adları çəkilənlərin müavinləri (o cümlədən Nəcməddin Sadıqov) və digərləri azadlıqdadır.

Bunların məngirlədikləri, taladıqları varidatla müqayisədə jurnalistlə vəkilə qarşı irəli sürülən ittihamdakı məbləğ sovet dükançısının “ilişdiirlməsi”nə səbəb olan 20 qəpik kimi şeydir. Sovet vaxtı bu adamlar bu cür ifşa olunar və dilə-dişə düşərdilərsə, 88.1-dən onları heç kəs qurtara bilməzdi. İndi pis olan odur ki, talançılar hələm-hələm ilişmirlər, ilişənlər də canlarını qurtara bilirlər.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə prinsipial səciyyə daşıyacaqsa, qoy, bu, hamını əhatə etsin, ayrı-seçkilik olmasın. Yoxsa dükançını 20 qəpik üstə həbs edib türmədə yatırtmaqla ədalət təmin olunmayacaq.

İnsanlar məhz belə ədalətsizlikləri həzm edə bilmirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR