İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiqran, xatırlayırsan mən kiməm?..

2972 03.10.2022 14:19 Yazarlar A A

Biriləri çox həyəcanlanıb. O qədər həyəcanlıdırlar ki, az qalırlar Ermənistan tərəfə keçsinlər, silahı bizə tuşlasınlar. Ermənilərin çəkdikləri “kino” bunların ağlını əməlli-başlı alıb, ovsunlayıb. Sanki fürsət gəzirmişlər müzəffər Azərbaycan ordusuna qara yaxmaq üçün. Belə görünür, qələbəmizi sinirə bilməyənlər, Qarabağın və  Şərqi Zəngəzurun azadlığına “qara geyinən”lər təkcə ənənəvi düşmənlərimiz, erməni havadarı kimi tanıdıqlarımız deyilmiş...

Azərbaycan əsgərinin necə ləyaqətlə döyüşdüyünü 44 günlük müharibədə hamı gördü. 1949-cu il Cenevrə konvensiyalarının tələblərindən bəlkə heç xəbəri olmayan qəhrəman oğullarımız hərbi əsirlər və mülki şəxslərə əl qaldırmağı özünə yaraşdırmadı, mülki erməniləri hədəf seçmədi. Bu, bir gen məsələsidir, insanlıq məsələsidir, kişi millət məsələsidir!

Mirzə Cəlilin “Kamança” pyesində ermənilər tərəfindən dostları qətlə yetirilən və qisas hissi ilə alışıb-yanan Qəhrəman yüzbaşı toydan qayıdarkən azərbaycanlılar tərəfindən tutulan Baxşı adlı erməni kamançaçının ifasını dinləyəndən sonra ona nə deyir: “Adə, erməni, tez kəmənçəni yığışdır, itil get buradan!.. Çıx get!” Bu hadisədən 100 il sonra, 2020-ci ilin oktyabrında, döyüşlərin ən gərgin vaxtında Azərbaycan əsgərləri mülki ermənilərlə necə davrandılar? Unutqanların yaddaşını təzələyək: əsgərlərimiz Hadrutu azad edərkən 84 yaşlı Mişa Melkumyanı və 85 yaşlı Yevgeniya Babayanı xilas edib, Bakıya gətirdilər, xəstəxanaya yerləşdirdilər. Sonra isə Ermənistan Melkumyanı təhvil almaqdan imtina etdi! Bu, Azərbaycan əsgərinin comərdliyi, o, Ermənistan adlı oyuncaq dövlətin namərdliyi!

Niyə bəzi “sülh göyərçinləri” əsgərimizin, dövlətimizin davranışı haqda bir kəlmə yazmadı, demədi, Ermənistanın öz vətəndaşına qarşı hərəkətinə reaksiya vermədi?!

Bu günlərdə Ermənistan İstintaq Komitəsi məlumat yaydı ki, döyüş postunda 2003-cü il təvəllüdlü sıravi əsgər Qraçya Karamyanı elə öz xidmət yoldaşı güllələyərək öldürüb. Karamyanın əsgər yoldaşı postda xidmətdə olarkən ayaq səsləri eşidib və gələnin düşmən əsgəri olduğunu zənn edərək onu güllələyib! Bu, təkcə erməni əsgərin Azərbaycan əsgərinin addım səslərindən qorxmasının məntiqi nəticəsi deyil, həm də ermənilərin azərbaycanlılara nifrətinin nümunəsidir! Ermənilər türk sənin düşmənindir məzmunlu “öyüd-nəsihət”lə böyüyürlər, odur ki, Azərbaycan əsgərinin gəldiyini ehtimal edəndə belə tətiyi çəkirlər.

Müharibə 2020-ci ilin 10 noyabrında bitmişdi, Ermənistanın kapitulyasiya sənədini imzalaması, üzərinə öhdəliklər götürməsi ilə. Amma ondan sonrakı dönəmdə nələri müşahidə etdik? Düşmən havadarlarının fitnə-felinə uyub vaxtaşırı təxribatlar törətdi, dinc insanlarımız, hərbçilərimiz həlak oldu, ermənilərin basdırdığı minalardan 250-dən çox insanımız həlak olub, yaralılarımızın sayı yüzlərlədir. Sülhdən danışan xain düşmən başımızı Brüssel, Moskva görüşlərində qarışdırıb demə minalayırmış Qarabağı. Azərbaycan 30 il ərzində basdırılan minaların xəritələrini tələb etdiyi halda nə daxilimizdəki “sülh göyərçinləri”ndən, nə də xaricdəki erməni havadarlarından ciddi dəstək gördük. Nəinki mina xəritələri verildi, hətta düşmən 2021-ci ildə Ermənistanda istehsal olunan minaların yeni “plantasiyalarını” saldı son il ərzində. Son üç gündə 5 dinc vətəndaşımız minanın qurbanı olub! Bütün bu alçaqlıqlara görə nə Ermənistanı çarmıxa çəkən var, nə də qınayan! Amma ermənilərin ssenariləşdirdiyi hansısa “tamaşa”ya istinad edib Azərbaycanı ittiham edirlər!  

Azərbaycan əsgəri Ermənistanın, Qarabağdakı terrorçuların mülki əhalimizə qarşı alçaq hücumlarının, gecəyarısı Gəncənin, Tərtərin, Bərdənin, Naftalanın, Yevlaxın bombardman edilməsinin qarşılığında da mülki erməniləri hədəfə almadı. Ermənilərin azərbaycanlılara qarşı insanlıqdan kənar davranışları, qandonduran cinayətləri nə tez unuduldu? Dünən olub e! Serj Sərkisyan özü etiraf edib ki, Xocalıya qədər azərbaycanlılar onlarla zarafat etdiklərimizi zənn edirdilər. Soyqırımın etirafına niyə beynəlxalq aləm reaksiya vermədi, əksinə, qatil prezidenti illər boyunca yüksək kürsülərə çıxartdılar?!

Biriləri unutsa da, çoxumuz unutmamışıq erməni snayperi tərəfindən 2011-ci ilin 8 martında qətlə yetirilən 9 yaşlı Fariz Bədəlovu!

2 yaşlı Zəhranı və nənəsini həyətlərindəcə qanına qəltan edən erməni faşistlərinin ölümünə təsirlənənlər bizlərdən ola bilərmi?! Birinci Qarabağ müharibəsində əsir və itkin düşən, girov götürülənlərin sayı 4 minə yaxındır, Ermənistan o insanların birinin taleyinə aydınlıq gətirməyib! Niyə bu məsələnin üstünə getmir “sülhpərvərlər?!”

Azərbaycan əsgərinə, onun qələbəsinə o qədər qara yaxmağa çalışan oldu ki... Savaş günlərində iddia etdilər ki, döyüşənlər guya “muzdlular”mış, gördülər bu iddia yerimədi, sonra da başqa oyunlara əl atdılar. Elə 44 günlük müharibənin üçüncü həftəsində Hadrut şəhərində iki mülki şəxsin “güllələnməsi” kadrları yayıldı sosial şəbəkələrdə.  Ermənilər iddia etdilər ki, azərbaycanlılar mülki şəxsləri öldürür. Amma çox keçmədi, ifşa olundular, saxtakarlıqları ortaya çıxdı. Niyə danışılmır bu saxtakarlıqlardan?

Danışılmayan başqa bir mövzuya diqqət edək: 13 sentyabr döyüşlərindən sonra da bir video yayıldı: Azərbaycan əsgəri yaralı erməni hərbçinin yaralarını sarıyır, sonra onun “buşlat”ını geyindirir, soyuq olmasın deyə... Bir erməni Azərbaycan əsgərinin humanistliyindən bəhs etdimi? Görmədim. Bəs, bu gün əsgərimizi ittiham etməyə cürət edən o zatlar necə, “Azərbaycan əsgərinə eşq olsun” yazdımı? Yox! Onlara sərf etmir belə faktlar. Sonra nə baş verdi? Xatırlayaq həmin dialoqu:

– Tiqran, necəsən? Məni xatırlayırsan?

– Hə.

– Kiməm?

– Məni xilas edən adam.

Hətta erməni bizim əsgərə “xilaskar” deyir! Azərbaycan əsgəri haqqında gerçəkdən anlayışı olmayanlar, təsir altına düşüb vicdanı yanılanlar heç olmasa Tiqrandan soruşsunlar...

Öz də bizim hərbçilərimizin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib, 80 igidimizi şəhid edən düşməni son nəfərinədək məhv etməyə tam haqqı çatdırdı! Necə oğullar getdi, sülh müqaviləsinə hazırlıqlar getdiyi bir vaxtda! Arxalarında kimin dayanmasından asılı olmayaraq, bu alçaqlığı erməni tərəfi etdi. Amma yenə də ƏSGƏRİMİZ humanist davrandı, erməninin yaralarını sarıdı... Bunu hansısa amerikan, ya fransız əsgər düşməninə qarşı edərdimi?  

Budur, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Tvitterdə yazıb: “Bu gün mənə bir neçə video göndərdilər. Həmin videolarda azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətlər yer alır. Onların da araşdırılması və əsl günahkarların məsuliyyətə cəlb edilməsi lazımdır. Münaqişə hər iki tərəfdə dərin yaralar qoyub və onları sağaltmaq üçün cavabdehlik lazımdır”.

Adını azərbaycanlı qoyan, qrant müqabilində Azərbaycan ordusuna ləkə yaxmağı belə özünə rəva görənlər utansınlar, hətta Klaar belə erməni cinayətlərini ört-basdır etmədi...

Ordumuz bizim varlığımızdır! Hansısa neqativlər olsa belə, onun dərindən araşdırılmasından sonra hansısa mühakimə yürütmək olar. Vaxtilə Ramil Səfərovu da ittiham edənlər var idi, Azərbaycan bayrağını təhqir edən Qurgeni cəhənnəmə yolladığı üçün... Şəhid valideynləri var ki, qisas hissi ilə alışıb-yanırlar, “balamın qatilini verin, dişimlə parçalayım” - deyir bəziləri... Əsgərlərimizə öz torpağımızda atəş açan, onları şəhid edən düşmənə gül-çiçəkmi yollamalıyıq, ey “sülh göyərçinləri!?” Sizlərdən olsa, çoxdan Qarabağı güzəşt edərdiniz hansısa qrant layihəsinin müqabilində. Vaxtilə az görmədik belə cəhdləri... Bu dəfə də uduzacaqlar!  

Ən böyük əsgər BİZİM ƏSGƏR!

Allah Ordumuzun yar və yardımçısı olsun!

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR