İnsanlara hürriyət, millətlərə istiqlal!

Tibbin aciz qaldığı daha bir dərd: təzyiq mərəzi - yüz səbəbi var, amma...

1117 28.12.2023 16:20 Yaşam A A

Zülfüqar Yusifov: “Dünyada həm təzyiq, həm də digər xroniki xəstəliklərin həllində yeni bir baxış formalaşıb - biopsixososial model...”

Tibb sürətlə inkişaf etsə də, dünya indiyədək bir neçə ənənəvi xəstəliklərin çarəsini tapa bilməyib. Xərçəng, miqren, arterial təzyiq və s. bir neçə xəstəlik var ki, həkimlər də, insanlar da onun əlində aciz qalmaqda davam edir.

Az qala iki insandan biri yüksək və ya aşağı təzyiqdən əziyyət çəkir, həkimlər bunun konkret bir səbəbini müəyyənləşdirməyin mümkünsüz olduğunu deyirlər. Hətta elə insanlar var ki, bütün orqanları sağlamdır, ancaq təzyiq problemi onun həyatını qara edir.

Qan təzyiqi deyiləndə qanın damarların divarlarına etdiyi təzyiq nəzərdə tutulur. Hipertoniya qan təzyiqinin davamlı artmasıdır. Bu, həm müxtəlif xəstəliklərin əlaməti olaraq, həm də naməlum səbəblərdən yarana bilir.

Qan təzyiqi millimetr civə sütunu ilə ölçülür və iki ədədlə göstərilir. Birincisi (sistolik təzyiq) ürək əzələsinin yığılması zamanı, ikincisi isə (diastolik təzyiq) ürəyin iki yığılma arasında yaranan təzyiqin göstəricisidir. Buna adətən “yuxarı və aşağı təzyiq” deyilir.

Dünyada təxminən 1,28 milyard insan hipertoniyadan əziyyət çəkir, onların çoxu (üçdə ikisi) aşağı və orta gəlirli ölkələrdə yaşayır. Hipertoniya bütün dünyada əsas ölüm səbəblərindən biridir.

Bəs yüksək qan təzyiqinin fəsadları nədir?

Mütəxəssislər qeyd edir ki, yüksək qan təzyiqi ən təhlükəli xəstəliklərdən biri sayılır. O, ürək tutması və beyin qanaması törədə bilər. Yüksək qan təzyiqinin başqa fəsadları da məlumdur. Geniş yayılan xəstəlik yaxşı tədqiq olunsa da, onun yaranması ilə bağlı bir çox suallar hələ də öz cavabını tapmayıb. Yüksək təzyiq zamanında müdaxilə edilməzsə, ağır fəsadlar əmələ gətirir.

Ürək-damar sistemində, beyin qan dövranında pozğunluqlar və buna bağlı olaraq insult, damar divarlarındakı problemlər, böyrəkdə baş verən problemlər yüksək təzyiqin nəticəsi kimi yarana bilir. Bu səbəbdən yüksək təzyiq mütləq şəkildə erkən diaqnoz qoyulub nəzarət altına alınmalıdır".

Əgər uzun müddət ərzində qan təzyiqi nəzarət altında saxlanılmasa, damarlar zədələnə bilər və bu trombların əmələ gəlməsinə və ağır hallarda damarın partlamasına (infarkt və insultlara) səbəb olur.

Bir çox halda həyat tərzinin dəyişikliyi, duz miqdarının azaldılması və hərəkətliliyin artırılması ilə bu təzyiq dərman müdaxiləsinə gərək qalmadan rahatlıqla nəzarət altına alınır.

Niyə təzyiqin çarəsi yoxdur? Qismən, nisbətən bunu tənzimləmək üçün yollar, əlaclar hansıdır?

Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb:

2019-11-13-00-08-06FwXYvfvCjD7xM.jpg (246 KB)

“Təzyiq problemi ilə bağlı deyə bilərəm ki, təzyiq, şəkər xəstəlikləri, həmçinin bir sıra digər xroniki xəstəliklər adından göründüyü kimi, xroniki problemlərdir və ömür boyu insanlara yoldaşlıq edir. Bu xəstəliklər həm də pasiyentlər tərəfindən doğru-dürüst münasibət tələb edən xəstəliklərdir.

Bu xəstəliklərin müalicəsinə gəldikdə, burada əsasən pasiyentin kritik vəziyyətlərə düşməsinin qarşısını almaq, həmçinin həyat keyfiyyətinin daim yüksək səviyyədə saxlanılması nəzərdə tutulur. Bu məsələdə ilk növbədə xəstəliyin səbəbləri aydınlaşdırılmalıdır. Çünki təzyiq xəstəlikləri müxtəlif səbəblərdən ortaya çıxır. Daha sonrakı məsələ isə doğru müalicə metodunun seçilməsi və bu müalicəni edərkən mümkün qədər digər orqan və sistemlərə zərər vurulmaması nəzərdə tutulur.

Bu gün dünyada həm təzyiq, həm də digər xroniki xəstəliklərin həllində yeni bir baxış formalaşıb. Bunun adı biopsixososial modeldir. Bu yeni modeli tətbiq edərkən insanın bioloji, genetikası, şəcərəsində, nəslində olan problemlər dərindən araşdırılır.

Daha sonra isə insanın psixoloji statusu və sosial həyat şəraiti araşdırılır. Bütün bu məsələlərin hamısı üzvü dəyişikliklər olmadan belə xroniki xəstəliklərin inkişafına olduqca ciddi rol oynayır.

Deyə bilmərik ki, tibb bu məsələdə ümidsiz haldadır. Əsla yox. Bu gün artıq tibb elmi kifayət qədər ciddi şəkildə inkişaf edir. Digər xəstəliklərlə yanaşı təzyiq xəstəliyinə qarşı yüksək səviyyəli müalicələr, dərman preparatları mövcuddur. Bir sıra mənşəli təzyiq problemlərində də əslində bu problem daha çox sosial həyatın verdiyi sıxıntılar, psixoloji problemlərlə də bağlıdırsa, bu problemlərin həllinə çalışılır. Lakin üzvü dəyişikliklər varsa, təbii ki, onda təzyiqin davamlı şəkildə stabil durması, digər orqanlara zərər vurmaması, həyat üçün təhlükəli olmaması üçün təzyiqi normada saxlayan kifayət qədər müxtəlif çeşidli dərmanlar var. Bu dərmanlar da təzyiqi yaradan səbəblərə uyğun mütəxəssislər tərəfindən müəyyən olunmaqdadır.

Çox təəssüf ki, xroniki xəstəliklərin yekun həlli ilə bağlı vahid konsepsiya və yaxud dahi dərman vasitəsi yoxdur. Kömək istiqamətində isə ildən-ilə daha ciddi addımlar atılmaqdadır.

Niyə bu təzyiq və digər xroniki problemlər çoxalmaqdadır? Təbii ki, bu bizim bugünkü həyat tərzimiz, hazırkı dünyamız, hərəkətsizlik, artıq təbii olmayan qidalara daha çox üstünlük verilməsi, stress faktorunun ciddi şəkildə artması, informasiya axınının artıq çox aqressiv şəkildə həyatımıza nüfuz etməsi ilə bağlıdır. Bütün bunlar əlbəttə ki, beyni müəyyən stressə salır və bu stressə cavab verə bilməyən beyində bir nevrozluq yaranır ki, bu da təzyiq, digər xroniki problemlər yarada bilir.

Pasiyentlərə tövsiyə olunur ki, qidalarına diqqət etsinlər, bacardıqları qədər stressdən uzaq, daim hərəkətli olsunlar. İlkin bir narahatlıq olduqda özfəaliyyətlə deyil, ailə həkimi ilə məsləhətləşib, yola çıxsınlar".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR