İnsanlara hürriyət, millətlərə istiqlal!

Təzə Laçın dəhlizi açılan kimi... – “Tı kto takoy, davay do svidaniya!”

2521 05.06.2022 16:19 Yazarlar A A

Rusiyanın “RİA-Novosti” dövlət informasiya agentliyinin əleyhimizə budəfəki təxribatı nəhayət, layiqli cavabını aldı. Azərbaycan ərazisində onun yayımı bloklandı. Qoyulan qadağa şimal tərəfə Bakıdan bu qəbildən ilk ciddi siqnaldır. Yəni ki, öz KİV-lərinizdəki itlərinizə, ələlxüsus orada kök salmış erməni soyundan olan çaqqal-çuqqallarınız yiyə durun!

Bundan bir qədər qabaq, ötən ay Rusiya hökumətinə bağlı “Rossiyskaya Qazeta” Azərbaycan dövlətinə həqarət eləmiş, Qarabağdakı miskin separatçı qırığını “dövlət” kimi təqdim edərək, orada yaradılan “rus mərkəzi”ni həyasızcasına “Rusiya və Dağlıq Qarabağ xalqları arasında mədəni yaxınlaşmanın” (?!) təzahürü adlandırmışdı, tarixi yerlərimizi qondarma erməni adları ilə (“Mardakert”) göstərmişdi.

Sayılı günlər sonra “estafeti” Rusiyanın dövlət telekanalı ORT götürdü. Cənubi Osetiyada qondarma “prezidentin” saxta “andiçmə” mərasimindən reportaj hazırlayan kanal “tədbirə” qatılan, Azərbaycanın beynəlxalq axtarışa verdiyi cinayətkar David Babayanı “dqr rəsmisi” kimi (bu ikiayaqlı məxluq özünü komikcəsinə olmayan dövlətin “xin” başçısı sayır) öz seyrçilərinə sırıdı.

Nə deyəsən, belə getsə, Azərbaycanda Rusiyanın təxribatçı telekanallarının yayımı haqda da ciddi düşünməli olacağıq...

Bu günlərdə - iyunun 1-4-ü arası isə Rusiya Dövlət Dumasının deputatı, parlamentin MDB İşləri Komitəsi sədrinin birinci müavini, bədnam Konstantin Zatulin təzədən Ermənistanda peyda olub. Bu barədə o, özünün Telegram kanalında yazıb. Orada deyilir ki, “səfərin məqsədi mövcud ictimai-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə (?! – Z.S.) tanış olmaq, rusiyalı həmvətənlərlə əlaqələri inkişaf etdirmək” olub.

Bu harasıdır. Zatulin özünün yazdığı kimi, “dqr”in bütün keçmiş və indiki “prezidentləri” ilə görüşüb: “DQR”in birinci prezidenti Robert Köçəryan (1998-2008-ci illərdə Ermənistan prezidenti olub), Arkadi Qukasyan, Bako Saakyan, eləcə də “DQR”in hazırkı prezidenti Arayik Arutyunyan. Deputat Rusiyanın “Dağlıq Qarabağ”dakı sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkov və “Dağlıq Qarabağ”ın rus icmasının rəhbəri Aleksandr Bordovla telefonla danışıb”, - məlumatda qeyd olunur.

İyunun 4-də - dünən isə Rusiyanın İrəvandakı səfirliyində bu təxribatçı ünsürü səfir Sergey Kopırkin qəbul edib. Yəqin ki, Azərbaycan əleyhinə avantürist əməllərinə görə “spasibo” demək üçün...

Diqqət edildisə, “RİA-Novosti”nin eyni, davam edən dəst-xəttidir ki var. Mövcud olmayan “dqr”, mifik “Dağlıq Qarabağ”, Kremlin ərazimizdə yaratdığı uydurma “rus icması”nın erməni kökənli rəhbəri, KQB casusu Bardovla zəngləşmə, indiki və keçmiş separatçıbaşı-cinayətkarlarla görüşlər... Bütün bunlar əlbəttə, dövlətimizə dil uzatmaqla bahəm, Putinin 22 fevral Moskva Bəyannaməsindəki imzasına laxta ilə tüpürməkdir!

Amma “sirkə nə qədər tünd olsa, öz qabını sındırar”. Yəni, pislik yenə rusların özlərinə qalacaq. Gec-tezliyi var sadəcə.

Təsadüf deyil ki, Zatulinin “Şeytan yuvası” Xankəndinə getməyə “duxu” çatmayıb. Yoxsa xəbərdə bunu bizə məxsusi şəkildə acıq vermək üçün vurğulayardı. Onun ərazimizdə müvəqqəti məskunlaşmış “sülhməramlı” kontingentin rəhbəri Volkovla yalnız telefonla danışması da göstərir ki, “qara siyahımız”dakı bu yaramaz hər halda Qarabağa getməyə risk eləməyib.

Bu yerdə xatırladaq ki, keçən yanvarda İlham Əliyev “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiyanın üzvünün – Duma deputatı Vitali Milonovun Qarabağa qanunsuz səfərinə qəti etirazını bildirmişdi (Zatulin də bu partiyanın biletini gəzdirir)...

Az öncə isə Paris meri, yağlı erməni əppəyi yeyib şişən Ann İdalqo İrəvandan bu tərəfə keçməyə cürət eləməmiş, Qarabağa boylana-boylana qalmışdı, separatçıbaşı Araiklə isə İrəvanda görüşməklə kifayətlənməli olmuşdu.

Beləcə, iki xalqın barışığını əngəllməyə sanki and içmiş zatulin və idalqo çaplı şarlatanların ənənəvi oylağı daralmaqdadır. Ayyarıma yeni “Laçın dəhlizi” açılandan sonra onların bazarı həmişəlik bağlanacaq. Çünki yeni dəhlizin girişində nəzarət-buraxılış postumuz olacaq (Belə görünür, Brüssel anlaşmaları çərçivəsində dəhlizlərlə bağlı belə bir ilkin razılıq əldə olunub).

O zaman bay-bay, “tı kto takoy, davay do svidaniya!..”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR