İnsanlara hürriyət, millətlərə istiqlal!

Təxirə düşən Vaşinqton görüşü, “suyu” bulandıran Moskva - Pərdəarxasında nə baş verir?

675 10.06.2023 11:55 Siyasət A A

Vaşinqton və Brüssel vasitəçiliklərinə ara versə, “boşluğu” dərhal Moskva dolduracaq; ekspert: “Tezliklə görüş vaxtı açıqlanacaq...”

İyunun 12-də Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sülh sənədinin mətnini razılaşdırmaq üçün danışıqların növbəti raundunun olacağı haqda məlumat öz təsdiqini tapmadı. Azərbaycan XİN-dən müzakirələrin konkret tarixinin dəqiqləşdiriləcəyi bildirilib. “Ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq”, - deyə XİN-in mətbuat katibi Ayxan Hacızadə vurğulayıb və əlavə edib ki, bir qayda olaraq, görüşün dəqiq tarixinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur".

 Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqların yeni raundu iyunun  12-də başlayacaq

Ermənistan XİN-i isə danışıqların rəsmi Bakının xahişi ilə ertələndiyi barədə məlumat yayıb. Bəs niyə məhz Bakının xahişi ilə? Burdaca xatırladaq ki, ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter Azərbaycan əleyhinə sülh prosesinin müsbət ab-havasına daban-dabana zidd olan, yetərincə sərt mövqe sərgiləyib. Səbəb bu ola bilərdimi? Karpenter doğrudanmı Blinkenin təşəbbüsü ilə aparılan sülh danışıqlarındakı müsbət dinamikadan xəbərsizdir?

Ümid edək ki, ABŞ-ın ATƏT-dəki səfirinin yanlışını ona “başa” salacaqlar. İstənilən halda, Qərb platformasında danışıqların tezliklə davam etdiriləcəyi şübhə doğurmur. Eyni zamanda, Avropa İttifaqının ATƏT-dəki nümayəndəliyinin də bir neçə gün əvvəl Azərbaycan XİN-ə cavab bəyanatında Bakıya ittihamları, Brüssel masasına zərər vura biləcək sözləri anlaşılmazdır.

Ancaq belə görünür, sülh prosesində ABŞ-ın fəallaşması ən çox Rusiyanı qıcıqlandırır. Çünki Moskva Bakı və İrəvanın günün birində sülh sənədi imzalamaqla Rusiyaya “ehtiyacı”nın azala biləcəyindən əndişəlidir. Xüsusən də rus hərbi bazalarının olduğu Ermənistanın...

Hər halda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın ənənəvi brifinqdə dediyi fikirlərdən də belə qənaətə gəlmək mümkündür. Sitat: “Kənardan tətbiq edilən sülhsevər düsturlar, xüsusən də sürətləndirilmiş rejimdə tətbiq olunanlar heç zaman yaxşı heç nəyə gətirib çıxarmayıb. Eyni zamanda, Moskva Ermənistanla Azərbaycan arasında üçtərəfli formatda münasibətlərin normallaşmasına çalışır və üç ölkənin liderləri arasında imzalanmış sazişlər toplusunu mübahisəsiz yol xəritəsi hesab edir”. Diplomat vurğulayıb ki, işlər plan üzrə gedir və tərəflərin yanaşmalarının yaxınlaşması, balanslaşdırılmış həll yollarının hazırlanması Moskva üçün prioritet olaraq qalır.

Elə isə niyə 3 ildir nəticə yoxdur? Digər tərəfdən, Rusiya rəsmiləri Ukraynadakı “xüsusi əməliyyat”ın da plan üzrə getdiyini tez-tez bəyan edirlər. Nəticə isə ortadadır. Artıq aydındır ki, Azərbaycan-Ermənistan sülh anlaşmasında ən axırıncı Moskva maraqlıdır. O da əgər maraqlıdırsa. Əsas səbəb az əvvəl deyildi: xüsusən də Ukrayna bataqlığında ilişib qalması fonunda Rusiya dar macalda Bakı və İrəvanın sülh sənədi imzalayıb özünün regiondakı, Qarabağdakı hərbi varlığına son qoyacağından qorxur.

Moskva Qərbin apardığı sülh prosesini nə dərəcədə pozmaq imkanındadır və nə vaxtadək “su bulandırmaqla” məşğul olacaq?

“Biz Qarabağ ermənilərinin təhlükəsiz yaşamaq hüququnu çox yüksək qiymətləndiririk. Hesab edirik ki, bu, davamlı sülh danışıqlarının mərkəzi komponenti olmalıdır”. Bunu isə Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədri Mixael Rott İrəvanda jurnalistlərə açıqlamasında deyib. Qarabağ ermənilərinin “məsələsi” danışıqlarda gerçəkdənmi mərkəzi mövzudur? Pərdəarxasında nə baş verir?

Prezidentin Ermənistana mesajının şifrəsi... - Politoloq Murad  Sadəddinovdan hadisə kimi şərhlər

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, birmənalı fikir bildirmək çətindir, lakin görüşün təxirə salınması texniki amillərlə əlaqədar ola bilər: “Zənnimcə, yaxın vaxtlarda görüşün nə vaxt keçiriləcəyi açıqlanacaq. ABŞ-ın ATƏT-dəki səfirinə gəlincə, həmişə Azərbaycana qarşı ədalətsiz fikirlərini eşitmişik. Buna ciddi yanaşmıram. Sadəcə, ATƏT-də müzakirələr zamanı Azərbaycan Ermənistanı ittiham etdi, üç tələbin yerinə yetiriləcəyi halda sülh sazişi bağlanacağını bildirildi - silahlı qüvvələrini çıxarması, daxili işlərimizə qarışmaması və ermənilərlə təmaslara mane olması... Görüşlər ona görə keçirilir ki, ortalıqda olan problemləri həll etsinlər. O baxımdan fikrimdə qalıram ki, Vaşinqton danışıqları ilə bağlı zaman və tarix tezliklə açıqlanacaq”.

Elxan Şahinoğlu: “Brexit” məsələsi Böyük Britaniya üçün ciddi problemə  çevrilib”

Siyasi analitik Elxan Şahinoğlu hesab edir ki, ABŞ və Avropa İttifaqı İkinci Qarabağ müharibəsindən əvvəl indiki qədər fəal olmayıb, görüşlər yalnız Minsk Qrupu həmsədrləri çərçivəsində keçirilib: “Hazırda Azərbaycan və Ermənistan liderləri, o cümlədən iki ölkənin xarici işlər nazirləri il ərzində Vaşinqton və Brüsseldə tez-tez görüşür və fikir mübadiləsi aparırlar. Müzakirələrin nəticəsi olaraq ortaq sənədlər imzalanmasa da, Vaşinqton və Brüssel Azərbaycanla Ermənistan arasındakı vasitəçiliklərinə ara vermək istəmirlər. Bunun səbəbi odur ki, Vaşinqton və Brüssel vasitəçilik təşəbbüslərini bir qədər zəiflətsələr, boşluğu dərhal Moskva doldurmağa çalışacaq. Bu, ABŞ və Avropa İttifaqının regional maraqlarına ziddir”.

Politoloqa görə, Moskvanın vasitəçilikdə marağı bölgədə sülh, sabitlik və əməkdaşlıq deyil, Ermənistan və Azərbaycana təsir imkanlarını əldən buraxmamaqdır. “Ona görə də Vaşinqton və Brüsselin fəallığı həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur”, -  deyə ekspert vurğulayıb.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR