İnsanlara hürriyət, millətlərə istiqlal!

Tetçer və Reyqanın sevimli agenti – Mİ-6 Qordiyevskini SSRİ-dən necə qaçırıb?

4052 21.09.2022 13:59 Yaxın tarix A A

Onlar üçün görüş yeri Moskvanın Kutuzov prospektindəki çörək mağazası təyin edilib. Əslində bu görüşdə heç bir danışıqdan, hansısa bir məsələni müzakirə etməkdən söhbət getməyib. Sadəcə, DTK polkovniki Oleq Qordiyevski ilə Britaniya kəşfiyyatının əməkdaşı bir-birini üzdən tanımaq üçün salamsız və danışıqsız görüşüblər. Qordiyevski çörək vitrinlərinin qarşısında, əlində “Safeway” marketinin loqosu əks olunmuş paketlə onu gözləyib, britaniyalı kəşfiyyatçı isə həmin vitrinin qarşısından keçəndə “Mars” şokoladını dişləməklə özünü tanıtdırıb.

“Pimilco” əməliyyatı məhz həmin gün, 16 iyul 1985-ci ildə bu görüşlə başlayıb. Əməliyyatın məqsədi DTK polkovniki Oleq Qordiyevskini öz xahişi ilə SSRİ-dən “qaçırmaq” olub.

\Maraqlıdır, polkovniki öz ölkəsindən qaçmağa hansı hadisələr vadar edib, sovet xüsusi xidmət orqanlarının ən peşəkar kəşfiyyatçılarından biri sayılan Qordiyevski hansı səbəbdən son çıxış yolunu qaçmaqda görüb?

gordievskyi_100.jpg (67 KB)

Oleq Qordiyevski 1938-ci ildə Moskvada anadan olub. Atası uzun illər “NKVD” sistemində xidmət edib.
Qordiyevski orta təhsilini başa vurduqdan sonra Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda təhsil alıb. İnstitutu bitirdikdən sonra DTK-nın 1-ci Baş İdarəsində xidmətə başlayıb.

1966-1970-ci illərdə Qordiyevski Danimarkadakı SSRİ səfirliyinin əməkdaşı adı altında DTK zabiti kimi fəaliyyətini davam etdirib. Daha sonra iki il DTK-nın mərkəzi aparatında işləyib, 1972-ci ildə onu yenidən Danimarkaya göndəriblər, bu dəfə Qordiyevski DTK-nın bu ölkədiki rezidenti vəzifəsinə təyinat alıb və 1978-ci ilə qədər bu vəzifəni daşıyıb.

1978-ci ildə geri çağrılan Qordiyevski 4 il DTK-nın kəşfiyyat idarəsində işləyib. 1982-ci ildə isə o, DTK-nın Londondakı rezidenti təyin edilib. Onun London xidməti həyatını tamam başqa istaqəmətə yönəldib.
Britaniya Xarici İşlər Nazirliyinin məxfi kəşfiyyat xidməti “Mİ-6”-nın əməkdaşları qısa müddət ərzində Qordiyevskini əməkdaşlığa cəlb etməyi bacarıblar. Qordiyevski bütün “bildiklərini” böyük həvəslə onlara açıqlayıb, SSRİ-də DTK-nın xidmətini, tanıdığı bütün agentləri, o cümlədən ikili agentləri, gələcək planları, keçirilməsi nəzərdə tutulan məxfi əməliyyatları və sair bu kimi məlumatları sovet polkovniki ən kiçik detallarına qədər britaniyalı həmkarları ilə bölüşüb. Onun bu “xidmətləri” Britaniyada yüksək qiymətləndirilib. Ancaq Qordiyevskinin bu ikibaşlı oyunu uzun sürməyib.

pozor-kgb-3.jpg (130 KB)

1985-ci ilin martında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək ranqlı əməkdaşı Oldriç Eyms Moskvadakı əməkdaşlarına Qordiyevskinin Britaniya kəşfiyyatına işləməsi haqqında məlumat verib. Onlar da öz növbəsində bu haqda məlumatı DTK əməkdaşlarına ötürüblər. Kiçik araşdırma və təhlillərdən sonra, 19 may 1985-ci ildə Qordiyevski geri çağrılıb.

Moskvaya çatan kimi Qordiyevskini şəhər ətrafındakı bağ evlərinin birinə aparıblar və o, burada sutkalarla sorğu-suala tutulub. Polkovnik ona qarşı irəli sürülən ittihamların heç birini etiraf etməyib. Onu müvəqqəti olaraq yaşadığı mənzilə buraxıblar, Londona qayıtmağından isə heç söhbət belə getməyib.

gordievskyi_303.jpg (95 KB)

Qordiyevski ciddi izləmələr altında olub. Hətta onun mənzilinə səsyazan cihazlar da quraşdırılıb. Polkovnik bu işlərin heç də yaxşılıqla bitməyəcəyini anlayıb. O, nəhayət, gələcək planını həyat yoldaşı Leyla Əliyevaya bildirib. Qeyd edək ki, Qordiyevskinin birinci həyat yoldaşı Yelena milliyyətcə erməni olub. O, Danimarkada işləyərkən rəsmi şəkildə Yelenadan ayrılıb. Həmin ərəfədə Leyla Əliyeva Danimarkanın paytaxtı Kopenhagendə Ümumdünya Səhiyyə Təşkilatının yerli ofisində makinaçı işləyib. Qordiyevski onunla məhz bu ofisdə tanış olub, Yelenadan ayrıldıqdan sonra onlar rəsmi nikaha giriblər. Özü də DTK polkovnikinin (o, milliyətcə azərbaycanlı olub) qızı olan Leyla Əliyeva Qordiyevskinin Britaniya kəşfiyyatına işləməsindən xəbərsiz olub. Nəhayət, Qordiyevski 1985-ci ildə, iyun günlərinin birində Leylanı mənzilindəki eyvana çağırıb. Səsyazan cihazlardan uzaq olmaq üçün, o, həyat yoldaşı ilə eyvanda söhbət etmək qəararına gəlib:

- Leyla, biz SSRİ-dən getməliyik.

- Mən buna heç bir səbəb görmürəm.

- Kifayət qədər ciddi səbəblər var, məni həbs təhlükəsi, hətta güllələnmə cəzası gözləyir.
Sonra Qordiyevski həyat yoldaşına məsələnin nə yerdə olduğunu tam söyləyərək təklifini verib:

- Biz SSRİ-dən Azərbaycan-Türkiyə sərhədindən qaça bilərik. Bu daha münasibdir.
Leyla Əliyeva açıq şəkildə bu işə qol qoymayacağını bildirib. Məhz bu söhbətdən sonra Qordiyevski tək qaçacağını qərarlaşdırıb və tam məxfi vasitələrlə Britaniya kəşfiyyatçıları ilə əlaqəyə girib.

1280px-М.Тэтчер_поздравляет_О.Гордиевского.jpg (169 KB)

Kutuzov prospektində “Mars” şokoladı yeyən britaniyalı kəşfiyyaçını tanıdıqdan dörd gün sonra Qordiyevski Leninqrada bilet alıb. O, müəyyən olunmuş vaxtda şəhərin kənarında, park-meşə massivində həmin şəxslə görüşüb. Həmin şəxsin yanında bir qadın və bələkdə bir körpə uşaq da olub. Kəşfiyyatçı əvvəlcə Qordiyevskiyə adyal verib və bürünməyini xahiş edib. Sonra o, maşının baqajını açaraq polkovnikə yer göstərib. Qordiyevski bütün deyilənlərə əməl edib. Maşın Britaniyanın SSRİ-dəki səfirliyinə məxsus olub.

Beləliklə, “qaçaqlar” Finlandiyaya tərəf istiqamət alıblar. Sərhədə qədər səfirlik avtomobilini heç kim saxlamayıb. Sərhəd-buraxılış məntəqəsində isə ciddi problemlər yaşanıb. Sovet nəzarətçiləri maşını saxlayıblar. Britaniyalı kəşfiyyatçı sənədlərini təqdim edib. Hər şey qaydasında olub. Amma sərhədçilərin xidməti itləri baqajın ətrafında hürməyə başlayıblar ki, bu da şübhələr yaradıb. Bu gərgin məqamda bələkdə olan körpə “qaçaqları” xilas edib. O, özünü batırdığından ağlamağa başlayıb. Qadın dərhal onu maşından çıxararaq Qordievskinin içində olduğu baqajın üzərinə qoyub, soyundurmağa başlayıb ki, qoxu ətrafa yayılıb, nəzarətçi də elə düşünüb ki, itlər bu qoxuya görə hürürlər. Qadın böyük səbr və təmkinlə uşağın paltarlarını dəyişib və nəzarətçilərdən yaratdığı narahatlığa görə üzr istəyib. Avtomobil isə irəliyə, Qordiyevskinin “azadlığına” doğru şütüyüb.

Qordiyevski Britaniyada xüsusi xidmət orqanlarında xidmətini davam etdirib. O, təkcə bu ölkədə deyil, ABŞ-da da “qiymətli” kadr sayılıb. Sovet DTK-sının “alt-üst”nü yaxşı bilən Qordiyevski bu haqda informasiyaları böyük səxavətlə bölüşüb.

Reagan_and_Gordievsky.jpg (144 KB)

Qordiyevski həmin illərdə üç dəfə Marqaret Tetçerlə görüşüb. Onun xanım baş nazirin yanında nüfuzu o qədər böyük olub ki, hətta Tetçer Qordiyevskini öz şəxsi iqamətgahında şam yeməyinə də dəvət edib.
Qordiyevski Ronald Reyqanla da görüşməyə nail olub. ABŞ prezidenti onu SSRİ-nin ən nəhəng kəşfiyyatçısı adlandırıb.

Qordiyevski bütün tanınmış simalarla görüşlərinin sonunda onlardan bir şey xahiş edib, Leyla Əliyevanın SSRİ-dən Britaniyaya gətirilməsini. Belə ki, hadisələrdən sonra Moskvada qalan Leyla Əliyevaya qarşı təzyiqlər başlanıb. SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası Qordiyevski haqqında qiyabi ölüm hökmü çıxardıqdan sonra isə ailənin əmlakı müsadirə edilib. Leyla Əliyeva iki qızı ilə ağır günlər yaşayıb.

Yalnız 1991-ci ildə Leyla Əliyevanın Britaniyaya getməsi mümkün olub. Ailə yenidən birləşib. Amma bu birlik cəmi iki il davam edib. 1993-ci ildə Leyla Əliyevə müvafiq qurumlara nikahlarının pozulması haqqında rəsmi müraciət edib. Cütlük ayrılıb. Leyla Əliyevanın tələb etdiyi təzminatlar isə yetərincə böyük olub. Ərinə Britaniya hökuməti tərəfindən ayrılmış pensiyanın (2500 dollar) dörddə üç hissəsi Leyla Əliyevaya verilib, o, cümlədən Qordiyevskinin illər boyu yığdığı pulun tən yarısı da Leylaya çatıb. Qordiyevskinin şəxsi evi də həyat yoldaşına və övladlarına verilib. Bir sözlə, Qordiyevski ayrıldığı ailənin bütün təminatını öz üzərinə götürüb.

Hazırda Qordiyevskinin 84 yaşı var, o, aldığı pensiyanın bir hissəsi və jurnalistlərə verdiyi ödənişli müsahibələrdən əldə etdiyi pulla heç də pis yaşamır. Sabiq polkovnik öz müsahibələrində nə vaxtsa eyni qurumda işlədiyi Rusiya Federasiyasının prezidenti Vladimir Putinin siyasətini sərt şəkildə tənqid edir.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR