İnsanlara hürriyət, millətlərə istiqlal!

Ter-Petrosyanla mübhəm görüş-İrəvanda çevriliş planı

1516 14.06.2023 11:45 Siyasət A A

Rusiyanın belə bir adamla indiki məqamda intensiv təmaslarından nə nəticə çıxarmaq olar?

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan öz malikanəsində Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinlə görüş keçirib.

Ekspertlərə görə, son aylar İrəvan-Moskva arasında yaşanan gərginlik fonunda Petrosyanla görüş diqqət çəkir. Ehtimallara görə, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi planını da nəzərdən keçirə bilər. Ola bilər ki, Rusiya Ermənistanda daha bir ciddi fiqurun hakimiyyətə gəlməsində maraqlıdır. Bu namizədin həm də Qərb tərəfindən dəstəklənə biləcəyi zərurəti ortaya çıxa bilər. Ona görə də Rusiya üçün Ter-Petrosyan daha cəlbedici fiqur ola bilər. 

Ter-Petrosyan daha çox Qərbə yaxın olan siyasətçi kimi tanınır. Rusiyanın belə bir adamla indiki məqamda intensiv təmaslarından nə nəticə çıxarmaq olar?

Bəhruz Məhərrəmov: İran terror dövlətidir

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov hesab edir ki, Paşinyanın cəhdləri nəticəsiz qalacaq: “Dünyanın dəyişən geosiyasi arxitekturası Rusiya-Ermənistan münasibətlərindən də yan keçməyib. Reallıq bundan ibarətdir ki, erməni cəmiyyəti daha Rusiyanı arzu etmir, dəqiq desək, Paşinyanın "inqilabından" sonra antirus əhvalı yüksəlməkdədir. Rusiya isə artıq ənənəvi metodlarla Ermənistan üzərində hökmranlıq edə bilmir. Düzdür, Moskvanın İrəvan üzərində təsir rıçaqları kifayət qədərdir, istər nəqliyyat, rabitə və iqtisadiyyatın bir çox sahələri üzərində təbii inhisar, istərsə də, Ermənistandakı 102-ci bazanın mövcudluğu, eyni zamanda Ermənistan hərbi rəhbərliyinin çoxunun Rusiyaya bağlılığı kimi amillər diqqətdən kənarda qala bilməz. Lakin bu, perspektivdə Ermənistanın öz ərazisində Rusiyanın təsirlərini minimuma endirib tam müstəqil olacağı anlamına gəlmir. Ermənistanın Rusiya təsirindən azad olacağı halda başqa qütbün təsir dairəsinə keçməsi labüddür. Yəni Ermənistan, sadəcə, əl dəyişə bilər. Bu reallığı Moskva da, Vaşinqton da, Paris də və nəhayət, nə qədər söz sahibi olmasa da, İrəvan da bilir. Müşahidə olunan siyasi hərəkətlənmə də məhz bu reallığın inikasıdır. Lakin ilk növbədə nəzərə alınmalıdır ki, nə dünya, nə də region əvvəlki deyil. Xüsusən Azərbaycan Prezidentinin yaratdığı yeni reallıq, Azərbaycanın qələbəsi, cənab İlham Əliyevin bu prosesdə 90-cı illərdən fərqli olaraq Rusiyanın siyasi neytrallığına nail olması, o cümlədən Fransanı regiondan kənarlaşdırması, Avropa İttifaqı və ABŞ-dan bölgəyə bərabərhüquqlu tərəfdaş baxışına nail olması proseslərə tam yeni yanaşma tələb edir. Yəni Ermənistan özünün təcavüzkar ritorikası, davranışları, dövlət siyasəti ilə özünü elə dalana dirəyib ki, mövcud təfəkkürlə heç bir siyasətçinin, hansısa güc mərkəzinin dəstək verməsindən asılı olmayaraq uğur qazanması mümkün deyil. O cümlədən də Rusiyanın Levon Ter-Petrosyanla dialoqu, yaxud Paşinyanın Moskva təmaslarının artması nəyisə dəyişə bilməz".

Asif Nərimanlı: "Avropanı “qazla boğmaq” və..."

Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı Kremlin Ermənistanda qiyam yolu ilə dəyişiklik etmək istəmədiyini qeyd etdi. Onun fikrincə, bu görüşdə həm Rusiyanın, həm də Petrosyanın öz maraqlarının olduğu görünür: “Rusiya Ermənistanda hələ 2018-ci ildən - Paşinyanın hakimiyyətə gəlişindən sonra dəyişiklik ssenarisi üzərində işləyir. "Qarabağ kartı"nın erməni ictimai rəyində artıq əvvəlki kimi təsirli olmaması Moskvaya bağlı siyasi müxalifəti böyük ölçüdə zəiflətdi, buna görə Rusiya yeni fiqurlar üzərindən hərəkət etmək planını işə saldı. Misal üçün, Qaqik Tsarukyanın aktivliyi, 17 siyasi partiyanın birləşməsi ilə yaranan hərəkat, əvvəl Paşinyanın komandasında olmuş Artur Vanetsyanın yeni fiqur kimi irəli çıxması və s. addımlar buna hesablanmışdı, lakin nəticə vermədi. Belə görünür ki, Rusiyada siyasi qanad Ermənistanda hakimiyyət dəyişikliyini qiyamla etmək istəmir. Moskvanın Paşinyanı siyasi yolla - ya seçki, ya da yeni inqilabla devirmək istəyi daha çox görünür. Ter-Petrosyan ruslar üçün artıq “Qarabağ kartı”nın işləmədiyi erməni siyasi həyatında “yol nişanı” rolunu oynaya bilər. Mümkündür ki, indiyə qədər “Qarabağ kartı”ndan istifadə edən Rusiya yeni vəziyyətdə Ter-Petrosyanla yaxınlaşmaq, siyasi müxalifəti onun tövsiyələri ilə formalaşdırmaq gedişi edə bilər".

Azərbaycanda dünya səviyyəli tədbirlərin keçirilməsi bir ənənə halını alıb- Tural  İsmayılov - "İki sahil"

 Tural İsmayılov

Politoloq Tural İsmayılov Paşinyana qarşı Rusiyanın yeni kartlar hazırladığını proqnozlaşdırır: “Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan başa düşür ki, Rusiyanın ondan ciddi narazılıqları var. Çünki üzdə Rusiya ilə əlaqələrə önəm veririk deyib, arxa tərəfdə Sorosun əmrlərini, yaxud da Qərbin müəyyən beyin mərkəzlərinin və təşkilatlarının tapşırıqlarını yerinə yetirir. Bu isə Rusiyanı qane etmir. Ermənistanda indi insan kapitalı yoxdur və bunu açıq şəkildə ölkənin rəsmi komandanlığı etiraf edir. Sərhədi qorumağa sərhədçi tapa bilmədiyini bildirirlər. Ermənistanın Statistika Komitəsinin açıqladığı rəqəmlərdən görünür ki, ölkədə adamların sayı günü-gündən azalır. Üstəlik, son aylarda ölümlərin sayı doğuşların sayını kifayət qədər üstələyib. Bütün problemləri, ölkədəki böhranı nəzərə alaraq Ermənistan başa düşür ki, bu günə qədər formal olaraq müstəqil olsa da, bundan sonra Rusiyanın icazəsi olmadan daxili siyasətlə bağlı kiçik addımlar belə ata bilməz. Rusiya artıq Paşinyana qarşı yeni ssenarilər qurur. Petrosyanla səfirin görüşündə müəyyən fikir dartışmaları aparıla bilər. Amma Petrosyan kartının Rusiya tərəfindən işə salınmağı o qədər ağlabatan görünmür”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR