İnsanlara hürriyət, millətlərə istiqlal!

Tənqid edənlərin təhqir edilməsi və ya “özünə klub axtar, Raul”

1711 26.08.2022 11:28 Yazarlar A A

İcazənizlə, mətləb üstünə bir-iki abzasdan sonra gəlim, hələlik neçə vaxtdır ətimizi tökən bir detala toxunmaq istəyirəm.

Demək, belədir. Bu ölkədə kiiminsə adı, tutaq ki, Şahquludursa, bir xeyli adam döşənib ona “Şah” deyir. Niyə, ay qardaş? Adamın adı Şahquludur, yəni şahın qulu, bu Şah haradan çıxdı? Çox əttökən səslənir.

Bu ifadəni bəlkə yalnız Şəhriyar Məmmədyarova şamil etmək olar, o da ona görə ki, adam şahmatda “şah”larla işləyir, tac uğrunda mübarizə aparır. Yoxsa, nə şah, nə sultan? Şahların axırıncısı 1979-da İranda devrildi, züryəti hələ də taxt-tac sevdasındadır. Bir də 92-ci ildə bir batalyon komandiri vardı, adı Ələmşah idi, Bərdədən gəlib Bakıda, Milli Məclisdə çıxış edirdi, deyirdi, məni nerviləndirməyin, yoxsa bilərəm neynərəm.

Unutmayaq ki, bu dövrdə kimsə sultan deyil, hökmdar deyil, bəzirgan deyil, heç kəs də özünə bu qədər güvənməsin, kimsə şah deyil, padişah deyil. Nəysə, getdik, çıxdıq Sibel Canın məmləkətinə. Təcili qayıdaq Aydın Canın ölkəsinə.Yeri gəlmişkən, möhtərəm həmkarım da “Şah” adlandırılan Şahruddin adlı qapıçının mediada kütləvi şəkildə tənqid edilməsinə (“linç edilmək” də deyirlər, sanki adamı meydanda yerə yıxıb təpikləyirmişlər) dözməyərək onu müdafiə edib.

Amma Ruslan Qurbanov (yuxarıdakı fotoda) adlı bir keçmiş futbolçu daha da qabağa gedib, “Şah”ı tənqid edənləri təhqir edib. Milli futbolçuymuş guya. Ola bilər, o millidə 5-6 oyun oynayıb. Amma oynayıb, nə edib? Eləcə, ora-bura qaçıb, yoxsa arada-bərədə qol da vurub? Yetərli informasiya yoxdur. Amma dili beş qarış çıxıb.

İndi nə edək? Bir adamın səhvi, yanlışı varsa və o bariz şəkildədirsə, taleyüklü dönüşlərə səbəb olursa, deməyəkmi, yazmayaqmı? Deyirlər, ötən oyunlarda Şahruddin qapıdan 100 faizlik qolları çıxarıb. Bəli, çıxarıb. O, həmin qolları qapıdan çıxara bilibsə, demək, çıxarmaq mümkün imiş, o da mümkün olanı edib. Buna görə çoxlu alqış, rəğbət-hörmət və iki o qədər də pul-para qazanıb. İndi bununla kiməsə necə minnət qoymaq olar? Adam öz işini vicdanla, məsuliyyətlə görüb. Vəssalam.

Bu, ona oxşayır ki, mən bir həftə boyunca əla yazılar yazıram, hamı tərifləyir, göyə qaldırır, amma növbəti həftə cəfəngiyyat yazıram, ona-buna haqsız yerə ilişirəm, fanatlarım (jurnalistlərin də fanatları olur ha, biləsiniz) da məni tənqid edənlərə deyirlər, gözünüzdən gəlsin, keçən həftə bu müəllif əla yazılar yazmışdı, onda hamınız tərifləyirdiniz.

Yaxud keçən gün yeddi lüks avtomobili sazlayıb sahibinə qaytaran maşın ustası bu gün iki “07”-ni şikəst eləyib yiyəsinə verirsə, o deyə bilərmi ki, mən elə-belə usta deyiləm, dünən yeddi maşın düzəltmişəm.

Eyni meyarla qəssablara da yanaşmaq olar. Dünən “çiçək kimi” dana əti satırdı, bu gün camaata at əti sırımaq istəyir, üstü açılır, o da deyir, burnunuzdan gəlsin sizə verdiyim dana ətləri.

Bu istiqamətdə söhbəti çox uzatmaq olar. Gərək yoxdur. Sovet vaxtı demaqojiyə çevrilmiş bir ifadə vardı: “Dünənki işinə görə sağ ol, bugünkünə cavab ver”. Bu söz bütün SSRİ ərazisində hər gün bir milyon dəfə təkrarlanırdı. İndi məlum olur ki, bunu deyənlər haqlıymışlar. Çünki insan bir az təriflənən kimi əndazəsindən çıxır, başlayır sağ-sol getməyə, biri də bir söz deyən kimi, dünənki xidmətlərini başa qaxır.

Bu xüsusda kapitalist dünyasının adətləri başqadır. “Nə olsun ki, sən Raul Qonsalessən, ötən illərdə bombardir olmusan, bu gün iki dəfə təkbətək çıxdın, qol vura bilmədin, demək, formada deyilsən, özünə klub axtar”. O olmasın, Suares olsun, hərəyə 5-6 dəfə “qızıl top” alan Ronaldo və Messi olsun, bir balaca axsadılarmı, yerləri ehtiyat oyunçular skamyası olur. Belə olmasa, həmin komanda ÇL-yə, Avroliqaya televizordan baxar.

Dünən Türkiyənin “Başakşehir” klubu “Antverp” komandasıyla oynayırdı, qapıçı Volkan arada təşərləndi, üstünə-başına yaxdı, bilinirdi ki, bu hərəkətlərin P hərfi ilə başlayan zibili çıxacaq. Çox ləngimədi, elə də oldu, rəqib penalti vurdu, hesab bərabərləşdi, Volkanın tasa-pasası yatdı. Yaxşı ki, komandası ruhdan düşmədi, qələbə qazana bildi.

Ona görə də qoy kimsə istənilən sahədə hansısa neqativ halı, səhv hərəkəti tənqid edənləri təhqir edib çaqqallıq eləməsin. Adamı bir qələmlə rəzil edərlər...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR