İnsanlara hürriyət, millətlərə istiqlal!

“Telekanallarda dərman reklamı zəhərlənmələrə gətirir”

1921 03.12.2022 08:17 Yaşam A A

Toksikoloq Azər Maqsudov preparatlardan istifadə ilə bağlı həyəcan təbili çalır...

Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 900 nəfər müraciət edib. Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 127-i nəfəri Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 73-ü dərmandan, 18-i sirkə turşusundan, 7-si dəm qazından, 9-u alkoqollu içkidən, 6-sı göbələkdən, 6-sı botulizmdən zəhərlənib. Digərlərindən 3-ü anaflaksiya, 3-ü allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 1-ni ilan, 1-ni isə həşərat sancıb.

Zəhərlənən şəxslərin 43-ü qadın, 46-sı kişi, 38-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 2 nəfər sirkə turşusundan, 1 nəfər isə botulizmdən dünyasını dəyişib.

Açıqlanan rəqəmlər arasında dərmanlardan zəhərlənmələr diqqət çəkir. Bir ayda 73 nəfərin zəhərlənməsi kiçik rəqəm sayılmaz və bu, narahat olmaq üçün əsas verir. Qeyd etmək yerinə düşər ki, ekspertlər son dövrlər dərmanların keyfiyyətsizliyi ilə bağlı xəbərdarlıq edirlər. Hətta bəzi iddialar da var ki, dərmanların tərkibi dəyişdirilir. Görəsən, bu kimi faktların dərman zəhərlənmələri ilə əlaqəsi varmı? Bu zəhərlənmələr hansə səbəbdən baş verib?

Bu il ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 58 müraciət edilib -  aztibb.az AZƏRBAYCANIN SƏHİYYƏ XƏBƏR PORTALI

Bakı şəhər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov “Yeni Müsavat”ın bu suallarına cavab verib.

- Doktor, ilk olaraq bilmək istərdik ki, zəhərlənmələrə dərmanların köhnə olması səbəb olub?

- Xeyr, səbəb dərmanların köhnə olması ilə bağlı deyil. Telekanallarda efir vasitəsilə reklam olunan dərmanlardır ki, bunları ya kiminsə məsləhəti ilə, ya qohumun məsləhəti ilə alıb qəbul ediblər. Dozanı artıq içiblər. Bu, özünə qəsd də deyil. Bəzilərində affekt vəziyyəti yaranıb, bəzilərində dozanı artıq içiblər o səbəb olub. Dərmanları yalnız həkim məsləhəti və göstərişi ilə almaq lazımdır. Dərmandan zəhərlənənlər arasında bir neçə nəfər azyaşlı olub. Amma əsas böyüklər arasında bu hallar baş verib. Düzdür, ölüm hadisəsi olmayıb. Amma bir neçə xəstə ağır koma vəziyyətində olub. Həkimlərin səyi nəticəsində tədbir görülüb, müayinə keçiriblər. Müalicə olunduqdan sonra xəstələr evə yazılıblar.

- Bəs hansı dərmanlardan sonra zəhərlənmə baş verib,  adlarını çəkə bilərsinizmi?

- Əsas depressiyaya qarşı preparatlardır, antidepressantlardır. Yuxu dərmanları, sakitləşdirici yuxu dərmanlarına aid dərmanlardır. Bundan əlavə, qan təzyiqi və şəkəri salan dərmanlardır. Digər faktlar da var. Misal üçün, uşaqlar nəzarətsiz qalıb, böyüklərə aid olan dərmanları səhvən istifadə ediblər, bu zaman zəhərlənmələrə gətirib çıxarıb.

- Son günlər dərmanlarla bağlı şikayətlər də artıb. İddialar var ki, bir çox işbazlar ucuz başa gəlsin deyə, bəzi xarici ölkələrdəki istehsalçılarla anlaşmaya gedərək, dərmanın tərkibini bahalı edən maddələrin faizini azaltdırır, onu ikiqat ucuz alır və gətirib ikiqat baha satırlar. Bəziləri də iddia edir ki, dərmanların tərkibi dəyişdirilir. Sizcə, dərmandan zəhərlənmələrə bu amillər də təsir edə bilərmi?

- Düşünmürəm ki, bu keyfiyyətlə və ya dərmanın köhnə olması ilə bağlı olsun. Dərmanların əksəriyyəti apteklərdən alınıb. Bəzilərində doza həddini aşmaqla bağlı olub.

- Dərmandan zəhərlənmə orqanizmdə özünü necə büruzə verir, ilkin əlamətlər nədir?

- Əsas burada dərmanın hansı qrupa aid olmasından asılıdır. Misal üçün, qan təzyiqini salan dərmanlar baş gicəllənmə, baş ağrısı, ürək bulanma, qusma kimi əlamətlərə səbəb ola bilər. Hətta getdikcə huşunu da itirə bilər. Şəkərli diabet üçün olan dərmanlar, təbii ki şəkəri salır, ağızda quruluq, ürək döyüntüsü, getdikcə pisləşən vəziyyət. Həkim kömək etməsə, artıq daha ağır fəsadlar başlayır. 

- Bayaq da vurğuladınız, ehtiyatsızlıq səbəbindən uşaqlar böyüklərin dərmanlarını qəbul edirlər. Bəzən valideynlər gec xəbər tuturlar. Ümumiyyətlə, uşaqlarda bu özünü necə göstərir və ev şəraitində ilkin yardım edilə bilərmi? 

- İlk olaraq, mədə yuyulmalıdır, üstündən 1-2 saat keçibsə, imalə olunmalıdır. Digər tədbirlər isə həkimin baxışından sonra olmalıdır. Bəziləri qatıq, marqanslı su verir. Bu, yanlışdır. Praktiki əhəmiyyəti yoxdur. Heç bir təsiri də yoxdur. Çox vaxt da marqanslı məhlulun dozasını düzgün vermirlər, bu özü də kimyəvi zəhərlənməyə səbəb olur. Ona görə də valideynlər dərhal həkimə müraciət etməlidirlər.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR