İnsanlara hürriyət, millətlərə istiqlal!

Tele-fahişəliyin çiçəklənməsi

2686 24.05.2022 09:50 Yazarlar A A

İndi elə çıxmasın ki, müəllf müasir həyatın tendensiyalarına, mədəniyyət və incəsənətin tərəqqisinə qarşıdır və ya insan haqlarına zidd mövqe tutur. Xeyr. Qoy qədim peşə sahibləri də, cinsi azlıqlar da istədikləri kimi yaşasınlar, sadəcə, özlərini gözə soxmasınlar, ictimai yerlərdə özləri haqqında işarə verib, bunu üstünlükmüş kimi təbliğ etməsinlər, bir azca da təvazökar olsunlar.

Ancaq açığı, ölkəmizdə tele-fahişəlik artıq təhəmmül edilməyəcək şiddətdədir. Onların əlindən televizora baxmırsan, feysbukda qabağına çıxır, oradan artlayırsan, o biri yerlərdə, İnstaqram-da, tik-tokda ürcah olursan. Qurtuluş yoxdur.

Bir də görürsən ki, budu ha, dodağı silikonlu, yanağı botokslu, saçı qaynaqlı, burnu sonradan yığılma biri səfeh bir melodiyaya səfeh sözlər yazdırıb və olduqca səfeh bir klip çəkdirib ortalıqda cövlan edir. Klipdə hadisələr əsasən ya maşında, ya da yataq otağında cərəyan edir və müğənni xanım da elə hey “gəl, gəl” deyir.

Ən pisi odur ki, bu melodiyanı, sözləri, ifanı, görüntüləri bəyənməyən, ona haqlı olaraq lağ edən adamlar kütləvi şəkildə bu axmaq klipi bir-birinin ardınca tirajlayırlar. Beləcə, onlar, lakonik olaraq, civi adı qoyduqları yığılma gözəlçəyə ümumölkə şöhrəti qazandırır. O da 5-6 gündən sonra hansısa sayta açıqlama verir ki, “Yutub”da klipimin baxış sayı ... milyonu keçib. Baxırsan ki, haqlıdır, hamı pisləyə-pisləyə baxır, əvəzində xanımın şöhrəti, özgüvəni, qazancı artır. Sabah daha onu dünənki qiymətə toya gətirmək mümkün deyil, rəfiqələrinə deyir, aaz, ta o qiymətə toya gedə bilmərəm ey, məni dünya tanıyır.

Hamı bilir ki, bu estetik əməliyyatlar, gicbəsər mahnılar, əttökən kliplər böyük pullarla başa gəlir və onu bu qızlara səxavətlə xərcləyən pullu, vəzifəli adamlar var. Onlar şəxsi zövq-səfaları, eyş-işrətləri, bir az da yaxın dost-tanışları yanında genələ-genələ öyünmələri (“o təzə çıxan civini də qaqan saxlayır, necə şeydi?”) üçün ordan-burdan çırpışdırdıqları pulla bu qadınlara komfortlu mənzillər, lüks avtomobillər alırlar, “yeni-yeni yaradıcılıq nailiyyətləri” qazanmaları üçün layihələrini maliyyələşdirirlər.

Bu tendensiya artıq cəmiyyətdə ciddi aşınma yaradıb. Yüzlərlə, bəlkə də minlərlə sakit təbiətli və istedadlı gənc qız düşünür ki, şəxsi həyatları istədikləri kimi alınmasa, sonda özlərinə bir az maya qoyacaqlar, asanca kiminsə məşuqəsi olacaqlar və bir ilin içində ev, maşın, hər şey əldə edəcəklər. Uzun illər öncə musiqi yarışmasında ələnmək üzrə olan və yarışda qalmasına yetəcək səs üçün gözünün yaşını canlı yayında bıldır-bıldır axıdan 17 yaşlı qıza bir gecənin içində necə sponsor tapıldısa, yarışmadan sonra Bakının ucqar kəndindən daşınaraq mərkəzdə üç mərtəbəli villaya köçdü. Televizorda göstərirdilər, qarderobunda da 27 cüt ayaqqabısı vardı, ard-arda klip çəkdirməyə başlamışdı və özünü 40 ilin primadonnası kimi aparırdı.

Yeri gəlmişkən, bu o ölkədir ki, 1908-ci ildə Üzeyir bəy “Leyli və Məcnun” operasını tamaşaya qoyanda Leyli rolunda oynamaq üçün qadın-qız tapmamışdı, məcbur qalıb əvvəlcə bir çayçı şəyirdini, daha sonra Əhməd Ağdamskini qrimləyib “Leyli” eləmişdilər. Amma üstündən 100 il keçəndən sonra, 2008-ci ildə ATV-nin “Yeni ulduz” yarışmasına qatılmaq üçün telekanalın binasının qarşısına gələn 8 min nəfərdən 4 mindən çoxu qadınlar, qızlar idi.

Daha ötən əsrin əvvəllərindəki kimi “bizim nəsildən artist çıxmayıb, çıxmaz” deyə incəsənətə meyllənən qızları ölümlə hədələyən “sərt kişilər” çox azdır.

Özü də o vaxt mədəniyyət və incəsənət sferasında ədəb-ərkan çərçivəsi vardı, gənc müğənnilər, aktrisalar ailə qurur, normal ana olurdular, ya sənətlərinə elə davam edirdilər, ya da müvəqqəti (bəzən də daimi) sənətdən uzaqlaşırdılar.

İndikilərin çoxu isə məhz sənətə ərindən boşanandan sonra gəlir və kiməsə məşuqə olurlar. Çünki o yuxarıda deyilən maddi nailiyyətlərin tam külliyyatını kiminsə namuslu arvadı olaraq qazana bilməyəcəklərini bilirlər.

Yuxarıda ona görə bunu “tele-fahişəlik” adlandırdıq ki, bu istiqamət öz qaynağını telekanallardan götürüb. İnsanlara ucuz şöhrəti əvvəlcə məhz  televiziyalar qazandırdı, amma ta artıq onlara ehtiyac yoxdur, sağ olsun sosial şəbəkələr, platforma platformaya söykənir. Normalda qatar platformasında müştəri gözləyəsi qadınlar isə bir-birinə aman vermir.

Beləcə, ölkədə elitar fahişəlik, məşuqəlik institutu gündən-günə çiçəklənir. Yenə bir az təvazökar və zövqlü olsalar, xalqın gözünü qabar eləməsələr, adamı yandırmaz.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR