İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhsilə xərclənəcək vəsait artırılır, amma “azdır” deyənlər var

2498 28.10.2022 10:40 Təhsil A A

Ekspert deyir ki, Azərbaycanın büdcə sənədinə baxdıqda təhsilə ayrılan vəsait faiz etibari ilə yüksək deyil

2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri üçün nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur.

Rəsmi məlumatda qeyd olunur ki, gələn il dövlət sifarişi ilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha çox tələbə kreditinin verilməsi, habelə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması təhsil xərclərinin artımında əsas istiqamətlərdəndir.

Qeyd edildiyi kimi, təhsilə ayrılan vəsait artırıldı. Maraqlıdır, təhsilə ayrılan vəsaitin xərclənilməsinə necə nəzarət olunacaq? Bəs görəsən, valideynlərin narazılığına səbəb olan məsələ, məktəblərdə xadimə ilə mühafizəçi üçün yığılan pulları yenə də valideynlərmi ödəyəcək, yoxsa?

Savadsızlığa açılan daha bir PƏNCƏRƏ – “Bundan imtina edilməməlidir” – Təhsil  eksperti

Adil Vəliyev

Təhsil eksperti Adil Vəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a  dedi ki, ayrılan xərcl,ərin çoxu demək olar ki, son bir ildə Təhsil Tələbə Kredit Fondu üçün kifayət qədər məbləğ ayrılıb: “Bu məbləğlərə dövlət sifarişli təhsil alanlar, daha sonra ödənişli təhsilə qəbul olub, müəyyən güzəştlər əldə edərək pulsuz oxuyan tələbələr daxildir. Valideyni şəhid olmuş, yaxud digər imtiyaz hüququ əldə edən tələbələrimiz var ki, bunlara da şamil olunur. Artıq bağçalar da Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi üçün bu xərclərə bağçalar, məktəblər, universitetlər və kolleclər də daxildir. Buna necə nəzarət olunacaq? Buna nəzarət olunma mexanizmi yenə də dövlət strukturlarının öz tərkibində olur. Biz, sadəcə, onların bizə verdiyi rəqəmləri görə bilirik ki, bu qədər məbləğ ayrılıb. Bu xərclərin bir qismi də nazirliyin keçirdiyi layihələrə ayrılır”.

Ekspert “məktəblərdə xadimənin, mühafizəçinin maaşını valideynlərmi ödəyəcək, yoxsa büdcədə nəzərə alınıb” sualına belə cavab verib: “Əslində bu kimi qeyri-leqal halların yaranmasına da elə valideynlər özü şərait yaradır. Valideynlər özlərini məcbur hiss edirlər ki, müəllimə mütləq pul yığıb verməlidirlər, ya da hədiyyə almalıdırlar. Təmizlik pulu və sairə, məktəbin nə ehtiyacı varsa, hamısı dövlət büdcəsindən  qarşılanmalıdır. Çünki hər il yanvar ayında Elm və Təhsil Nazirliyi məktəblərə sorğu göndərir ki, bir illik nəyə ehtiyacınız varsa, yazın göndərin. Bunların hamısını yazıb cavab olaraq göndərməlidirlər. Amma məktəb rəhbərləri özlərini yaxşı göstərmək üçün oradan qənaət edirlər, əvəzində valideynlərdən pul tələb olunur”.

Təhsil Nazirliyinin brifinqini müzakirə edirik - Təhsil eksperti Kamran  Əsədov CANLI YAYIMDA ​ - YouTube

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov  dedi ki, Azərbaycanda təhsil xərclərinin böyük hissəsi dövlət tərəfindən ödənilir: “UNESCO-nun 2021-ci ildə təhsil monitorinqi ilə bağlı hesabatında bildirilir ki, təhsil xərclərinin 1/2 hissəsi dövlət tərəfindən maliyyələşdirilir. Azərbaycanın da daxil olduğu gəliri aşağı və orta olan ölkələrdən fərqli olaraq qalan hissə isə ev təsərrüfatının üzərinə düşür. Hesabata əsasən, Azərbaycanda təhsil sahəsində dövlət xərcləri ÜDM-in 2,9 faizini təşkil edir. Cənubi Qafqaz regionunun digər ölkələrinə gəlincə, Ermənistanda bu göstərici 2,8, Gürcüstanda isə 3,8 faizdir. Azərbaycanın dövlət xərclərinin ümumi həcmində təhsilin payı 8,2 faizdir. Bir məqamı da qeyd edim ki,  Azərbaycanda dövlət məktəbəqədər hər bir şagird üçün 4 370 dollar (adambaşına düşən ÜDM-nin 26 faizi), orta təhsil üçün 3 765 dollar (22 faiz), ali təhsil üçün isə 3 972 dollar (23%) xərcləyir. Amma Azərbaycanın büdcə sənədinə nəzər yetirdikdə təhsilə ayrılan vəsaitin ümumilikdə faiz etibari ilə yüksək olmadığı məlum olur. Yəni investisiya layihələrinə 6-7 milyard manat ayrılırsa, təhsil üçün onun üçdə biri nəzərdə tutulur. Düzdür, son 2 il ərzində təhsil sahəsində çalışanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Lakin bu sahədə daha ciddi islahatlara ehtiyac var. Faktiki olaraq təhsil sektorunda çalışanların böyük qisminin digər iqtisadi sahələrdə aktiv fəaliyyət imkanlarının olmaması onların əlavə gəlirlər əldə etməsini azaldır və nəticədə bu sahədə çalışan insanların maliyyə təminatı zəif hesab edilir. Çünki müəllimlər təxminən 300 manat məvaciblə ailə büdcələrini formalaşdırdığı halda, onlardan keyfiyyət tələb etmək mümkün deyil”.

Ekspert əlavə edib ki, ölkənin şəhər və kəndlərində son 10 il ərzində 3500-ə yaxın məktəb binası tikilərək istifadəyə verilib: “Məktəbəqədər təhsil müəssisələrinin tikilməsi və yenilənməsi istiqamətində də işlər görülüb. Yeni təhsil müəssisələrinin tikintisi zamanı daha çox müasir təhsil standartlarına uyğunluq nəzərə alınıb. Təəssüf ki, hər məktəbin tikintisi zamanı sərf olunan vəsaitlər barədə şəffaf maliyyə hesabatı yoxdur. Hesab edirəm ki, təhsil sektorunda investisiya qoyuluşlarının şəffaflığının artırılmasına ciddi ehtiyac var. Bundan başqa, ali təhsil müəssisələrinin maliyyə fəaliyyəti ilə bağlı şəffaflıq yoxdur. Universitetlərin maliyyə hərəkətliliyini görmək olmur. Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri kimi bu sahədə apardığım araşdırmalar göstərir ki, təhsilə ayrılan dövlət investisiyasından bir çox hallarda səmərəsiz istifadə edirlər. Araşdırmanın nəticələrindən aydın olub ki, eyni ildə, yəni bərabər iqtisadi mühitin diqtəsində ABŞ səfirliyi tərəfindən tikilib istifadəyə verilən təhsil müəssisələrində bir şagird yeri üçün orta hesabla 638 manat vəsait xərcləndiyi halda Təhsil Nazirliyinin tikdirdiyi məktəblərdə analoji xərc 3 dəfə çox və ya 1870 manat təşkil edib. Çıxarılan nəticə ondan ibarətdir ki, hökumət son illər təhsil istiqamətində investisiya xərclərini artırsa da, bu vəsaitlərin xərclənməsi zamanı şəffaflıq və effektivlik təmin edilməyib. Lakin qeyd etmək lazımdır ki, ötən illər ərzində həm ümumtəhsil, həm də məktəbəqədər təhsil müəssisələrinin tikilib istifadəyə verilmə vəziyyəti əvvəlki illərlə müqayisədə müəyyən qədər yaxşılaşıb. Hesab edirəm ki, büdcədən elmə, elmi tədqiqatlara daha çox vəsait ayrılmalıdır. Bundan başqa, gənclərin elmə gəlməsi üçün stimullaşdırıcı təsirlərin əhatəsi genişləndirilməlidir. Ümumilikdə ali təhsilin infrastrukturunun formalaşdırılması və saxlanması, çalışanların əmək haqqının ödənilməsi, innovasiyanın tətbiqinin maliyyələşdirilməsi kimi məsələlər dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir ki, bu da dünyada qəbul edilməyən haldır. Amma ali təhsil müəssisələri ilə orta ümumtəhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi müəyyən qədər anlaşılandır. İnkişaf etmiş ölkələrin təcrübəsinə görə təhsil xərcləri: dövlət maliyyələşməsi; özəl maliyyələşmə; beynəlxalq maliyyələşmə; qarışıq maliyyələşmə hissələrindən ibarətdir. Amma bizdə buna rast gəlmək mümkün deyil”.

Əsədov hesab edir ki, Maliyyə Nazirliyi ən azından icra edilmiş büdcə hesabatında hər bir universitetə ayrılmış vəsaitin həcmini açıqlamalıdır. Ekspertin sözlərinə görə, ali təhsil müəssisələrinə dövlət tərəfindən ayrılan vəsaitlər düzgün istifadə olunmur: “Ayrılan vəsait bir çox hallarda universiteti idarə edənlərin şəxsi məqsədlərinə, şəxsi bizneslərinə sərf olunur. Ali təhsil müəssisələrində isə daha çox təmir-bərpa işlərinin görülməsi, yeni ali təhsil müəssisələrinin azlığı və onların da paytaxtda tikilməsi disproporsional mühit formalaşdırıb və regionlar üzrə məqsədli paylanma həyata keçirilməyib.

Universitetlərə ayrılan vəsaitlərdən dəfələrlə az məbləğdə təmir-bərpa işlərinin görülməsinin şahidi oluruq. Düzdür, dövlət büdcəsindən təhsilin pillələri üzrə ən az xərc ali təhsilə ayrılır. Amma buna baxmayaraq, universitetlərin də tələbələrin təhsil haqlarından kifayət qədər gəlirləri olur.

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri kimi bu sahədə apardığım araşdırmalar göstərir ki, təhsilə ayrılan dövlət investisiyasından bir çox hallarda səmərəsiz istifadə edirlər. Araşdırmanın nəticələrindən aydın olub ki, eyni ildə, yəni bərabər iqtisadi mühitin diktəsində ABŞ səfirliyi tərəfindən tikilib istifadəyə verilən təhsil müəssisələrində bir şagird yeri üçün orta hesabla 638 manat vəsait xərcləndiyi halda Təhsil Nazirliyinin tikdirdiyi məktəblərdə analoji xərc 3 dəfə çox və ya 1870 manat təşkil edib. Çıxarılan nəticə ondan ibarətdir ki, hökumət son illər təhsil istiqamətində investisiya xərclərini artırsa da, bu vəsaitlərin xərclənməsi zamanı şəffaflıq və effektivlik təmin edilməyib. Lakin qeyd etmək lazımdır ki, ötən illər ərzində həm ümumtəhsil, həm də məktəbəqədər təhsil müəssisələrinin tikilib istifadəyə verilmə vəziyyəti əvvəlki illərlə müqayisədə müəyyən qədər yaxşılaşıb".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR