İnsanlara hürriyət, millətlərə istiqlal!

"Təhsilə ayrılan büdcə nəzərdə tutulan işlərin görülməsi üçün azdır”- Ekspert

2011 27.10.2022 17:07 Təhsil A A

 

2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur. Rəsmi məlumatda qeyd olunur ki, gələn il dövlət sifarişilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha çox tələbə kreditinin verilməsi, habelə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması təhsil xərclərinin artımında əsas istiqamətlərdəndir.

Qeyd edildiyi kimi, təhsilə ayrılan vəsait artırıldı. Maraqlıdır, təhsilə ayrılan vəsaitin xərclənilməsinə necə nəzarət olunacaq? Bəs görəsən, valideynlərin narazılığına səbəb olan məsələ, məktəblərdə xadimə ilə mühafizəçi üçün yığılan pulları yenə də valideynlərmi ödəyəcək?

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Musavat.com-a bildirib ki, dövlət büdcəsindən ayrılan vəsait hələ də azdır: “Çünki dövlətin qarşıya qoyduğu prioritet istiqamətlər var. Bunlar bütün vətəndaşlar üçün təhsilin əlçatanlığının təmin olunması, eyni zamanda işğaldan azad olunan ərazilərdə yeni məktəb tikintilərinin həyata keçirilməsi, həm də təmir-bərpa işlərinin də artırılmasıdır. Paralel olaraq tələbələrə kreditlərin verilməsi, dövlət sifarişi üzrə plan yerlərinin daha da çoxaldılmasıdır. Hazırda dövlət sifarişi üzrə təhsil alanların sayı ildən-ilə artır, 48 faiz dövlət sifarişi üzrə təhsil alan tələbə var. Növbəti illərdə bu, 50-60 faizə çatdırılacaq. Eyni zamanda, inklüziv və fərdi  təhsillə bağlı- bəzi vətəndaşlarımız müəyyən sağlamlıq imkanlarının məhdudluğuna görə evdə təhsilə cəlb olunurlar. Bütün bunlar müəyyən xərclər tələb edir. Nazirliyin tabeliyinə verilən AMEA və onun tabeliyində olan digər institutlar, bunlara da müəyyən maliyyənin ayrılması nəzərdə tutulur. Yəni bu işlərinin görülməsi üçün büdcə təbii ki, azlıq təşkil edir. Buna nəzarət olunarsa, o zaman müəyyən işlər görülə bilər”.

Ekspert ,“təhsilə ayrılan vəsaitin xərclənilməsinə necə nəzarət olunacaq” sualına belə cavab verib: “Bunun üçün Hesablama Palatası var, yaxud da dövlət büdcəsindən çıxarılan vəsaitin aidiyyəti üzrə istifadəsi və digər amillər dövlətin nəzarətindədir. Sırf istiqamətlər, müxtəlif şaxələrə bölünəcək xərclər, onların şəffaf şəkildə paylanması, eyni zamanda görüləcək işlərin həyata keçirilməsi üçün müəyyən məsul şəxslər daha da diqqətlə yanaşmalıdırlar”.

 

Afaq Mirayiq,
Musavat.com   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR