İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranın “dəvəquşu” siyasəti - İran Azərbaycanla qonşu olmağın məsuliyyətini anlayacaqmı...

528 06.06.2023 13:23 Siyasət A A

Razi Nurullayev: “Azərbaycanla münasibətlərin gərginləşməsi Tehrana yaxşı heç nə vəd etmir”

Bu ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain terror hücumundan, az sonra Bakıda deputat Fazil Mustafaya sui-qəsddən və nəhayət, Almaniyada təhsil alan azərbaycanlı tələbə Fərid Səfərlinin başına gətirilənlərdən sonra İranın nə dərəcədə təhlükəli, eyni zamanda adam oğurluğu ilə məşğul olan reket dövlət olduğuna şübhə qalmadı. Belə bir dövlətlə qonşuluq gerçəkdən də qəliz məsələdir.

Bu və digər səbəblərdən Azərbaycan dövləti gərəkəni edir və etmək zorundadır. “Cari ilin yanvar ayında Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. O da bildirilib ki, hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur. İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə əlaqə saxlamaları xahiş olunur.

“Hələ yanvar ayında Azərbaycan XİN İrana səfərlərin məhdudlaşdırılması ilə bağlı xəbərdarlıq etmişdi və bunun səbəbi aydındır. Tehranda səfirliyimiz fəaliyyətini dayandırdıqdan sonra Azərbaycanın İran İslam Respublikasında təmsilçiliyi çox məhduddur”.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu, yalnız Təbriz şəhərində Baş konsulluğun çox məhdud şəkildə əməkdaşlarının fəaliyyətindən ibarətdir:

“Hələ yanvar ayının sonunda Azərbaycan tərəfi səyahət xəbərdarlığı etmişdi, xüsusi bir ehtiyac olmadığı təqdirdə vətəndaşlarımızın belə səyahətlərdən çəkinməsinə çağırış edilmişdi. Bütün bunlara baxmayaraq, həmin hadisə - azərbaycanlı tələbənin İranda saxlanılması ilə bağlı məlumat daxil olduqdan dərhal sonra həm Bakı şəhərində nazirlik tərəfindən İran XİN-ə nota təqdim olunub, eyni zamanda bizim Baş Konsulluğumuz fəaliyyətə keçdi. Həmin şəxsin taleyi ilə bağlı informasiyanın əldə olunması kifayət qədər uzun müddət çəkdi. Həftələr sonra biz İran tərəfindən rəsmi məlumat aldıq ki, həmin adam saxlanılıb, o, ittiham olunur və onunla bağlı cinayət işi açılıb. Tələbə ilə İrandakı Baş Konsulluğumuzun əməkdaşları arasında əlaqə var. Eyni zamanda fiziki olaraq görüşün təşkil olunması istiqamətində iş aparılır. Tələbənin ailə üzvləri ilə də mütəmadi əlaqə saxlayırıq, məsələ nəzarətimizdədir”.

Ceyhun Bayramov İsraildəki səfirliyimizin açılışına GEDİR

Ceyhun Bayramov 

Ceyhun Bayramov Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı son vəziyyəti də açıqlayıb. Nazir qeyd edib ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı cinayət işi üzrə istintaq hələ də davam edir. Onun sözlərinə görə, Azərbaycan ən qısa zamanda cinayət işi üzrə istintaqın başa çatdırılacağına və günahkarların cəzalandırılacağına ümid edir, lakin hələlik hər hansı konkret nəticələr barədə danışmaq tezdir:

“Hesab edirik ki, bu hücum iki ölkə arasında münasibətlərə çox mənfi təsir göstərən amildir. Eyni zamanda bizə İran tərəfindən bu ölkədəki diplomatik missiyamızın fəaliyyətinin bərpası ilə bağlı bir neçə müraciət daxil olub”.

Nazir hesab edir ki, Azərbaycan tərəfi hücumu həyata keçirən cinayətkarların və sifarişçilərin məsuliyyətə cəlb edilməsinə tam əmin olmalıdır: “Azərbaycan tərəfinə bununla bağlı bütün təminatlar sözdə deyil, əməldə verilməlidir”.

Məsələ ilə bağlı İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani iyunun 5-də keçirdiyi həftəlik mətbuat konfransında anormal bir mövqe sərgiləyib.

 “Azərbaycan Xarici İşlər Nazirliyi öz vətəndaşlarının İrana getməsi ilə bağlı xəbərdarlıq edib. Bu, sionist rejimin prezidentinin Bakıya son səfəri zamanı apardığı siyasətin eynisidir. Azərbaycan xalqını qorxutmalı olan sivil və İslami İran deyil, İsraildir. Bizim siyasətimiz hələ də vizanı ləğv etmək və azərbaycanlı bacı-qardaşlarımıza qollarımızı açmaqdır. Qarşılıqlı hörmət çərçivəsində təbii ki, qonşuluq siyasətinin davam etdirilməsi gündəmimizdə əvvəldə gəlir”.

İran adlı dövlət niyə Azərbaycanla münasibətlərdə gərginliyin azalmasını istəmir, yaxud bu yöndə heç bir iş görmür? Bu kin-küdurət, qisasçılıq siyasəti bitəcəkmi? İran, nəhayət, qonşu olmağın məsuliyyətini nə vaxt dərk edəcək?

Hər halda, molla rejiminin xoş niyyəti olsaydı, ən azından səfirliyimizə hücumu obyektiv araşdırar, bundan ötrü Bakının mütəxəssis göndərmək çağırışını qəbul edərdi.  Amma o, əlbir olduğu şübhə doğurmayan terrorçu Yasin Hüseynzadəni “dəlixanaya” salmaqla işini bitmiş hesab etdi. İndi də Fərid Səfərli olayı, casusluq oyunu.

Beləcə, Tehranın “dəvəquşu siyasəti” davam edir. Bu siyasət Azərbaycana müəyyən problemlər yaratsa da, əslində İranın maraqlarına daha böyük zərbə vurur. Artıq Azərbaycandan İrana axın kəskin azalıb. Fərid Səfərlinin başına gətirilənlərdən sonra bir az da azalacaq.

Razi Nurullayev: “Reallığı görsünlər və hərəkətlərinə görə Azərbaycan  xalqından üzr istəsinlər”

 Razi Nurullayev

Mövzu ilə bağlı millət vəkili Razi Nurullayev “Yeni Müsavat”a danışıb. Deputat qeyd edib ki, İranla Azərbaycan arasında münasibətlərin yaxşılaşmasında fayda var və bu günə qədər də bu münasibətlərin gərgin qalmasında Azərbaycanın zərrə qədər də günahı yoxdur: “Çünki ilk addımı və üzrxahlığı İran tərəfi etməlidir. Məhz onlar Azərbaycanın Tehranda yerləşən səfirliyinə qarşı terror hadisəsini təşkil və müdafiə edirlər. Bunu artıq sübut etməyə ehtiyac yoxdur. Həmçinin Azərbaycanın millət vəkilinə qarşı sui-qəsd həyata keçirir, Azərbaycanın konstitusiya qoyuluşunun dəyişdirilməsi üçün açıq çağırışlar edir, ölkəmizdə agentura şəbəkəsi yaradırlar. Bütün bunların fonunda təbii ki, Azərbaycan narazıdır və İrandan  bütün bu qanunsuz əməllərə son qoyulmasını edir. Lakin hələ ki bunun bir nəticəsini görə bilmirik. Azərbaycan öz qüvvəsi ilə İranın bütün agentura şəbəkəsinin kökünü kəsməkdədir. Görünür ki, İran tərəfi bundan daha da əsəbiləşir, gərginləşir və sanki Azərbaycanın öz müstəqilliyini, dövlətçiliyini, bütövlüyünü, suverenliyini qorumaq üçün atdığı bu addımları özünə təhdid kimi görür və Azərbaycanı müstəqil ölkə kimi görmək istəmir. Bütün bunlar təbii ki, qəbuledilməzdir.

Lakin İranda da ağıllı insanlar var  və onlar Azərbaycanla münasibətlərin hər keçən gün daha da gərginləşməsinin İranın iqtisadi və siyasi vəziyyəti üçün heç də yaxşı olmadığı düşüncəsindədirlər".

Millət vəkili qeyd edib ki, Azərbaycan İrana qarşı ilk addım atmaq fikrində deyil: “Çünki təcavüzə, haqsızlığa məruz qalan ölkə bizik və buna görə də ilk addımlar İran tərəfindən atılmalıdır.

Məlum olduğu kimi, Şimal-Cənub nəqliyyat dəhlizinin açılması vacibdir və bu məsələlərdə Rusiya tərəfi də israr edir. Bu dəhlizin açılması İranın iqtisadiyyatı üçün çox kritik əhəmiyyətə  malikdir. Azərbaycan Rəşt dəmir yolunun çəkilməsi üçün təxminən 350 milyonluq avro ayırdı ki, layihə işə düşsün. Azərbaycan öz tərəfində olan bütün işləri gördü, lakin  maraqlıdır ki, İran öz tərəfində olan işləri niyə bu qədər ləng aparır və yaxud  ümumiyyətlə, aparmaq istəmir? İndi görünür ki, İran öz xeyrinə olan layihəni Azərbaycandan keçəcək, Azərbaycan da xeyir görəcək deyə özünün ziyanı  hesabına da olsa bunu gecikdirməklə məşğuldur və yol axtarır ki, necə etsin ki, bu yol Ermənistandan keçsin. Amma başa düşmək istəmirlər ki, Ermənistandan keçən dəhliz heç kəsə lazım deyil və  ona bu qədər xərci heç kəs çəkməyəcək. Azərbaycanın coğrafi mövqeyi elədir ki, ölkəmiz istənilən halda bütün magistralların mərkəzində dayanır".

Millət vəkili qeyd edib ki, İran Azərbaycana qarşı bütün əsassız iddialarını kənara qoyub, ölkəmizə doğru addım atmalıdır: “Yalnız bundan sonra Azərbaycan İranla münasibətlərin yaxşılaşması üçün danışıqlara başlaya bilər”.

Nazir: Fərid Səfərli ilə görüş üçün iş aparılır - 05.06.2023, Sputnik  Azərbaycan

 Fərid Səfərli

Millət vəkili həmçinin qeyd edib ki, Fərid Səfərlinin  İranda casus adı ilə həbs edilməsi və digər məsələlər səbəbindən Azərbaycandan  İrana gedən insanların sayı kəskin azalacaq:

“Məlum olduğu kimi, nəinki Azərbaycan, digər ölkələr də İrana səfərlə bağlı bu və digər  şəkildə xəbərdarlıq edir. Təbii ki, bu, İranın hazırkı iqtisadiyyatı, turizm potensialı üçün böyük zərbədir. Əvvəllər Azərbaycandan İrana on minlərlə vətəndaşımız gedirdi. Onların arasında tibbi, turizm və digər məqsədlər üçün gedənlər var idi. İndi bu demək olar ki, tamamilə dayanıb. Yəni Azərbaycan Xarici İşlər Nazirliyinin çağırışı bunu deməyə əsas verir. Bu da İran üçün yaxşı heç nə vəd etmir. Onsuz da İran hazırda sanksiyalara məruz qalmış ölkədir, üstəlik də qonşularının da sanksiyalarına məruz qalanda, sərhədləri bağlananda, münasibətlər korlayanda tamamilə təklənir.  Bu, onların özlərinin seçdiyi yoldur”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR