İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcrübəli müəllim və həkimlər üçün “yaş senzi” götürülsün təklifi – ekspertlər deyir ki...

1354 28.03.2023 19:05 Sosial A A

Zülfüqar Yusifov: “Çox sayda insanlar təqaüd yaşına çatdıqdan sonra da iş yerini buraxmamağa meyilli olur, çünki...”

Kamran Əsədov: “Müəllimlərin “yaş senzi”nin artırılmasına ehtiyac yoxdur”

Bayram öncəsi Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bir çox vətəndaşlarımızı narahat edən bir mövzuya toxunub. Deputat bildirib ki, Azərbaycanda həkim və müəllimlərin təqaüdə göndərilməsi üçün tətbiq olunan yaş həddinin artırılması təklif edilir:

“Eyni zamanda, rayonlarda xeyli vakant yerlərin olmasını nəzərə alaraq, həkim və müəllimlərin təqaüd yaşının həddinin istisna olaraq 70 yaşa qədər artırılması məqsədəuyğun olardı. Nazirlər Kabinetindən bu məsələnin nəzərə alınmasını xahiş edirəm”.

Həkim və müəllimlərin təqaüd yaşının həddinin istisna olaraq 70 yaşa qədər artırılması, “yaş senzi”nin götürülməsi mümkünmü?

Məlumdur ki, təqaüd yaşına çatan müəllimlərə (65) müqavilə əsasında cəmi daha 1 il pedaqoji fəaliyyəti davam etdirməyə icazə verilir. Bu təklif xüsusən də işğaldan azad edilən ərazilərimizdə təcrübəli müəllim qıtlığını müəyyən qədər aradan qaldırmağa kömək edərdi.

Ümumiyyətlə, yuxarı yaşın intellektə hansısa təsiri varmı? Yoxsa insan tutaq ki, 70-dən sonra işini atmalıdır?

2019-11-13-00-08-06FwXYvfvCjD7xMrpRWxKu_file (1).jpg (205 KB)

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Bütün dünyada praktika belədir ki, insanlar bəlli yaşdan sonra pensiyaya çıxır. Bu zaman onları daha çox maraqlandıran aldıqları təqaüdün yaşayış ehtiyaclarını ödəyə bilməsidir.

Hazırda ölkəmizdə müəllim və həkimlərin  yaş həddinin artırılması ilə bağlı təklifin ortaya çıxmasının əsas səbəblərindən biri odur ki, həkimlər və müəllimlər arasında çox sayda insanlar təqaüd yaşına çatdıqdan sonra da iş yerini buraxmamağa meyilli olurlar. Bu təklif həm də onu göstərir ki, əgər müəllim və həkimlər təqaüd yaşına çatdıqdan sonra da işləmək istəyirlərsə deməli onların həm sağlam, həm də  intellektual potensialı buna imkan verir və yaş həddini uzatmaq da olur.

Lakin bir məsələ də var, əgər təqaüd yaşına çatdıqda sonra da insanlar işdə qalmağa üstünlük verirlərsə, deməli, işsiz həyat keçirmə onlar üçün çox darıxdırıcıdır, onlar özlərini cəmiyyətdən təcrid, lazımsız olduğunu  hiss edə bilir  və yaxud ekonomik sıxıntıları çoxdur, ona görə də onlar bu yaşdan sonra da işinə davam etmək istədiklərini ortaya qoyurlar. Buna görə də hesab edirəm ki, hansısa şəkildə elə etmək lazımdır ki, insanlar təqaüd yaşına çatdıqdan sonra ictimai faydalılığını itirməsinlər. Bunlar təmin olunarsa insanların pensiyaya yaşı çatdıqdan sonra işlərinə davam etmək istəyi də çox olmaz”.

2abf83b1e8830daed322c212749b075a.jpg (77 KB)

Təhsil eksperti Kamran Əsədov isə qeyd etdi ki, müəllimlərin pensiya yaşının artırılmasına qəti ehtiyac yoxdur:

“Hazırda ölkənin 4432 orta ümumtəhsil məktəblərində 151 min nəfər müəllim çalışır və bu da ciddi rəqəmdir. Nəzərə alsaq ki, elmi-texniki tərəqqinin yenilikləri daha peşəkar, daha bacarıqlı  müəllimlər tələb edir, biz mütləq şəkildə orta ümum təhsil müəssisələrində çalışan 65 yaşına çatmış müəllimlərdən yalnız fiziki dayanıqlılığı olanları  işdə saxlanılması ilə maraqlanmalıyıq.

Yəni, təlim və tədris göstəriciləri yaxşı olan müəllimlərlə  işə davam etmək daha effektivdir. Ona görə də o demək deyil ki,  bütün yaşı 65 yaşdan yuxarı olan bütün müəllimlər ilə əmək müqaviləsi artırılmalıdır. Çünki təhsil dinamikliyi və yeniliyi özündə əks etdirən sahədir.

Doğrudur, bizə bəzən görürük ki, bölgələrdə ciddi şəkildə müəllim çatışmamazlığı var, gənc müəllimlərin bölgələrə getməsi ilə bağlı problemlər mövcuddur. Məsələn, Lerikdə, Yardımlıda, Qusar, Xaçmazın bəzi məktəblərində bir çox fənlər üzrə müəllim çatışmamazlığı var . Bir  müəllim bəzən bir neçə fənni tədris edir ki, bu da tədrisə öz mənfi təsirini göstərir. Bununla belə hesab edirəm ki, müəllimlərin “yaş senzi” nin artırılmasına ehtiyac yoxdur. Yaxşı olar ki, onları vaxtında yaxşı, normal təqaüdlə təqaüdə göndərək. Bizim əsas  hədəfimiz bütün ömrünü Azərbaycanın  gələcəyinə həsr etmiş şəxslərə ömürlərinin qalan hissəsində istirahət etmək imkanı verməliyik. Lakin qeyd etdiyim kimi, yaxşı, normal təqaüdlə. Bugünkü mövcud təqaüd məbləğləri müəllimlərin yaşayışı üçün yetərli deyil. Müəllimlər ona görə 65 yaşdan sonra da çalışmağa cəhd göstərirlər ki, aldıqları təqaüdün məbləğı aşağıdır.

Hesab edirəm ki, müəllimlər hətta 25 ildən sonra təqaüd imkanına malik  olmalıdırlar, necə ki, xüsusi xidmət orqanlarında çalışanlar 18-25 ildən sonra  özlərində təqaüd formalaşdıra bilirlər. Dünya pedaqoji tədqiqatlarına görə də müəllimlik ən çətin peşələrdən hesab olunur. Ona görə də 25 ildən sonra eyni əməkhaqqı məbləğində və yaxud daha çox təqaüdlə mütləq şəkildə təqaüdə çıxmalıdırlar.

Yəni, hesab edirəm ki, təqaüd yaşının artırmaqla biz heç nəyə nail ola bilmərik, bizim hədəfimiz bu olmamaldır ki, müəllimləri 65 yaşdan sonra saxlayaq.

Sertifikatsiya nəticələrinə də baxanda görürük ki, yaşı 55-dən yuxarı müəllimlərin təlim tədris göstəriciləri daha gənc müəllimlər ilə müqayisədə aşağı olur. Həmçinin buraxılış və qəbul imtahanlarının nəticələrini araşdıranda görürük ki, hansı sinifdə daha çox gənc müəllimlər çalışır, orada şagirdlərin nəticəsi daha yaxşıdır.

Hətta pandemiya dövründə onlayn tədrisin təşkili zamanı müşahidə etdik ki, yaşlı müəllimlərin bir çoxu onlayn resuslarından istifadə edən zaman problemlər yaşayırdı.  

Bu baxımdan bir daha qeyd edirəm ki, müəllimlərin təqaüd yaşının 65-dən yuxarı qaldırılmasına birmənalı  şəkildə ehtiyac yoxdur. Müəllimlər vaxtında yaxşı təqaüdlə göndərilməlidir. Bu həm də  gənclərin sosial rifahı halının yüksəlməsinə təsir edəcək”.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR