İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili şok köşə – son dəqiqə, təfərrüat (videosuz)

2068 25.03.2023 13:05 Yazarlar A A

Elə bu yaxınlarda yazmışdım ki, futbolçunu top dalınca qaçmaqda ittiham etmək nə qədər, savadlı adamlar demişkən, absurddursa, jurnalisti də sensasiya dalınca qaçmaqda suçlamaq o qədər absurddur. Yəni ikisi də öz işini görür.

“Sensasiya dalınca qaçmaq” deyəndə, deyəsən, hərə bir şeyi nəzərdə tutur. Amma əsl sensasiya dalınca qaçmaq odur ki, yenicə (və yaxud 15 il qabaq) törədilmiş, amma üstü açılmayan qalmaqallı qətl işini araşdıraraq ciddi ipucları əldə edirsən, milyonluq və ya milyardlıq korrupsiya əməllərini, sxem və mexanizmlərini ortaya qoyursan, vətənə xəyanət yolu tutan casus şəbəkəsinin üzərinə diqqət çəkirsən və s.

Amma tanınmış müğənninin cipinin kapotuna mismarla “quş” yazan növcavanın tapılıb tutulmasına süjet həsr etmək, sənətçi cütlüyün toyundan canlı yayım vermək, “filan aktrisa ana oldu” kimi xəbərlər yaymaq sensasiya dalınca qaçmaq deyil, olsa-olsa, sensasiyanın dalınca daş atmaqdır. Rutin şeylərdən sensasiya olmur. Hər gün minlərlə adamın həyatında baş verən toy, yas, ad günü, yaxın adamlara hədiyyə almaq, xarici ölkəyə səyahətə yollanmaq və sair bu kimi aktlar sıradan şeylərdir. Adam məşhurdur deyə maşınının yağını dəyişdirməsi ictimai əhəmiyyət kəsb etmir.

Yadımdadır, 3 il əvvəl bu vaxtlar saytlarda “filankəs koronavirusa yoluxdu” xəbərləri verilirdi. Sonra yoluxanlar o qədər çox oldu ki, hərəyə bir xəbər həsr etmək mümkün olmadı, topdanyazışa keçdik. Bir müddətdən sonra yalnız “məşhur və tanınmış adamlar”ın COVİD-19-a yoluxduğu barədə xəbərlər verməyə başladıq. Amma yoluxanların sayı milyonu aşandan sonra bu “sensasiya” da əhəmiyyətini itirdi.

Bu günlərdə jurnalistlərin dilə-dişə düşməsinin səbəbi isə heç də sensasiya dalınca qaçmaqları olmadı, yox yerdən ajiotaj düzəltməkləri, hüzn içində olan insanların ağrı-acılarına etina etmədən reytinq, baxış sayı uğrunda yarışa çıxmaqları oldu.

İşində peşəkar, fədakar, çalışqan, fərasətli olmaq başqa şeydir, yazılmış və yazılmamış nəzakət qaydalarını tapdaqaltı etmək başqa şey.

Təəssüf ki, bir sıra həmkarlarımız kəmfürsətlik edir, rəqiblərindən qabağa düşmək, fərqlənmək, sonradan “filan şeyi birinci biz etdik” deyə öyünmək üçün hər cür, hətta axırıncı yola da gedirlər.

Bu nə marafondur, bu nə vur-həşirdir? Xəbəri birinci sən verəndə nə olur? 10 dəqiqədən sonra eyni xəbəri birinci və ya onuncu kimi verməsinin fəqri qalmır axı.

666444.jpg (63 KB)

İki il əvvəl Xocavənd rayonunun Edilli kəndinə, material hazırlamağa gedirdik. Elə olmuşdu ki, jurnalistlərin çoxu başqa avtobusda idi, amma 5-6 həmkarım və mən həmin kənddən olanlarla eyni mikroavtobusdaydıq. Söhbətcil adamlar idi. Mən o kənd haqqında öncədən məlumatlı olduğumdan kişilərlə söhbətim tutdu. Onlardan o kənddən olan, sonradan qondarma “DQR”-in təhlükəsizlik naziri təyin edilən Kamo Ağacanyan barədə soruşdum. Bir şeylər danışdılar. Gördüm ki, 1 ay öncə Ağacanyan haqqında yazdığımız şeylərdir: atası azərbaycanlıdır, gənc yaşlarından bizə nifrət ruhunda böyüyüb, Edillidə villası, restoranı var və s. Edillidən olan qardaşlara dedim ki, o qırışmalın evini göstərərsiz, bir-iki şəkil çəkərik. “Yaxşı” dedilər. Edilliyə çatdıq. Adamları kamera qarşısında danışdırdığımız yerdə bir də görürəm, telekanallardan birinin əməkdaşı bizimlə gedən adamlara göz-qaş edir, işarələr verir. Axırda adam dözmədi, yerli sakinə yaxınlaşdı, qarğa dilində nəsə xısıldadı. Amma biz anladıq ki, o, “bunları başından sov, o generalın evini bizə göstər, çəkiliş edək” deyir. Dedim, əziz həmkar, biz o mövzunu bir ay əvvəl yazmışıq, Google-də axtarış ver, çıxacaq. Televizyonçu qardaş bir az pərt olan kimi oldu.

20-30 il əvvəl bu sensasiya yarışmasına dair bir yumerosko vardı. Kriminal xəbərlərin rekordlar qırdığı illərdə bir qəzet baş redaktoru reportyordan tələb edir ki, günə bir qətl, bir zorlama, bir qarət, bir soyğun xəbəri verməlisən. Reportyor deyir, birdən zorlama hadisəsi olmadı, onda nə edim. Tələbkar baş redaktor yumşalmır: “Bilmirəm, get özün kimisə zorla, xəbər mütləq olsun”.

Molla ilə polisin lətifəsini, yəqin, bilirsiniz. Bir molla ilə bir polis küçədə söhbət edirmişlər, bir də görürlər ki, 20-30 metr aralıda iki gənc dalaşır, artıq ciblərindən bıçaq da çıxarıblar. Polis dərhal qovğaya müdaxilə etmək istəyir, molla onu saxlayır, deyir, bircə dəqiqə səbr et. O bir dəqiqənin içində gənclərdən biri o birini bıçaqlayıb öldürür. Molla polisin qolunu buraxıb deyir, indi sən get qatili tut, mən də ölünü götürüm.

Belə çıxır ki, bu lətifəyə artıq bir personaj da əlavə etmək lazımdır. Jurnalist bıçaqlaşan gənclərə yaxınlaşır, kamerasını qoyub davanı çəkir, bıçaqlaşma olayı bitəndən sonra polislə mollanı çağırır ki, gəlin, işinizi görün. Ardınca polis bölməsinə gedir, qətlin təfərrüatlarını öyrənib telefonla redaksiyaya məlumat verir, daha sonra yas yerinə gedib reportaj hazırlayır.

korpe.JPG (34 KB)

İnternet resurslarında bir məşhur foto dolaşır: Afrikada acından ölən, can üstə olan bir körpə və onun ölümünü gözləyən quzğun... Bu şəklin müəllifi foto müsabiqələrinin qalibi olub, böyük mükafat alıb, amma aldığı mükafatı ona haram ediblər, hara gedirmişsə, deyirmişlər, alçaq, o fotonu çəkənə qədər, o körpəni xilas edə bilməzdinmi, yerdən bir daş götürüb o quzğuna atardın, uçub rədd olardı, uşağı da xəstəxanaya aparardın. Adama o qədər pisikdiriblər ki, axırda intihar edib.

Dediyim odur ki, bizim işimiz öz fəaliyyətimizlə insanların problemlərinin həllinə, həyatlarının bir düzənə düşməsinə, xalqın maariflənməsinə, cəmiyyətin potensial təhlükələrdən sovuşmasına (və s. və i.a.) yardımçı olmaqdır, insanlara problem yaratmaq, onların şəxsi həyatına burun soxmaq, şübhəli şəxs qismində saxlananları artıq təqsiri sübut olunmuş cani kimi təqdim etmək, qaşınmayan yerdən qan çıxarmaq (və s. və i.a.) deyil.

Yenə də özünüz bilərsiniz, əziz həmkarlar. Bildiyiniz kimi çalışın, amma bir gün bütün qapıların üzümüzə bağlanacağı ehtimalı üzərində də düşünün.

P.S. Yazının başlığı da saytlardakı trend başlıqlardan əxz edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR