Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Ermənistan hakimiyyətinin müxalifətə qarşı təzyiqləri artırdığını iddia edib.
Musavat.com xəbər verir ki, Medvedyev Ermənistan Baş Prokurorluğunun parlament deputatlığına namizəd, "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qaqik Sarukyanın deputat toxunulmazlığının ləğvi ilə bağlı vəsatətinə münasibət bildirib.
Onun sözlərinə görə, bu addım hakimiyyət üçün arzuolunmaz hesab edilən müxalif siyasətçilərə qarşı repressiyaların yeni mərhələsidir.
"Biz bunu hakimiyyətin xoşuna gəlməyən müxalifət nümayəndələrinə qarşı repressiyaların yeni mərhələsi kimi qiymətləndiririk", - deyə Medvedyev bildirib.
O iddia edib ki, Ermənistanda seçkilər zamanı inzibati resurslardan geniş istifadə olunub və müxalifətə qarşı hücumlar təşkil edilib.
Dmitri Medvedyevin fikrincə, bu, Ermənistan hakimiyyətinin demokratiyanın qorunması ilə bağlı bəyanatlarıyla ziddiyyət təşkil edir.
Rusiya rəsmisi həmçinin Qərbi Ermənistanın daxili işlərinə müdaxilə etməkdə ittiham edib. Onun sözlərinə görə, Qərb ölkələri seçki kampaniyasına görünməmiş şəkildə təsir göstərib və "neokolonial yanaşma" ilə Ermənistan dövlət aparatını faktiki olaraq öz nəzarətinə götürüblər.
Musavat.com






