İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Ekspert anons verdi: qısa zamanda TƏSLİM olacaqlar!

2467 23.04.2023 12:25 Qarabağ xəbərləri A A

“Müdafiə Nazirliyinin Ermənistandan Qarabağa yeni keçid yollarının axtarışına cəhdlə bağlı yaydığı məlumat Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulmasının zəruriliyini növbəti dəfə gündəmə gətirdi. Separatçıların bu cəhdi artıq Azərbaycan ordusunun nəzarətinə düşüb və bu o deməkdir ki, qarşısı alınacaq”.

Bu sözləri Musavat.com-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

15dc280e9741fd4d708eb1ffec16302a.jpg (134 KB)

Siyasi şərhçi vurğulayıb ki, bu, problemin tamamilə həlli də demək deyil:

“Çünki bundan öncə torpaq yollar nəzarətə götürüldü, beləliklə, separatçıların xarici aləmlə nəzarətsiz bağlantıları aradan qalxdı. Belə halda onlar Bakının reinteqrasiya təklifini qəbul etməli idilər, lakin bundan imtina etmələri onları yeni çıxışlar axtarmağa da vadar edir, əks təqdirdə, qısa zamanda təslim olmalı olacaqlar. Azərbaycan ordusu separatçıların açdığı yeni keçidləri bağlayacaq, amma onlar yenə eyni cəhdlərə davam edəcək. İki məsələ - Ermənistanla sərhəd tamamilə nəzarətə götürülmədiyi və Laçın yolunda nəzarət keçid-məntəqəsi qurulmadığı müddətdə problemin həll edildiyini demək çətindir”.

Ekspert qeyd edib ki, Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulmasında əsas maneə Rusiyadır:

“ABŞ bu məsələni dəstəkləyir, Ermənistan hakimiyyəti də əslində bunun olmasında maraqlıdır. Çünki Azərbaycan Laçın və Zəngəzur dəhlizlərinin eyni rejimlə işləməsi tələbini irəli sürüb. Bu, hər iki halda prosesdən nəticə əldə etməyə hesablanmış diplomatik gedişdir: Rusiyanın vasitəçilik etdiyi razılaşmalar icra ediləcəksə, Zəngəzurdan maneəsiz keçid, yəni dəhliz əldə edəcəyik, bölgədə Qərbin rolu həlledici olarsa, Laçın dəhlizinə nəzarət-keçid məntəqəsi quracağıq. Zəngəzur dəhlizində rus hərbçilərinin dayanmasını istəməyən ABŞ hər iki dəhlizin – Laçın və Zəngəzurun “yol məntiqi” ilə işləməsində, yəni keçid məntəqələrinin qurulmasında maraqlıdır. Ermənistan hakimiyyəti də bunu istəyir, o baxımdan, Bakının Laçın yolunda bunu tətbiq etməsi prosesi onların istəyi istiqamətinə yönəldəcək. Rusiyanın qarşı çıxdığı məsələ də budur. Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması onların Zəngəzur dəhlizinə praktiki nəzarət planını sıradan çıxarır, ümumilikdə vasitəçilik etdikləri razılaşmaların icrasını arxa plana keçirir və Moskvanın bölgədəki təsir rıçaqlarına zərbə vurur. Bu baxımdan, rusların buna imkan verəcəyi ehtimalı azdır”.

bc3eea1b-23fb-333d-b174-eeb352a82869_850.jpg (114 KB)

Asif Nərimanlı xatırladıb ki, Azərbaycan Rusiya amilindən yan keçməklə Laçın yoluna nəzarətlə bağlı gediş etdi:

“Bu, postun Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin başlanğıcında qurulmasıdır. Bakının gündəmə gətirdiyi bu məsələ Rusiya maneəsini aşaraq, problemi həll etməkdir. Bunun üçün Azərbaycan-Ermənistan sərhədi müəyyən edilməli və sərhəd boyunca nəzarət-keçid məntəqələri qurulmalıdır, bu məntəqələrdən biri də Laçın yolunun başlanğıcında olmalıdır. Bunun nə vaxt reallaşa biləcəyini demək çətin olsa da, rəsmi Bakının məsələnin üzərində ciddi şəkildə işlədiyi görünür və ümumilikdə Qarabağda baş verən son proseslər, eləcə də Qarabağla bağlı proseslər bunun çox da uzaqda olmadığına inam yaradır.

Burada proseslərin inkişafının dəyişə biləcəyi də istisna edilməməlidir. Rusiya bölgədə təsir rıçaqlarını ciddi şəkildə itirdiyini görsə, Qərbin vasitəçiliyini arxa plana keçirmək üçün Laçın yoluna nəzarət-keçid məntəqəsinin qurulmasına razı ola, Zəngəzur dəhlizində isə bütün tərəfləri qane edə biləcək təklif irəli sürə bilər. Bu da mümkün versiyalardan biridir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR