İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbrizli qızın triumfu – Romina özünü milliyyətcə kim sayır...

5573 20.10.2022 17:07 Yazarlar A A

 

26 yaşlı qızın İsveçdə ekologiya naziri təyin edilməsi, əsliində, dünya miqyasında diqqətçəkən, qəzet və saytlara xəbər olan hadisədir. Çünki ən demokratik ölkələrdə belə o yaşda gənc xanıma yüksək dövlət vəzifəsini hər gün vermirlər, 10 ildən bir olur, ya olmur.

Bu təyinat bizim üçün ona görə əlamətdardır ki, Romina Purmuxtari əslən təbrizlidir, atasının Azərbaycan türkü olduğu, İsveçə milli fəal olaraq məruz qaldığı təqibə görə sığındığı bildirilir. Ancaq bu, hələ mübahisəli məsələdir. İsveçdə doğulub, Stokholmda böyüyəyən Romina özünü fars əsilli sayır, həm fars, həm də azəri (belə deyir) qohumları olduğunu bildirir. Ola bilər, onun atası türk olsa da, anası farsdır. Ya da əksinə.

310742460_408446961488020_1565974786577883016_n.jpg (71 KB)

Əslən bizə yaxın məkandan olan bir qızın uzaq bir ölkədə, qürbətdə, həm də o qədər gənc yaşda yüksək posta layiq görülməsi, söz yox, onun potensialından, normal cəmiyyətə adaptasiya olmaq qabiliyyətindən, istedadından xəbər verir.

Əgər Romina istedadlı, savadlı, fəal, prinsipial bir kadr olmasaydı, ona o boyda vəzifə verməzdilər. Bu qızın ölkəmizdəki yaşıdları universitetdən məzun olduqdan sonra dövlət qulluğuna imtahanı uğurla versələr, müsahibə mərhələsindən keçə bilsələr, bir vəzifəli şəxs tərəfindən tapşırılsalar, sıradan bir dövlət strukturunda ən aşağı pillədən bir iş tapa bilərlər. (Valideynləri hesabına sürətli karyera quran balalar istisnadır).

Xanım Purmuxtarinin bu nailiyyəti təkcə özünün qabiliyyət və fərasətinin məhsulu deyil, eyni zamanda İsveç dövlətinin istedadlı adamlara irqindən, cinsindən, milliyyətindən, yaşından asılı olmayaraq qapı açmasının üzündəndir. Rominanın önündə birdən-birə 4 baryer olub, amma o, hamısının fövqünə keçib.

Bu qız nə qədər bizdən olsa da, İsveç dövlətinin vətəndaşıdır, o xalqın övladıdır. Ona görə də birmənalı olaraq bu qənaətə gəlmək olar ki, Romina Pirmuxtari vəzifə başında olduğu müddətdə yalnız və yalnız İsveç dövlətinin maraqlarını qoruyacaq, İsveç xalqının mənafeyi üçün işləyəcək.

112.JPG (53 KB)

Əlbəttə, onun yerində erməni millətindən biri olsaydı, çox keçməzdi ki, ana vətəninə faydalı olmağa çalışar, qulluq mövqeyindən həm İsveçdə yaşayan ermənilərin xeyrinə, həm də Ermənistanın nəfinə istifadə edərdi. Bu, ermənilərin xarakterik cəhətidir.

R.Purmuxtaridən isə bunu gözləmək olmaz. Birinci səbəb odur ki, onu atasının vətəni olan İrana acı xatirələrdən başqa heç nə bağlamır, Azərbaycan isə ondan ötrü başqa bir ölkədir. İkinci səbəb də odur ki, başqa millətlərdə, o cümlədən bizdə həmin səciyyəvi xüsusiyyət inkişaf etməyib.

İsveçdə yaşayan dostlar məlumat verirlər ki, vaxtilə İrandan İsveçə köçmüş adamlar da hazırda R.Purmuxtari ilə fəxr edir, onun və başqa bir əslən iranlı olan şəxsin İsveçdə nazir postuna təyin edilməsini “iki iranlı nazir oldu” deyə təqdim edirlər. (İsveçin mədəniyyət naziri Perisa Lilijestirand da əslən iranlıdır).

oarisa.JPG (30 KB)

Ancaq bir də ona baxaq ki, “irəli çəkilmiş” şəxslərin öz vətənlərində yox, İsveçdə nə işləri vardı?

Raminanın iki il əvvəl xərçəng xəstəliyindən vəfat etmiş atası da başqa iranlı mühacirlər kimi canını İrandakı molla rejiminin dar ağacından, zindanından birtəhər qurtarıb qürbətə pənah aparmış siyasi fəallardandır. İranda qalsalar, onlar ya edam olunacaqdılar, ya da zəlil gündə yaşayacaqdılar. Heç kəs nə onlara, nə də övladlarına vəzifə verməyəcəkdi.

Rominanın özü isə İranda yaşasaydı, indi, şübhəsiz ki, etiraz aksiyalarına qoşulan və güllə yarası alanlardan biri olacaqdı. Olmasaydı da, kim idi 26 yaşlı qıza hər hansı bir dövlət vəzifəsi verən? Bu, heç cür mümkün ola bilməzdi.

55.jpg (55 KB)

Bu baxımdan bu qız özünün dünyagörüşü, savadı, təhsili, karyerası üçün İsveçə, onun qanunlarına, dövlətin ədalətlə idarə edilməsi ənənələrinə borcludur.

İsveçdə əslən İrandan olan mühacirlər çoxdur və istənilən sektorda önəmli mövqedədirlər, üstəlik, yaxşı təhsil alır və fəallıq edirlər. Ona görə də onların birinin və ya bir neçəsinin bir yerlərə gəlməsi təsadüfi deyil. Fəqət onların belə bir ümumi cəhəti də var ki, çoxu özünü Azərbaycan türkü yox, iranlı sayır, elə də adlandırırlar.

Bu şimal ölkəsində Azərbaycandan gedən soydaşlarımız da var. Onlar da yavaş-yavaş İsveçin istedadlara, qabiliyyətli adamlara açılan qapılarının astanasına gəliblər. Bir gün onların da xoş soraqlarını eşidəcəyik.

P.S. Dünən Romina Purmuxtarinin rəhbərlik edəcəyi nazirlik ləğv olunaraq Energetika nazirliyinin tərkibində idarəyə çevrilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR