İnsanlara hürriyət, millətlərə istiqlal!

Taxıl sazişinin müddəti bitdi - kasıb ölkələri nə gözləyir?

484 18.07.2023 09:28 Siyasət A A

Rusiyanın bu addımı bir neçə məqsədə xidmət edir; BMT-nin hesablamalarına əsasən, ölkə ayda 500 milyon dollara yaxın ixrac gəlirindən məhrum olur

İyulun 17-də BMT, Türkiyə, Rusiya və Ukrayna arasında 2022-ci ildə İstanbulda Türkiyənin aktiv vasitəçiliyi ilə əldə olunmuş “Taxıl sazişi”nin müddəti bitdi. Xatırladaq ki, 2022-ci ilin 22 iyulundan qüvvəyə minən saziş Ukraynanın Odessa, Cənub və Nikolayev limanlarından dünya bazarına kənd təsərrüfatı məhsullarının idxalını nəzərdə tuturdu. İlk olaraq 120 gün müddətinə hesablanan sazişin müddəti sonra daha 2 dəfə artırılıb. Sonuncu dəfə aprel ayında onun müddəti 60 gün artırılmışdı ki, onun da son tarixi 17 iyula təsadüf edirdi

Dünən - iyulun 17-də Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov  bildirib ki, “Taxıl sazişi” ilə bağlı razılaşmalar faktiki olaraq dayandırılıb. Onun sözlərinə görə, sazişin Rusiya ilə bağlı hissəsi həyata keçirilən kimi Moskva dərhal "Taxıl sazişi"nə qayıdacaq.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Moskva Rusiyanın sazişdə iştirakını dayandırması barədə  Ankara, Kiyev və BMT katibliyini rəsmən məlumatlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin “Taxıl sazişi”nin dayandırılması ilə bağlı bəyanatında isə bildirilib ki, Rusiya Qara dənizin şimal-qərbində gəmi nəqliyyatının təhlükəsizliyinə verdiyi zəmanətləri geri götürür. Nazirliyin açıqlamasında qeyd olunur ki, Qara Dəniz Humanitar Dəhlizi məhdudlaşdırılır, müvəqqəti təhlükəli ərazi rejimi bərpa olunur: “İstanbul razılaşmalarının həyata keçirilməsində açıq təxribatların baş verdiyi bu şəraitdə "Qara dəniz təşəbbüsü"nün davam etdirilməsi mənasını itirir. Moskva yalnız Rusiya qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı konkret nəticələr əldə etdikdə sazişin bərpası məsələsini nəzərdən keçirməyə hazır olacaq".

Fars körfəzi ölkələrinə 3 günlük səfərə çıxan Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Rusiyanın sazişdə iştirakını dayandırmasını dəyərləndirib. O bildirib ki, bir il müddətində icra olunan "Taxıl sazişi" tarixə diplomatik qələbə kimi düşüb: "Biz son dəqiqəyə qədər "Taxıl sazişi"ni xilas etmək üçün diplomatik səylər göstərdik. Bu sazişin icrası nəticəsində 33 milyon tondan yuxarı kənd təsərrüfatı məhsulunun dünya bazarına ixracı mümkün oldu. Bunun nəticəsində qlobal ərzaq böhranının qarşısı alındı".

bAvropa Komissiyasının Prezidenti Ursula von der Leyen Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən geri çəkilməsini pisləyib. Bu barədə o, Twitter hesabında yazıb: “BMT və Türkiyənin səylərinə baxmayaraq, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünü dayandırmaq üçün kinli addımını şiddətlə qınayıram. Aİ dünyanın həssas ölkələri üçün ərzaq təhlükəsizliyini təmin etmək istiqamətində çalışır”.

Ursula von der Leyen qeyd edib ki, Avropa İttifaqı kənd təsərrüfatı məhsullarını Ukraynadan qlobal bazarlara çıxarmağa davam edəcək.

Bazar günü - iyulun 16-da Odessa limanından taxıl sazişi çərçivəsində sonuncu yük gəmisi çıxıb. Gəmi 15 ton raps, 23,5 ton qarğıdalını Niderlanda aparırdı. Ümumilikdə sazişin qüvvədə olduğu müddətdə 32,8 milyon ton taxıl daşınıb. Bu məhsulların dəyəri 16 milyard dollar təşkil edib. Saziş çərçivəsində daşınan məhsulların 7,9 milyon tonu Çinə, 5,9 milyon tonu İspaniyaya, 3,2 milyon tonu Türkiyəyə, 2 milyon tonu İtaliyaya,1,92 milyon tonu Niderlanda, 1,5 milyon tonu Misirə, 1 milyon tonu Banqladeşə, 0,87 milyon tonu İsrailə, 0,71 milyon  toni Tunisə, 0,7 milyon tonu Portuqaliyaya çatıb. İxrac olunan məhsulların 51 faizini qarğıdalı təşkil edib.

Rusiya sazişin müddətini uzatmamaq üçün bir sıra əlavə tələblər irəli sürüb. Ötən il saziş qüvvəyə minərkən Rusiya onun taxıl və gübrəsinin ixracına maneələrin aradan qaldırılmasını tələb edirdi. Ərzaq məhsullarının ixracı Qərb tərəfindən heç vaxt sanksiya obyekti olmayıb. Buna görə də Rusiyanın tələbinin gübrələrlə bağlı hissəsinə gəlincə, ABŞ və Avropa İttifaqı sanksiyalarda Rusiya gübrəsinin ixracına maneə olan müddəaları dayandırdılar.

Taxıl Sazişi: Hansı məhsullar ixrac edilib, ən çox hansı ölkələr alıb? -  SİYAHI

Bu ilin aprelinə qədər Rusiya tərəfi Ukraynanın Odessa limanı ilə amiyakın ixracında təkid etmirdi. Lakin apreldən etibarən bu maddənin üzərində xüsusi dayanmağa başladılar. Hansı ki, Moskvada bu tələbin Ukrayna tərəfindən icra olunmayacağını yaxşı bilirdilər. İyunun əvvəlində Rusiya-Ukrayna sərhədində amiyak nəql olunan boru sistemi partladılaraq tamamilə sıradan çıxarıldı. Ukrayna bunun Rusiyanın "Taxıl sazişi"nin müddətini uzatmamaq istəyi ilə Moskva tərəfindən edildiyini elan etdi. Rusiya isə əksinə, boruların  rəsmi Kiyev tərəfindən partladıldığını bildirir. Bundan əlavə, Moskva “Rosselxozban”ın SWIFT sisteminə qaytarılması, kənd təsərrüfatında istifadə olunan texnika və texnologiyaların Rusiyaya ixracına qoyulan qadağanın götürülməsi kimi tələblər də irəli sürdü. Avropa İttifaqı birinci tələbi qəbul etsə də, ikincini etmədi: kənd təsərrüfatı texnika və texnologiyalarının mühüm hissəsinin hərbi sənayedə istifadə olunması mümkündür. Buna görə də Qərb həmin texnologiyaları Rusiyaya vermək niyyətində deyil.

Rusiyanın belə tələblərinin arxasında dayanan əsas məqsəd sazişin dayandırılması idi. Burada da Moskvanın bir neçə hədəfi var: əvvəla, Ukraynanı az da olsa, gəlir mənbəyindən məhrum etmək. Məlumdur ki, Şərqi Avropa ölkələri Ukrayna kənd təsərrüfatı məhsullarının öz ərazilərinə idxalına qadağa qoyublar. Onlar yalnız həmin məhsulların tranzit daşınmasına şərait yaradırlar. Digər tərəfdən, Dunay çayı boyunca yerləşən limanların ötürücülük gücü Qara dənizlə müqayisədə qat-qat aşağıdır, onlarla ixrac dəniz limanları ilə ixracı əvəz edə bilməz. Dəhlizlə ixrac olmasa, Ukraynanın ixrac gəlirləri də azalacaq. BMT-nin hesablamalarına əsasən, ölkə ayda 500 milyon dollara yaxın ixrac gəlirindən məhrum olur.

İkinci bir məqam Rusiyanın öz aqrar məhsullarına bazarda rahat şərtlər təmin etmək istəyidir. Belə ki, Ukrayna taxılının çatmadığı bütün bazarları ötən il Rusiya ələ keçirib.

Oxu.az - Peskov “Taxıl sazişi”nə xitam verildiyini açıqlayıb

Ötən ildən Rusiyada un istehsalı kəskin artıb: Ukraynanın un sata bilmədiyi əksər bazarlara Rusiyanın məhsulları daxil olub. 2022-ci ildə Rusiya həmin bazarlar hesabına un ixracını 3,5 dəfə artırıb - 261 min tondan 881 min tona. İlk dəfə olaraq Rusiya Misir, Uqanda, Seneqal, Şri-Lanka kimi ölkələrə un ixrac edib - onların hamısı unu Ukraynadan alırdılar.

Ukraynanın ixrac bazarı olan ölkələr hesabına 2022-2023-cü aqrar ilində Rusiya 2021-ci ildəkindən əhəmiyyətli dərəcədə çox - 47 milyon ton buğda ixrac edib.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi 2023-2024-cü il mövsümündə ölkədə 123 milyon ton taxıl istehsal olunacağı, bunun 55-60 milyon tonunun ixraca yönəldiləcəyini gözləyir. Ötən mövsümdən qalan rekord ehtiyatları da nəzərə alsaq, Rusiyanın Ukraynadan taxıl ixracına məhz öz məhsuluna bazar açmaq üçün maneə yaratmaq istədiyini rahatlıqla söyləyə bilərik.

Beynəlxalq Taxıl Şurasının (BTŞ) hesablamalarına əsasən, bu mövsümdə (iyun 2023- iyun 2024) dünyada 786,7 milyon ton buğda toplanacaq. Bunun 83,6 milyon tonu Rusiyada istehsal olunacaq. Ötən mövsümdən qalan çoxlu ehtiyatlar imkan verəcək ki, Rusiya yeni mövsümdə 44,7 milyon ton buğda ixrac etsin.

Buğda bazarında Rusiyanın ən yaxın rəqibi olan Avropa Birliyi 100 min ton az - 36,2 milyon ton buğda ixrac edə biləcək. Birliyin ümumi taxıl məhsulları ixracı proqnozu 50,6 milyon tondan 50,4 milyon tona endirilib.

Xatırladaq ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyi bu mövsümdə ölkədə ümumi taxıl istehsalını 123 milyon ton həcmində gözləyir. Bunun 78 milyon tonunu buğda təşkil edəcək. Nazirliyə görə, mövsüm ərzində 50-55 milyon ton taxıl ixraca yönəldiləcək.

Nazirlik bəyan edib ki, ötən mövsümdə Rusiya 53 milyon ton buğda ixrac edib. Bu, əvvəlki mövsümdə reallaşan ixrac həcmindən 1,5 dəfə çoxdur. Ümumi taxıl məhsullarının ixracı 61,8 milyon ton olub ki, bu da əvvəlki ildəkindən 45 faiz çoxdur.

Rusiya məhsulunun əsas alıcıları məhz Ukraynanın ənənəvi satış bazarları olan ölkələrdir: Misir 11,9 milyon ton, Türkiyə 10,2 milyon ton, Əlcəzair 3,26 milyon ton, Səudiyyə Ərəbistanı 3,14 milyon ton və sair.

Göründüyü kimi, Ukrayna buğdasının dünya bazarına yolunun bağlanması, yaxud məhdudlaşması Rusiya üçün çox əlverişli şərtlər formalaşdırır. İndi Rusiya şərtləri özü üçün daha əlverişli etməyə çalışır. Belə ki, 2022-ci ilin iyulundan bəri "Taxıl sazişi"nin fəaliyyəti nəticəsində buğdanın dünya bazar qiyməti 30 faizədək ucuzlaşıb. Bu zaman Rusiya buğdası daha çox - 42 faiz ucuzlaşaraq 1 ton üçün 230-235 dollar olub. Əvvəl Fransa buğdasından 20 dollar baha olan Rusiya buğdası indi ondan 34 dollar ucuza təklif olunur.

Qərbin sanksiyaları üzündən neft-qaz gəlirlərinin mühüm hissəsindən məhrum olan Rusiya digər məhsulların ixracından gəlirini artırmağa çalışır. Ukrayna taxılının dünya bazarına yolunun bağlanması isə bunun üçün çox əlverişlidir. Rusiyanın qərarı elan olunduğu 17 iyul tarixində bir neçə saat ərzində Çikaqo birjasında buğdanın sentyabr fyuçersləri üzrə 1 buşel buğdanın qiyməti 3,37 faiz artaraq 6,84 dollara çatıb. Qarğıdalının dekabr fyuçersləri üzrə qiymətlər isə 2,31 faiz artaraq 5,26 dollar olub.

Rusiya bu il həmçinin Ukraynadan ilhaq etdiyi ərazilərin taxılını da öz məhsulu kimi dünya bazarına çıxarmaq niyyətindədir. Bu barədə kənd təsərrüfatı naziri Dmitri Patruşev açıqlama verib. Onun dediyinə görə, bu mövsümdə “yeni ərazilər” də daxil olmaqla əkin sahələri 85 milyon hektardan çoxdur.

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, öz məhsullarını ixrac etmək üçün yeni plan üzərində işləyirlər.

Dünya SAKİT,
“Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR