İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarasovun taraz təsbiti – İranın Zəngəzur avantürası nə ilə nəticələnə bilər?

5330 14.10.2022 12:21 Yazarlar A A

Cənubi Qafqaz elə bir yerdir ki, bu geosiyasi məkanda yerləşən kiçik dövlətlər ya həmişə ətrafdakı böyük dövlətlərin müstəmləkəsi olublar, ya da müstəqil olsalar da, mütləq imperiyaların iradəsi ilə hesablaşmağa məcbur qalıblar.

Budur, 2022-ci ilin bu vədəsində yenə elədir. Müharibə vəziyyətində olan iki Qafqaz ölkəsi arasında, nəhayət, sülh sazişi imzalanmalıdır, kommunikasiya bərpa edilməlidir, ərazi mübahisələri həll olunmalıdır, amma “böyüklər” imkan vermir.

Rusiyanın öz tələbləri var, İran öz şərtlərini diktə edir, ABŞ və Fransa münaqişənin həllini başqa cür görür, Türkiyə təklənmiş Azərbaycana himayədarlıq etmək istəyir və s.

Münaqişənin ətrafında gedən mənafelər savaşı artıq absurda gedir. Bütün bunlar böyük dövlətlərin özlərini güclü, Qafqazın kiçik dövlətlərini isə zəif saymaları üzündəndir. Zəifsənsə, onlar deyən kimi olmalısan – tələb budur.

f5f7c788e6003e_5f7c788e60084-1665654123.jpg (311 KB)

Bu günlərdə Ermənistan mətbuatına açıqlama verən rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov deyib ki, rəsmi Tehran Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişini tanımaya bilər və bunun fəsadları yaranacaq, çünki İran hətta bölgəyə qoşun yeritməyə də hazırdır.

Adam bu sözü havayı yerdən demir və bu təkcə onun gümanı, qənaəti deyil. Ortada İran rəsmilərinin ard-arda öz niyyətlərinə dair verdikləri açıqlamalar və hərəkətlər var. Neçə vaxtdır İran öz hərbi qüvvələrini Zəngəzurla sərhəd bölgəyə cəmləməkdədir, orada “hərbi təlim” keçirməyi planlaşdırır.

Hamı böyük dövlətlərin öz geniş ərazisini və çoxsaylı hərbi poliqonlarını qoyaraq gəlib ölkənin ucqarında, özü də xüsusi maraq dairəsinə saldığı qonşunun qulağının dibində keçirdiyi “hərbi təlimlər”in məram və məqsədini aydın başa düşür. Ölkə xaricində əməliyyat keçirməyə hazırlaşmağın, qonşuya hədə-qorxu gəlməyin, başqalarına güc göstərməyin adını müasir dövrdə “hərbi təlim” qoyurlar.

İran neçə vaxtdır belə hərəkətlər edir və bunu artıq Tarasov da görür, deyir.

sdfsd-1662541708.jpg (38 KB)

Durumun absurdluğu ondadır ki, iki dövlət öz aralarında sülhə gələrsə, üçüncü dövlət “sülh sazişini tanımaya bilər”. Ermənistan ərazisindən Naxçıvana və oradan da Türkiyəyə keçəcək dəhlizin, yolun İrana istisi-soyuğu yoxdur. SSRİ dövründə bu istiqamətdə magistral şosse də olub, dəmir yol xətti də intensiv işləyib və Araz çayı boyunca uzanan sərhəd xəttinin o tayındakı İran bu kommunikasiya xəttinə heç bir irad bildirməyib.

İndi nə dəyişib? Azərbaycan və Ermənistan müstəqil dövlətlər olub deyə İranın bölgədə hansısa haqqı əmələ gəlib? Bu dövlətlər öz aralarından keçən yol və dəhlizi nədən məhz qonşularla razılaşdırmalıdır?

İlk baxışdan gerçəkdən də məntiqsiz mövqedir. Hətta hansısa məntiq varsa da, haqsız, qanunsuz mövqedir. O dəhliz İrana mane olmur, hətta o özü də bu dəhlizə qoşula və ondan yararlana bilər. Amma rəsmi Tehranın əsas məqsədi məhz Türkiyə ilə Azərbaycanın kəsə və quru yolla birləşməsinə mane olmaqdır və bu niyyət artıq regionda heç kəs üçün sirr deyil.

Zəngəzura əl və dil uzatmaq haqqını İrana yalnız və yalnız Ermənistan verir. Ermənistan ictimaiyyəti və siyasi qüvvələri (kiçik istisna ilə) yekdilliklə “Zəngəzur dəhlizi”nə qarşıdır və bu məsələdə İranı özlərinə təbii müttəfiq sayırlar. Ancaq bu dəhliz Rusiya və Türkiyə, eləcə də Azərbaycan üçün strateji əhəmiyyət daşıyır, ona görə də maraqların Zəngəzurda toqquşması qaçılmaz olacaq.

Meghri_District_(1989).png (323 KB)

Prinsipcə, İran Zəngəzura, Ermənistanın Mehri rayonuna qoşun yeridə bilər. Ermənistan buna etiraz etməyəcək, etsə də, bu, riyakarlıqdan başqa bir şey olmayacaq.

Bəs Rusiya və Türkiyə bu halda nə edəcək? Kreml bütün postsovet məkanını (Baltikyanı ölkələr xaric) özünün toxunulmaz “arxa bağçası” sayır və məkanda hansısa haqları olduğunu düşünür, üstəlik, Ermənistanda hərbi bazası var. Türkiyə isə İranın bu hərəkətini Azərbaycana və Orta Asiya respublikalarına yolunun kəsilməsi kimi anlayacaq.

İranla düşmənçilik münasibətində olan ABŞ və bəzi qüdrətli Avropa ölkələrinin müdaxiləyə münasibəti isə heç xoş olmayacaq, intervensiya və “Ermənistanın satqınlığı” kimi qəbul ediləcək. Ermənistan Qərbin gözündə İranın satelliti kimi görünməmək üçün islam respublikasının Zəngəzura müdaxiləsinə qarşı çıxmalı olacaq – bu müdaxilə “Turan yolu”nun qapanması baxımından ona nə qədər sərfəli olsa da.

Göründüyü kimi, İran rəhbərləri “Zəngəzur dəhlizi” layihəsinə israrlı şəkildə qarşı çıxsalar da, bölgəyə hər hansı bir hərbi müdaxilə onun təklənməsi və “vurulması” ilə nəticələnəcək. Bu üzdən yəqin ki, rəsmi Tehran bu məsələdə sona qədər təmkinli olmağı üstün tutacaq.

Zəngəzur bölgəsi ətrafında yarana biləcək münaqişənin başlamamış bitməsi isə daha çox Ermənistandan asılıdır. 1-ci dünya müharibəsində xeyli itkilər verərək, böyük cinayətlər törədərək güc-bəlayla kiçik bir dövlət təsis etmiş erməni milləti, nəhayət, hegemon dövlətlərin maşası olmaqdan qurtulmalı, öz xeyrinin-şərinin haradan qaynaqlandığını düzgün anlamalı və qonşuları ilə dinc, yanaşı yaşamağın yolunu tapmalıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR