İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanşanı tarmar edən fəlakət – Mao ölən il baş verən zəlzələdə 246 mindən çox adam ölüb

2077 07.02.2023 15:55 Yaxın tarix A A

Çinin Tanşan şəhərinin (Xebey əyaləti) mərkəzində böyük bir memorial kompleks var. Bu kompleksdə “Memorial divar” ziyarət edənlərin diqqətini daha çox cəlb edir. Həmin divara 246 465 nəfərin adı həkk edilib. Onlar 28 iyul 1976-cı ildə baş verən zəlzələnin qurbanı olanların adlarıdır...

Tanşan zəlzələsi dağıntı və insan ölümlərinə görə dünyada baş vermiş ən dəhşətli zəlzələlərdən biridir. Həmin ərəfədə Çin hökumətinin rəsmi məlumatına görə, zəlzələ zamanı ölənlərin sayı 246 465 göstərilsə də, qeyri-rəsmi statistikada bu rəqəm 800 minə yaxındır, bəzi mənbələrdə isə 1 milyondur. Belə ki, Çin rəsmilərinin məlumatında yüz minlərlə insanın “itkin” düşməsi ölüm statistikasına daxil edilməyib.

5000x2951_0xac120003_932324501627483864.jpg (290 KB)

Zəlzələ 28 iyul 1976-cı ildə yerli vaxtla gecə saat 03.42-də başlayıb. Rixter şkalası ilə zəlzələnin ilk təkanları 8.2 bal gücündə olub və 15 saat ərzində təkanlar bir neçə dəfə davam edib. İlk təkanlardan sonra Tanşan şəhərindəki tikililərin 90 faizi yerlə yeksan olub. Zəlzələnin təkanları Tanşandan 140 kilometr məsafədə yerləşən Pekində də dağıntılar törədib. Ümumilikdə Tanşan zəlzələsi zamanı 5 milyondan artıq ev yararsız vəziyyətə düşüb,.

Zəlzələyə qədər Tanşanda 1 milyon 500 min nəfər əhali yaşayıb. Şəhər bir neçə qəsəbəni özünə birləşdirib. Bu qəsəbələrdə əsasən kömür mədənlərində işləyənlər və onların ailə üzvləri yaşayıblar. Tanşanda əhalinin sıxlığı Çinin digər bölgələrindən daha yüksək olub. Məhz həm bu sıxlıq, həm də zəlzələnin gecə ikən, insanların yuxuda olduğu bir vaxtda baş verməsi ölənlərin sayının daha da artmasına səbəb olub.

5000x3294_0xac120003_3980162071627483849.jpg (241 KB)

Növbəti təkanlar yer səthində böyük çatlar yaradıb, bəzi yerlərdə isə bu çatlar aralanaraq təşvişdə olan insanları və xilasediciləri yerin altına aparıb. Tanşanın ən böyük xəstəxanalarının biri və sərnişin qatarı da heç olmamış kimi yerin dibinə gedib.

Yolların və dəmiryolu xəttlərinin dağılması Tanşana köməyə gələnlərin və yardım gətirənlərin/ə şəhərə daxil olmasına imkan verməyib. Digər tərəfdən, Çin hökuməti xarici ölkələrdən kömək və yardımın gəlməsini məqbul saymayıb. Bunun əsas səbəbi isə onların itkilərin sayını gizlətməsində olub. Elə bu səbəbdən də “Qırmızı Xaç” ilkin yardım üçün Tanşana dərman və ərzaq məhsulları gətirə bilməyib. Zəlzələnin fəsadlarının aradan qaldırılmasında əsas qüvvə kimi Çin ordusunun qüvvəsindən istifadə edilib. Şəhərin sağ qalan sakinləri təşviş içində olsalar belə ilk dəqiqələrdən xilasetmə işlərinə qoşulublar.

5000x2727_0xac120003_20308743551627483852.jpg (317 KB)

Qərb mətbuatı bir neçə gündən sonra Tanşan zəlzələsi haqqında sputnikdən çəkilmiş fotoları ictimaiyyətə təqdim edib. Bu fotolardan belə təəssürat yaranıb ki, ümumiyyətlə, nə vaxtsa yer üzündə Tanşan adlı şəhər olmayıb. Şəhər xarabalığa çevrilmiş sahibsiz bir məkanı xatırladıb.

Şahidlərin söylədiklərinə görə, hələ zəlzələdən bir neçə gün əvvəl şəhərdə və şəhər ətrafındakı ev heyvanlarında qeyri-adi hərəkətlər müşahidə olunub. Tanşan seysmik təhlükəli ərazi sayılmadığından heç kimin ağlına gəlməyib ki, bu zəlzələ xəbərdarlığı ola bilər. Belə düşünülüb ki, heyvanlar arasında kütləvi xəstəlik yayılıb və bununla bağlı müvafiq qurumlara çoxsaylı müraciətlər də olub. Ancaq hələ həmin müraciətlərə baxılmamış heyvanların qeyri-adi hərəkətlərinin əsl səbəbi üzə şıxıb.

Eyni zamanda zəlzələdən bir gün əvvəl göydən qeyri-adi uğultu səslərinin eşidilməsi də müşahidə olunub. Amma bu səs də heç kimə zəlzələ xəbərdarlığını anlada bilməyib.

4800x3317_0xac120003_4366318521627483849.jpg (269 KB)

Tanşanın bərpasına və yenidən qurulmasına 10 il vaxt sərf edilib. Əvvəlcə şəhərin ətrafında mikrorayonlar salınıb, sonra tikinti işləri mərkəzdə aparılıb. Tikinti və bərpa işlərində 110 mindən artıq inşaatçı çalışıb, əraziyə minlərlə texnika gətirilib. 10 illik tikinti və bərpa işlərindən sonra Tanşan yeni görkəm alıb. Daha müasir və zəngin infrastruktura malik şəhərə çevrilib. Hətta sonralar BMT Tanşana “Yaşayış şəraitinə görə ən nümunəvi şəhər” mükafatını da təqdim edib.

Şəhərin yenidən qurulması zamanı zəlzələ nəticəsində əlillik qazanan yüz minlərlə insanların sağlamlığının bərpa olunması da ciddi bir məsələ kimi nəzərdə tutulub. Tanşanda çoxsaylı pansionatlar, sanatoriyalar və müalicə müəssisələri də inşa edilib.

4000x2867_0xac120003_8252239901627483857.jpg (192 KB)

Çinlilər 1976-cı ili “şeytan ili” adlandırıblar. Bunun birinci səbəbi zəlzələnin baş verməsi, ikinci səbəbi isə Çin Kommunist Partiyasının daxilindəki baş verən siyasi proseslərlə bağlı olub. Belə ki, Çinin rəhbəri Mao Tzsedun 1976-cı ilin sentybrında vəfat edib. Böyük Mao o dünyaya öz ölkəsini ağ gündə qoyub getməyib. Çinin bütün sahələrindəki dərin böhran, mədəni inqilabdan sonrakı iqtisadi durğunluq, ideoloji xaos, milyonların həyatına son qoyan Mao rejimi çinliləri acınacaqlı vəziyyətə salıb. Tanşan zəlzələsi bu böhranı daha da dərinləşdirib. Ancaq çinlilər gələcəyə ümidlə baxıblar, böhran vəziyyətindən çıxacaqlarına inanıblar və öz istədiklərinə nail olmağı bacarıblar...

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR